– Qapınıza elçi gəldilər. Xoşbəxt olsunlar…
– Allah hər anaya bu hissləri yaşamağı qismət etsin. Bəli, mənim ilk göz nurum, Aydanıma elçi gəldilər. Allahın izni ilə «hə» mərasimi baş tutdu.
– Həyəcanınızı anlamaq olar. O an nə hisslər yaşadınız?
– İnanın, bu hisslərimi sözlə ifadə etməyə çətinlik çəkirəm. Hər bir ana körpəsinə layla çalanda, gecələr onun başına tumar çəkəndə, böyüdüb həyata hazırlayanda övladının bu gününü arzulayır. Təbii ki, mənim üçün də o anlar unudulmazdı. Çox həyəcanlı idim, sox sevinirdim, duyğularım nə sözlərə sığar, nə kəlmələrə. Mən bir anda onu böyüdənə qədər yaşadığım çətin günlərimi yadıma saldım, şükür etdim bu günümə! Allah hər anaya bu günü qismət etsin.
– Qızınızın nişanlandığı oğlan tanıdığınız ailədir, ya Aydanın seçimi olub?
– Mən bircə onu deyə bilərəm ki, Aydan ağıllı, savadlı və hər addımını ölçüb-biçən qızdı. Seçim onun olub, mən də ailəni tanıdım, min dəfə şükür edirəm ki, belə bir ailə mənim qızıma elçi düşüb. Qızım olduğu üçün demirəm, Aydanı tanıyanlar, elə siz də bilirsiniz ki, Aydan nə qədər ağıllı, tərbiyəli qızdı. Odur ki, onun seçiminə güvənmişəm. Ailəni tanıdıqdan sonra rahatlıqla deyə bilərəm ki, Aydan tərbiyəli bir ailəyə inşallah gəlin köçəcək.
– Toy nə zamana nəzərdə tutulub?
– İnşallah, Allahın izni ilə yaxın müddətdə toy olacaq. Ailəlikcə belə qərara gəldik ki, toyun vaxtını yaxın müddətə müəyyən edək. Odur ki, şou-biznes əhli, mənim yaxınlarım toya indidən hazırlaşsınlar. Allah hamıya bala toyu qismət etsin, qız köçürməyi nəsib etsin. Amin.
Tahirə Məmmədqızı