Litvanın paytaxtı Vilnyus şəhəri keçmiş SSRİ məkanında yaşamaq üçün ən rahat şəhərdir. Bu barədə Numbeo Tədqiqat Mərkəzinin indeksində bildirilir. Vilnyus şəhəri indeksdəki mümkün 226 şəhər arasında 99-cu yerdədir. Vilnyus hətta Brüssel (111-ci yer), Madrid (112-ci yer), Seul (124-ci yer), Nyu-York (140-cı yer) və London (163-cü yer) kimi şəhərlərdən irəlidədir. Siyahıda ilk yerlərdə müvafiq olaraq Avstraliyanın Kanberra, Hollandiyanın Eydhoven və ABŞ-ın Roli şəhərləridir.
Bu siyahıda Bakı 197-ci yerdədir. Ekspertlər bu indeksi şəhər sakinlərinin alıcılıq qabiliyyəti, ətraf mühitin çirklənmə indeksi, yaşayış minimumu, səhiyyə səviyyəsi, iqlim və yol hərəkəti, eləcə də mənzil qiymətləri və şəhər sakinlərinin gəlirləri arasındakı nisbət əsasında hesablayıb.
Göstəricilər fərqli, lider şəhərlər ondan da fərqli…
“Yeni Müsavat” xatırladır ki, zaman-zaman bu siyahılar yayılır və hər biri digərindən fərqlənir. Siyahının liderləri əsasən Avropa ölkələri olsalar da, postsovet ölkələri də burada yer alır. Ayrı-ayrı illər ərzində hansı ölkələrin bu siyahılara liderlik etdiyinə diqqət yetirək.
2018-ci ilin avqustunda Avstriyanın paytaxtı Vyana Amerikanın “The Economist” jurnalı tərəfindən hər il tərtib edilən yaşamaq üçün ən rahat şəhərlərin reytinqinə başçılıq edib. Şəhərlər səhiyyə, sabitlik, mədəniyyət, təhsil və infrastrukturun inkişafı kimi kateqoriyalara əsasən qiymətləndirilib.
Vyana 100 mümkün baldan 99,1 bal toplayıb. Siyahıda ikinci yerdə Avstraliyanın Melburn şəhəri (98,4 bal), üçüncü yerdə isə Yaponiyanın Osaka şəhəri (97,7 bal) qərarlaşıb. Maraqlıdır ki, Vyana və Kopenhagendən başqa, reytinqin ilk onluğuna daxil olan şəhərlərin hamısı Avstraliya, Kanada və Yaponiyada yerləşir.
Siyahıda dünyanın ən böyük meqapolisləri – Paris, London və Nyu-York müvafiq olaraq 19, 48 və 57-ci yerləri tutub. Bu şəhərlərdə cinayətkarlıq səviyyəsi yüksək olsa da, ictimai nəqliyyat daha çox yüklənsə də, səhiyyə sahəsi yaxşı inkişaf edib, mədəni həyat zəngindir, əməkhaqqı isə yüksəkdir.
Siyahıda MDB məkanından yalnız iki şəhər yer alıb ki, onların da hər ikisi Rusiyadadır. Belə ki, mütəxəssislərə görə, Moskva 6-cı, Sankt-Peterburq isə 54-cü yerə layiqdir. Bakı isə ümumiyyətlə, 100 ən yaşamalı şəhərin yer aldığı siyahıda yer almayıb.
Yaşanmalı ən ucuz şəhərlər – Tunis birinci imiş
2017-ci ildə isə Tunis yaşamaq üçün ən ucuz şəhərin siyahısında birinci olub. Bu reytinqi Almaniyanın yük taksisi xidmətlərini göstərən “Movinga” şirkəti hazırlayıb. Ekspertlər yeni getdiyiniz yerdə birinci aydakı yaşayışınız – mənzil kirayəsi, telefon xidməti, yemək və nəqliyyat xərclərini hesablayıblar.
Beləliklə, Afrikadakı eyniadlı ölkənin paytaxtı olan Tunisdə bu xərclər 398 dollara başa gəlir. İkinci yerdə Hindistanın cənubundakı Banqalor şəhəridir – ora getməyinizə təxminən 422 dollar xərciniz çıxacaq. Ardınca 532 dollardan bir az çox lazım olacaq ölkə Qahirədir. Dördüncü sırada Buxarestdir. Burada birinci ayda yaşamaq 583 dollara başa gəlir. Sonrakı yerdə gələn Kolumbiyanın Medelinu şəhərinə gedişiniz üçün 603,6 dollar lazımdır.
İlk onluğa Bolqarıstanın paytaxtı Sofiya, Kolumbiyanın paytaxtı Boqota, Nigeriyanın paytaxtı Laqos, Riqa və Budapeşt də düşüb.
Siyahıda ümumilikdə 75 yaşayış məntəqəsi var. Sonuncu yerdə Anqolanın paytaxtı Luandadır. Burada birinci ayda yaşamaq üçün 3,3 min dollar xərcləmək lazımdır.
Daha çox lider olan şəhər Melburndur – niyə?
“Economist İntelligence Unit” jurnalı dünyanın ən yaşamalı şəhərlərinin adlarını açıqlayıb. 2017-ci ili əhatə edən “Global Liveability Report” hesabatında bildirilir ki, dünyada ən yaşamalı şəhər Avstraliyanın Melburn şəhəridir. Siyahıda ikinci yerdə Avstriyanın paytaxtı Vyana gəlir. Reytinq cədvəlində sonrakı üç yeri Kanadanın Vankuver, Toronto, Kalqari şəhərləri tutur.
Yaşamaq üçün ən yaxşı şəhərlər cədvəlinin ilk onluğunda sonrakı yerlərdə Avstraliyanın Adelaida və Pert, Yeni Zelandiyanın Oklend şəhərləri, Finlandiyanın paytaxtı Helsinki və Almaniyanın Hamburq şəhəri qərarlaşır.
Yuxarıda da qeyd etdiyimiz kimi, yaşamaq üçün ən yaxşı şəhərlərin siyahısına bir qayda olaraq Avropa şəhərləri başçılıq edib. Avstriyanın paytaxtı Vyana 2016-cı ilin həyat səviyyəsinə əsasən dünyada yaşamaq üçün ən yaxşı şəhər seçilib. “Mercer” şirkətinin araşdırmasına görə, Vyana 230 şəhər arasından seçilib. Siyahıda ilk beşliyə Vyanadan sonra İsveçrənin Sürix, Yeni Zelandiyanın Oklend, Almaniyanın Münhen və Kanadanın Vankuver şəhəri daxil olub. Ümumilikdə, siyahıda ilk 30-luqda yer alan şəhərlərin 7-si Almaniyanın, 5-i Avstraliyanın, 4-ü Kanadanın, 3-ü İsveçrənindir.
Bundan başqa, siyahıda Danimarkanın Kopenhagen, Hollandiyanın Amsterdam, İsveçin Stokholm, Belçikanın Brüssel və Norveçin Oslo şəhəri də yer alıb.
Siyahıda son 5-liyə düşən şəhərlər isə İraqın Bağdad, Sudanın paytaxtı Hartum, Haitinin paytaxtı Port-o-Prens, Yəmənin Səna və Mərkəzi Afrika Respublikasının paytaxtı Banqi şəhəri var.
Seçim zamanı şəhərlərdəki siyasi sabitlik, təhlükəsizlik, bank xidmətləri, mətbuatın vəziyyəti, insan haqlarının vəziyyəti, səhiyyə xidməti, təhsil səviyyəsi, nəqliyyat, əyləncə mərkəzləri, daşınmaz əmlak bazarı, iqlim və təbii fəlakətlər kimi bir çox faktorlar nəzərə alınıb.
Bakının adı siyahıda – həyat səviyyəsi yaxşılaşan şəhər…
“The Economist” məcmuəsi 2016-cı il üçün dünyanın “Ən yaşamalı şəhərləri”nin reytinq cədvəlini və bu barədə hesabatı dərc edib. Hesabatda deyilir ki, dünya şəhərlərinin reytinqini hazırlamaq o qədər də asan deyil, buna görə də məcmuənin araşdırmaçı qolu “The Economist Intelligence Unit” “yaşamalı şəhər” deyilən yeni konsepsiyadan istifadə edib.
“The Economist”in hesabatında qeyd olunur ki, əslində son qiymətləndirmədən, yəni 2011-ci ildən bu yana şəhərlərin reytinq cədvəlində dramatik dəyişiklik baş verməyib. Dünyanın “ən yaşamalı” 10 şəhəri yenə də aşağıdakı kimidir:
Melburn (Avstraliya), Vyana (Avstriya), Vankuver (Kanada), Toronto (Kanada), Kalqari (Kanada), Adelaide (Avstraliya), Pert (Avstraliya), Oklend (Yeni Zelandiya), Helsinki (Finlandiya) və Hamburq (Almaniya).
“The Economist” məcmuəsinin reytinqində Bakı “həyat səviyyəsi yaxşılaşan” 10 şəhərə aid edilib.
Dünyanın “ən az yaşamalı” şəhərləri isə Kiyev, Duala (Kamerun), Harare (Zimbabve), Kəraçi (Pakistan), Əlcəzair, Dəkkə (Banqladeş), Tripoli (Liviya) və Dəməşqdir (Suriya).
Lakin 2016-cı ilin hesabatında Azərbaycanın adı xüsusilə çəkilir. Belə ki, Paytaxt Bakı yaxşılığa doğru dəyişən “yaşamalı şəhərlər” sırasındadır. Son beş ildə Bakının reytinqi 1,6 faiz yaxşılaşıb. Bakının ümumi yeri isə 140 şəhərin arasında 103-cüdür.
Yaşama şəraiti yaxşılaşan şəhərlərin sırasında Bakıdan başqa, Dubay (74), Küveyt (81), Bratislava (63) və Varşava (65) da var.
Hesabatda deyilir ki, şəhərlərin göstəricilərindəki dəyişmələr terror, münaqişə və siyasi sabitsizliyi nümayiş etdirir. Məsələn, son beş ildə həyat səviyyəsi Dəməşq (140) və Kiyevdə (131) 25-26 faiz pisləşib. Moskva (80) və Sankt-Peterburq (76) şəhərləri də pisləşməyə doğru dəyişib.
Əzim Məsimov: “Bakının mərkəzi yaxşıdır, ətrafı isə…”
Bakı Baş Tikinti İdarəsinin keçmiş rəisi, ekspert Əzim Məsimov açıqlamasında Bakının niyə yaşanılacaq şəhərlər siyahısında olmamasına diqqət çəkdi. Müsahibimiz ən son yayılan siyahını yada salaraq dedi ki, əslində Bakı hər zaman postsovet şəhərləri arasında itirilmiş şəhər hesab edilib. Buna səbəb ekoloji baxımdan Bakının problemli şəhər olmasıdır: “Bakı ümumən ağır ekoloji paytaxtdır. Tullantılar arasında olub. Yaşamaq üçün bu faktorlar nəzərdə tutulub. Səhiyyə, ekologiya baxımdan problemlər var və mövqeyimizi qaytarmaq üçün ciddi işlər görülməlidir. Doğrudur, Bakı çox dəyişib, gözəl binalar tikilib, nəqliyyatda xeyli irəliləyişlər var. Böyük kimyəvi komplekslər dayanıb. Bu nöqteyi-nəzərdən həm də Bakının yeni imici haqda ciddi təbliğat getməlidir ki, fikir dəyişsin”.
Müsahibimiz vurğuladı ki, Bakının mərkəzi hissəsi yaxşıdır. Parklar, dənizkənarı bulvarlar şəhərin vizual görüntüsünü gözəlləşdirir. Onun sözlərinə görə, şəhərin kənarlarında isə vəziyyət yaxşı deyil: “Şəhərimizin ərazisinin 3-40 faizi yaxşı vəziyyətdədir. Bakının belə mövqe tutması tamamilə mümkün olandır. Vilnyusu tanıyıram, sakit və təmiz şəhərdir. Sənaye yoxdur, ətrafı meşəliklərdir”.
Ə.Məsimov şəhərin böyük hissəsinin istilik almadığını, fasiləsiz su təminatının aşağı səviyyədə olduğunu, lift təsərrüfatının bərbad vəziyyətdə olduğunu dedi. Onun sözlərinə görə, məhz bu kimi problemləri həll edəndən sonra Bakının yaxın 30 ildə yaşanacaq şəhər olmasına ümid bəsləmək mümkündür.
Sevinc TELMANQIZI