Məşhur “Pantone” rəng şirkəti 2019-cu ilin yaz-yay aylarının trend çalarlarını açıqlayıb. Bu il xüsusilə qırmızı, sarı və narıncı çalarları aktual olacaq.
Qırmızı
“Pantone”nin təqdim etdiyi rəng palitrasında birinci yeri açıq qırmızı çalarları məşğul edir. “Pantone” şirkəti hesab edir ki, qırmızı olduqca həyəcanverici və isti rəngdir. Odur ki, xüsusilə şənliklər üçün əlverişlidir. Qırmızının güclü enerjisi yaz və yay mövsümünün əhval-ruhiyyəsini özündə əks etdirir.
Tünd qırmızı
Qırmızının daha tünd versiyası bahar ayları üçün gözlənilməz olsa da, zərifliyi sayəsində çoxlarının qəlbinə yol tapacaq.
Sarıkök çaları
Sarının belə çaları istənilən obrazı dərhal canlandırır. Odur ki, sarı ilə barışmağa və onu qarderoba əlavə etməyə dəyər.
Parlaq sarı
Qızıl sarısı deyilən bu versiya sizə bütün problemləri bir müddət unutduraraq qəlbimizə rahatlıq bəşx edəcək. Günəş rəmzi sayılan sarı istər gündüz, istərsə də gecə ziyafətləri üçün uğurlu seçimdir.
Bənövşəyi
Bənövşəyinin bir qayda olaraq yaz və yay aylarının trendi olduğuna çoxdan alışmışıq. Dəyişməz qayda bu il üçün də keçərlidir.
Mərcan çaları
Mərcanın açıq tonları yaz və yay aylarında xüsusilə xoş və iddialı təsir bağışlayır.
Çəhrayı
Çəhrayı da daha tünd versiyası – bənövşəyi ilə eyni statusa malikdir. Açıq çəhrayı romantik bahar günlərində obrazı daha mənalı göstərmək qüdrətinə malikdir. Yadda saxlayın ki, məsumluğu simvolizə edən çəhrayı istənilən qadının saflığını ön plana çəkir.
Xardal sarısı
Yuxarıda söylədiyimiz kimi, sarının çalarları bu il bizi hər yerdə addım-addım izləyəcək.
Bibər yaşılı
Bibər yaşılı 2019-cu ilin ən orijinal çaları möqeyinə yüksəlib. Digər rənglər qədər parlaq və diqqətçəkici olmasa da, günəşli havalar üçün əlverişlidir, o, obrazı daha şıq və zərif göstərəcək. Təbiət rənglərindən ilham almağa dəyər.
Göy
Əsasən ciddi görüşlər üçün nəzərdə tutulan göy bu bahar bir çox moda evinin kolleksiyalarında qarşımıza çıxacaq. Kralın əzəmətini əks etdirən göy mükəmməl və nəcib obrazın əsas detallarından biridir. İngiltərə şahzadəsinin xanımı Meqan Marklın tez-tez üstünlük verdiyi göy sizə imkan verir ki, yaz aylarında kral ailəsinin üzvü kimi şıq və cəlbedici görünəsiniz.
Karamel
Dizaynerlərin seçimi sayəsində qəhvəyinin açıq çaları adını baharın trend rəng cədvəlinə yazdıra bilib. Güclü təsir bağışlamaq üçün karamel tonlarını qara və ya ağ ilə birləşdirin.
Yosun çaları
Təbiətin təbii tonlarını ifadə edən yosun yaşılı müəyyən mənada hərbçi geyimlərini xatırladır. Yeni mövsümdə fərqli tərz yaratmaq üçün sınamağa dəyər.
Ağımtıl çəhrayı
Digərləri ilə müqayisədə daha sadə görünən ağımtıl çəhrayı romantizm rəmzi sayılır. İstənilən rənglə asanlıqla uyğunlaşan çəhrayı hər tərəfə pozitiv enerji saçır.
Limon sarısı
Sarının neon versiyası əsasən yeniyetmələr və uşaqlar üçün nəzərdə tutulub. Lakin bu, o demək deyil ki, böyüklər ondan imtina etməlidir. Moda dünyası hər yaşda edilən bütün eksperimentlərə qapısını açıq elan edir.
Bej
Bej çalarları yəqin ki, zərif görünməyə gedən yolda ən asan üsuldur. Parlaq rənglər də daxil olmaqla oxşar çalarlarla uzlaşan bejə özünüzü bütün mövsüm boyu əmanət edə bilərsiniz.
Gecə qaranlığı
Ulduzlu yay səmasını xatırladıran tünd göy sirli təəssürat oyadır. Odur ki, tünd göyü diqqətdən kənar qoymayın.
Süd rəngi
Moda dünyası bəyaz sevərlər üçün onun yeni versiyasını təqdim edib. İstisna deyil ki, bu rəng geyimləri mövsüm bitənə qədər əyninizdən çıxartmaq istəməyəcəksiniz.
Zəngin qəhvəyi
İstər yaz, istərsə də yay ayları açıq rənglər üçün daha ideal mövsümdür. O da həqiqətdir ki, istəsək də, istəməsək də tünd rəngləri həyatımızdan çıxara bilmirik. Onlara ilin bütün fəsillərində böyük ehtiyac yarana bilər. Bu tələbatı nəzərdən qaçırmayan dizaynerlər 2019-cu il üçün qəhvəyinin sərt çalarlarını təklif edir. Qışda görməyə adət etdiyimiz qəhvəyi yayda da özünü göstərəcək. (“Publika.az”)