Qadınların sevimli bayramı 8 martda adətən onları xoşbəxt etmək üçün, diqqət və hörmət əlaməti olaraq hədiyyə verirlər. Bu bayramda hədiyyələr arasında gül və ətir daha dəbdədir. Buna baxmayaraq, hədiyyə seçimində kişilər çətinliklə üzləşirlər. Axı, qadınlar 8 martda nə gözləyir?
Psixoloq Ramil Nəcəfli bildirir ki, əlamətdar günlərdə xanımlara adətən müxtəlif məzmunlu hədiyyələr verirlər: “8 martla bağlı hədiyyə-alış verişi davam edir. Kişilər əziz xanımlarına hədiyyə verməyə başladılar. Hədiyyə vermək tarix boyu insanların qarışıqlı münasibətlərində çox önəmli yer tutan mövzudur. Bu dəyər veridiyimiz insanlara qarşı bir növ bizim diqqətimiz, həssas yanaşmağımızdan irəli gəlir”.
R.Nəcəfli qeyd edir ki, hədiyyə almağı hamı xoşlayır: “Xüsusən də qadınlar hədiyyə almaqdan sevinc hissi duyar. Məsələ, təkcə bu formada getmir: filankəs mənə hədiyyə verdi. Hədiyyəni aldığı zaman qadını xoşbəxt edən, onu sevindirən məhz dəyərli olduğunu hiss etməkdir. Onun özünə qarşı olan diqqətin və qayğının olmasını görməkdir. Bu qadının həyatına bir məna qatır. Eyni zamanda qarşılıqlı münasibətdə olduğu insanın ona verdiyi dəyəri və münasibətinin çəkisini, dərəcəsini anlamış olur. Təbii ki, qadın burada anlayır ki, hədiyyənin böyüklüyü xoşbəxtlik, sevinc dərəcəsini daha da artırır. Ən azından qadın üçün vacib olan hədiyyənin verilməsinin özündəki simvolikadır. Yəni qarşı tərəf bu qadını nəzərə alır, onu düşünür, fikirləşir, onunla bir yerdədir, onu hiss edir. Eyni zamanda hədiyyəni verən adamın kim olması önəmlidir. Hədiyyə almaq həm də kişi tərəfindən qadının seçilməsidir. Kişi qadına hədiyyə verərkən ona hiss etdirir ki, onun üçün vacib adamdır, dəyər verir, ona hörmətlə yanaşır”.
Psixoloq vurğulayır ki, çoxu qadını il boyu sevməyin, hədiyyə verməyin lazım olduğunu deyir: “Bu öz yerində. Amma 8 mart qadınlar bayramında qadınlara xüsusi yanaşmaq lazımdır. Həmin tarixi unutmaq olmaz. Həssas məqamdır. Hədiyyə verməyin anlamı həm də ondan ibarətdir ki, bu adama hörmətini və sevgini ifadə edirsən. Bəzən olur ki, qadın gözləmədiyi, istəmədiyi adamdan hədiyyə alırsa, bu onu sevindirmək əvəzinə qıcıqlandırar, əsəbləşdirər. Qadın bu hərəkətə sərt reaksiya verə bilər. Xanımlar umduğu, gözlədiyi insandan hədiyyə aldıqda daha çox xoşbəxt olur”.
Məmmədova Aynurə