fotoqraf

Asudə vaxtı səmərəli keçirməyin 5 yolu

Baxış sayı: 1. 276

Yaşadığımız həyat boyunca çalışdığımız, məşğul olduğumuz saatlardan dolayı asudə vaxtımız, həftə sonlarımız və digər formada boş vaxtımız olur. Hər birimiz bu saatlarda dincəlməkdən əlavə onun həm də bizlər üçün səmərəli və faydalı olmağına çalışmalıyıq. Hətta bu məsələ insanın tip olaraq necə biri olduğunu və zamanını necə dəyərləndirdiyini müəyyən etmək üçün bir çox iş görüşmələrində HR-ların ünvanladığı klassik suallardan biridir. Düşünürük ki, bu vaxtın müəyyən bir hissəsini şəxsi inkişafımıza, dünya görüşünün artırılmasına, sağlamlığımıza, fiziki inkişafımıza sərf etməliyik, ancaq yeyib yatmaq olmaz, sonra zaman keçdikcə, yaşlandıqca bunun pis fəsadları üzə çıxacaq. Düzdür, sizə əslində qeyri-adi bir şeylər də təklif etmirik çünki yəqin ki bir çoxunuz bunları edirsiniz, amma əsas məqsədimiz təklif edəcəyim şeylərin əhəmiyyətini sizə çatdırmaq və bu davranışlarınızı müntəzəm hala salmağın önəmini göstərməkdir. Elə isə bu vaxt kəsiyinin səmərəli şəkildə dəyərləndirilməsi üçün sizə 5 təklifimiz olacaq:

 

1. Şahmat oynayın

Bu oyunda yaş limiti yoxdur, hər kəs oynaya bilər və bu oyunu öyrənmək heç vaxt gec deyil. Sübut olunub ki, şahmat insanda yaddaşı gücləndirir, beynin daha yaxşı işləməsinə və məhsuldarlığına səbəb olur, analitik düşünmə qabiliyyətini artırır, fikrini cəmləməkdə və hədəfə köklənməkdə yardımçı olur, İQ səviyyəsini inkişaf etdirir, oyun zamanı etdiyiniz müxtəlif gedişlər və variasiyalar kreativliyinizə müsbət təsir edir və təşəbbüskarlığınıza töhfə verir, oyun zamanı qarşılaşdığınız situasiyalardan çıxış yolu axtarırsınız, müxtəlif variantlar edirsiniz ki bu da “problem solving” xüsusiyyətinizi daha da inkişaf etdirir, beyninizdə ən azı 4-5 gediş sonranı düşünüb analiz edirsiniz bu da planlama və proqnoz vermə(forecasting) xüsusiyyətinizi inkişaf etdirir. Bu oyunu oynamaq üçün elə böyük bir maddi vəsait də tələb olunmur, ən azından indiki dövrdə hər kəsin şəxsi kompyuteri var. Bu qədər üstünlüklər fonunda siz hələ də şahmat oynamırsınız? Məncə, bu barədə yenidən düşünün. Sizə dostlarınızla rahat və keyfiyyətli bir formada şahmat oynaya bilməyiniz üçün ideal bir məkan təqdim edirəm(bundan başqa facebook və digər sosial şəbəkələrdə müxtəlif tətbiqlər də var şahmatla bağlı), aşağıdakı linkə daxil olub çox tez bir zamanda qeydiyyatdan keçib online formada şahmat oynaya bilərsiniz.

 

2. Filmlər izləyin.

Düşünürəm ki, çoxumuz film izləməyi sevirik, çox gözəl, daha da artıq sevməliyik məncə. Təbii ki bu baxımdan da zövqlər müxtəlifdir, hərə öz maraq dairəsinə uyğun filmlər izləməyə üstünlük verir. Bəs film izləməyin faydalı hansılardır? Filmlər bizə nə verir? Sübut olunub ki, filmlər bir çox hallarda bizə ilham verir, çünki filmlərin bir çoxu real həyat hadisələrindən götürüldüyündən filmdə izlədiyiniz situasiya eynilə sizin həyatınızda hal-hazırda baş verməkdə olan bir situasiyanın eynisi ola bilər, bu anda baş qəhrəmanın etdikləri sizi əməlli-başlı ilhamlandıra(inspiration) və bu vəziyyətdə ən doğru addımı atmağınıza birbaşa yardımçı ola bilər, məsələn lap “The Pursuit of Happyness” filmi kimi. Filmlər bir çox durumlarda insanın stressdən azad olunmasına kömək olur. Bir sıra mövzu və janrlarda izlədiyiniz filmlər və orada rastlaşdığınız müxtəlif yaşantılar, situasiyalar, həmin anlarda baş qəhrəmanın etdikləri, onun təcrübələri sizin həyatda daha praktik bir insan olmağınıza birbaşa təsir edir. Daha çox film izlədiyiniz zaman sizdə müxtəlif ideayalar formalaşır ki bu da kreativliyinizə təsir edir. Və film izləmək həm də gözəl bir əyləncədir.

Sizə tövsiyə etdiyimiz 5 film:

  1. Babel(2006)
  2. The Wolf of Wall Street(2013)
  3. Intouchables(2011)
  4. The Negotiator(1998)
  5. Changeling(2008)

 

3. Kitab oxuyun.

Kitab oxumağı qida qəbul etmək və su içmək kimi təbii ehtiyacımıza çevirməliyik. Çünki kitab da daha önəmli olan mənəviyyatımızı qidalandırır, ruhumuzu zənginləşdirir. Bəs bunu necə formalaşdırmalı? Ancaq və ancaq müntəzəm şəkildə mütaliə etməklə! Belə ki siz müntəzəm olaraq kitab oxuduğunuz zaman bu artıq sizdə mənəvi bir ehtiyaca çevrilir, sanki kitab oxumayanda içinizdə bir boşluq yaranır, sanki nəsə çatışmır, nəsə qaydasında deyil. Həm də  ümumən müasir dünya ilə ayaqlaşmaq və şəxsi inkişaf üçün kitab oxumaq çox zəruridir. Bu kitablar müxtəlif səpgidə ola bilər istər ixtisas yönümlü, fərdi inkişaf yönümlü(bu istiqamətdə Deyl Karneginin “Dostları necə qazanmalı və insanlara təsir etməli” əsərini xüsusilə tövsiyə edirəm), müxtəlif bədii ədəbiyyatlar ola bilər, yetər ki oxuyun və bu sizdə bir vərdişə çevrilsin, mütaliə asılılığı yaransın sizdə. Əgər bu vərdişi özünüzdə formalaşdıra bilsəniz fərd olaraq necə inkişaf etdiyinizi mütləq şəkildə hiss edəcəksiniz, belə ki, nitqiniz daha qüsursuz olacaq, söz bazanız xeyli artacaq, sözləri daha effektiv və yerində işlədə biləcəksiniz, daha bədii və dolğun cümlələr quracaqsınız, bütün bunlar sizdə öz güvəni artıracaq və bir çox komplekslərdən azad olacaqsınız.

 

4. Səyahət edin.

Əbəs yerə deyilməyib ki, çox gəzən çox bilər. Səyahət etmək insanın dünya görüşünün daha da zənginləşməsinə birbaşa təsir edən faktordur. Amma səyahət etməyinizin faydası təbii ki təkcə bu deyil. Belə ki səyahət zamanı siz bir müddətlik də olsa gündəlik monoton həyatınızdan uzaqlaşmış olursunuz, ağır iş rejimi, əsəb, stress, bir çox digər problemlər qısa müddətə də olsa sizdən uzaqlaşır, bu da sizin mənəvi cəhətdən bir qədər rahatlaşmağınıza və enerji yığıb daha səylə və effektiv çalışmağınıza yardımçı olur. Özünüzlə baş-başa qalıb sakit bir mühitdə öz gələcək həyatınız və planlarınız barədə daha da yaxşı düşünmək şansı əldə edirsiniz. Səyahət etmək həm də yeni təcrübələr deməkdir, belə ki səyahət etdiyiniz ölkələrdə gördüyünüz müxtəlif mədəniyyətlər, müxtəlif həyat tərzi, müxtəlif baxışlar və.s sizə öz gündəlik həyatınızda, hərəkət və davranışlarınızda müəyyən dəyişikliklər etməyə və həyatınıza yeniliklər qatmağa yardımçı olur. Və ən əsası səyahət insan həyatında yadda qalan ən xoş xatirələrdəndir, bu anlar bir ömür insanın yaddaşına həkk olunur və bəzən səyahət zamanı yaşadığınız ən xoş xatirələr bir anlıq göz önündən keçərkən belə insan inanılmaz dərəcədə xoşbəxt dəqiqələr yaşayır.

 

5. İdmanla məşğul olun.

İdmanın səhhətimizə və sağlamlığımıza müsbət təsirindən çox danışmayacam, sirr deyil ki idman sağlamlığın rəhnidir, sadəcə insan tənbəl məxluqdur. Yuxarıda qeyd etdiklərimdən dolayı idmanı da mütləq şəkildə həyatımızın ayrılmaz tərkib hissəsi etsək ümumən həyatımızı çox dolğun bir şəkildə komplektləşdirə bilərik. Müntəzəm şəkildə idmanla məşğul olmaq sizdə çox güclü bir xarakter formalaşdırır, iradənizi möhkəm edir, sizdə mübarizə ruhunu artırır, pes etməməyi öyrədir, məqsədli və planlı həyat tərzinə alışdırır, gücünüzə və imkanlarınıza inam yaradaraq sizi motivasiya edir. Müxtəlif idman növləri ilə məşğul olmaq olar maraq və həvəsə uyğun olaraq, amma önəmli olan bunu müntəzəm etməkdir. Ən primitiv olaraq səhərlər qaça və ya həftədə 1-2 dəfə futbol oynamaq da olar.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir