geyim

Dəbin qurbanı olmayan qadınların əsas xüsusiyyətləri

Baxış sayı: 1. 276

Son illərdə dəb bloggerlərinin sayı durmadan artır. Bir məsələ də var ki, pulu olan hər dəblə ayaqlaşa bilər, amma hər kəs özünəməxsus tərzini yarada bilmir. Bu yazıda özünəməxsus tərzi olan qadınların fərqli cəhətlərini belə sıralayıb.

 

1.Heç kimi təkrar etmirlər!

Sosial şəbəkələr sayəsində müasir dəbin daha sürətlə inkişaf etdiyi inkaredilməzdir. Xanımların əksəriyyəti səhər yuxudan duran kimi instaqram, feysbuk, pinterest kimi sosial şəbəkələri yoxlayır, nə kimi yeniliklər olması ilə maraqlanır. Sözsüz ki, pərəstiş etdiyi hər hansı moda ikonasının səhifəsinə nəzər salmağı da unutmur. İlham almaq üçün məşhur simaların geyim-kecimi, müxtəlif obrazları ilə tanış olmaq müsbət haldır. Lakin əsl dəb ilahələri sosial şəbəkədə hər gördüyü dəsti, yaxud ulduz modapərəstlərin stillərini eyni ilə olduğu kimi təkrar etmir.

 

2.Heç bir mağazadan qorxmazlar və demək olar ki, hamısından yaxşı geyim tapa bilərlər!

Özünəməxsus tərzi olan qadınlar tanınmayan markaların məhsulları satılan hər hansı mağazaya girməkdən qorxmur və oradan mütləq özünə yaraşan bir geyim alıb çıxır. Bəzi xanımlar ucuz mağazalardan alış-veriş etməyi özünə yaraşdırmır, zövqlü qadınları isə heç nə qorxuda bilməz. Onlar yaxşı bilir ki, ucuz geyimlə də təkrarolunmaz tərz yaratmaq mümkündür.

 

3.Heç kimdən məsləhət almır, öz zövqlərinə güvənirlər!

Hamımızın ilk baxışda bəyənmədiyi, almağa tərəddüd etdiyi geyimlər olur. Amma əynimizə geyəndə bizə çox yaraşdığını görür və fikrimizi dəyişdiririk. Məsələ ondadır ki, zövqlü qadınlar ən adi, yaxud başqalarının bəyənmədiyi geyimləri nə ilə və necə uyğunlaşdırmağı çox gözəl bilir və nadir hallarda kiminsə məsləhətinə ehtiyac duyurlar. Hətta bəzən mağazada bəyəndiyi geyimi paltar dəyişmə otağında əyninə geyinib baxmadan alır.

 

4.Dərhal seçilirlər

Heç kimə bənzəmədən unikal olmaq çox çətindir. Zövqlü qadınlarsa bu işin öhdəsindən gəlir. Tərzli qadınlar xarici görünüşü ilə istənilən yerdə dərhal seçilir. Məsələn, hər kəsin dikdaban ayaqqabı geyinib getdiyi tədbirə onlar heç çəkinmədən idman ayaqqabısında gəlir və bununla özlərinə nə qədər əmin olduqlarını nümayiş etdirirlər. Heç nə qadını özünə olan güvəni qədər cazibədar göstərə bilməz. Odur ki, siz də özünüz kimi olmaqdan qorxmayın!

 

5.Bahalı markaların etiketlərinin onları daha seçilən etmədiklərini bilirlər!

Özünəinamlı və zövqünə güvənən qadınlar yaxşı görünmək üçün bütün paltarlarına sərvət xərcləmir. Bu insanlar adi cins və qolsuz köynəyi maraqlı aksessuarla birləşdirib, yaxud gözəl saç düzümü ilə bənzərsiz obraz yaradır.

Qulağınıza sırğa edin ki, moda heç kəsin geyinmədiyini geyinən zaman yaranır.

 

6.Dəbin köləsi olmazlar!

Qadının dəblə ayaqlaşmasına mane olmayın. Çünki bu, onun tabe olduğu yeganə məfhumdur. Lakin ağıllı qadın bilir ki, moda diktatorları da bəzən səhv edirlər. Onlar heç vaxt tezötüşən trendlərin qurbanı olmazlar. Əgər hər hansı trendi bəyənmirsinizsə, dəblə ayaqlaşmaq naminə ona pul xərcləməyin. Onsuz da o trendləri hamı təkrar edir, özünüzü məcbur etməyin.

 

7.Diqqət çəkmək üçün geyinmirlər!

Ən sonuncu və ən əhəmiyyətli məqam zövqlü qadınların kiminsə diqqətini çəkmək və ya diqqət mərkəzində olmaqdan ötrü geyinməmələridir. Özünəməxsus tərzi olan hər qadın yalnız özü üçün geyinir və yalnız ürəyinin səsini dinləyir. Belə xanımlar həyat tərzini və xarakterini əks etdirən libaslar seçir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir