usaq

Yeddi oğul istərəm, bircə dənə qız gəlin?

Baxış sayı: 1. 611

Azərbaycan ailəsi “Yeddi oğul istərəm, bircə dənə qız gəlin” arzusuna hər il bir az daha yaxınlaşır. Eyni adlı filmin əsas qəhrəmanlarından biri Mirpaşanın dilindən səslənən bu misra hər nə qədər başqa məqsədlə işlənsə də, bir növ həmin dövrdə qız uşaqlarına qarşı ögey münasibətin nümunəsidir. Az qala yarım əsr əvvəl ekranlara çıxmış bu film də eyni şeyi təbliğ etmirdimi? Son illərin demoqrafik statistikası sözügedən deyimi nənə-babalarımızın arzusunun reallığa döndüyünü göstərir. Artıq neçə illərdir ki, Azərbaycanda dünyaya gələn oğlanların sayı qızlara nisbətən çox olur. Təbiətin qanunauyğunluğunun pozulmasına səbəb isə oğlan istəyən ailələrin sayının çox olmasıdır.

 

Ötən ilin yanvar-noyabr aylarında Azərbaycanda 127 681 doğulan körpə qeydə alınıb və bu göstərici əhalinin hər 1000 nəfərinə 14,2 təşkil edib.

Yeni doğulan körpələr arasında oğlan uşaqlarının faiz nisbəti çoxluq təşkil edir. Belə ki, körpələrin 53,4 faizi oğlan, 46,6 faizi isə qız uşaqlarıdır. Artıq bir neçə ildir ki, yeni doğulan körpələr arasında oğlan uşaqları çoxluq təşkil edir.

 

Məsələyə münasibət bildirən Milli Məclisin Səhiyyə komitəsinin sədri Musa Quliyev deyir ki, dünya təcrübəsində oğlan və qız uşaqları arasında faiz nisbəti 49-51 olmalıdır. Deputat qeyd edib ki, Azərbaycanda faiz nisbətində belə fərqlənmə subyektiv amillərin, yəni konkret insan müdaxiləsinin göstəricisidir.

M.Quliyev bildirir ki, dünyanın bir çox ölkələrində, xüsusən də Şərq ölkələrində bu problem mövcuddur:

“Bu ölkələrdə də qız və oğlan uşaqlarının faiz nisbətində problemi aradan qaldırmaq üçün mübarizə aparılır. Təcrübə göstərir ki, mübarizənin ən uğurlu yolu və forması maarifləndirmədir. İnzibati qaydada şübhəsiz ki, tədbirlər görülməlidir, amma burada insanların tibbi və dini baxımdan maariflənməsinin böyük əhəmiyyəti var”. Millət vəkili əlavə edib ki, abortlarla mübarizə aparmaq üçün qanun layihəsi də hazırlanıb və yaz sessiyasının iş planına tövsiyə olunub: “Reproduktiv sağlamlığın qorunması haqqında” qanun layihəsində xüsusi müddəalar var. Ultrasəs müayinəsi ilə uşağın cinsiyyətinin öyrənilməsinin qadağan olunması, hamiləliyin pozulmasının bir ginekoloqun qərarı ilə deyil, konsiliumun qərarı ilə həyata keçirilməsi, eyni zamanda bu qanunun pozulmasına görə cinayət və inzibati məsuliyyət də nəzərdə tutulur. Ancaq burada insanların maarifləndirilməsi aparılmasa, problemin qarşısını almaq çətindir”.

Qız və oğlan uşaqları arasında faiz nisbətinin pozulmasının mənfi təsirləri haqqında danışan M.Quliyev bildirir ki, bu cür hal gələcəkdə demoqrafik gərginliyə səbəb olur: “Hər il oğlan uşaqlarının sayı artır, qız uşaqlarının sayı isə azalır. Evlənmə yaşına çatanda oğlanların sayı qızlardan çox olacaq. Belə olan halda isə subayqalma halları olacaq, oğlanlar başqa ölkələrdən, başqa millətdən olan qızlarla evlənəcək, nikahların milliliyini qorumaq çətinləşəcək. Milli mentalitetin qorunması üçün atanın da, ananın da eyni millətdən olması vacibdir, xüsusən də bunun bizim kimi o qədər də böyük olmayan və gənc ölkə üçün böyük əhəmiyyəti var”.

Sosioloq-jurnalist Lalə Mehralı isə deyib ki, illər əvvəl deyəndə ki, selektiv abortların sayı vaxt olacaq üzümüzə özünün mənfi nəticələri ilə qayıdacaq. Cəmiyyət ciddi qəbul etmədi:

“Təəssüflər olsun ki, biz insanlarımıza abortların genefondumuza nə qədər ziyan vurduğunu izah edə bilmirik. Azərbaycan vətəndaşlarının oğlan sevgisi, qızların hər zaman bir əşya kimi qəbul edildiyini bilirik. Biz ailələrə başa sala bilmirik ki, onların qız uşaqlarına qarşı soyqırımı, övlad ayrı-seçkiliyi bir ailənin daxili işi deyil, bunun acı nəticəsini bütünlükdə cəmiyyət çəkəcək. Selektiv aborta müraciət edən hər bir qadın birbaşa demoqrafik göstəricilərə zərbə vurmuş hesab olunur. Cinsi tarazlığın pozulmasına bütün sahələrdə mənfi təsirini göstərir. Biz məktəblərdə, bağçalarda, universitetlərdə də artıq bu nisbət pozulmasını hiss edirik. İstənilən bir orta məktəbə gedin, istənilən bir sinfin qapısını açın və orda oturan uşaqların cinsinə baxın. Onda görəcəksiniz ki, bizim valideynlər qız övladına qarşı necə qəddardır.

L.Mehralının fikrincə, cins nisbətinin pozulmasında müşahidə olunan azalma tibbi göstəriş olmadığı halda dölün cinsi barədə valideynlərə məlumat verilməməsinin nəticəsidir. Həm də əvvəlki illərlə müqayisədə insanların dünyagörüşündə də müəyyən irəliləyişlər var. Sonsuzluğun artması da ailələrin qız-oğlan ayrı-seçkiliyi etməsini arxa plana keçirib.

Sosioloq deyir ki, cinsi tarazlığın pozulması 2000-ci illərin əvvəllərində doğulan gənclərə evlilik zamanı da problem yaradacaq. “Bir var evlilik çağında olan oğlanın ətrafında 15-20 qız olsun, bir də var cəmi tanıdığı 5-6 qız arasında seçim etmək məcburiyyətində qalsın. Ölkədə qız tapa bilməyən oğlan əcnəbi nikahlara üstünlük verəcək ki, bu da artıq milli genefondumuzun dəyişməsi deməkdir”.

 

Şəymən




1 şərh “Yeddi oğul istərəm, bircə dənə qız gəlin?

  1. Şahnise

    Salam xanim size boyuk gelirli bizness teklif edirem.burda sexsi biznesinizi quracaqsiz heckesden asili olmadan herseyi size oyredirik.aktiv olmaniz yeterlidir.daimi internet vacibdir.Teklif etdiyimiz yuksek gelirle heyatinizi deyisib cetinlikıere son qoya bilersiz hersey sizden asilidir.sadece yazin mene vhatsap.

    Cavabla

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir