usaqpulu

Uşaqpulu bərpa olunacaqmı?

Baxış sayı: 1. 311

Azərbaycanda həyata keçirilən sosial paket çərçivəsində hökumətin atacağı növbəti addım kimi uşaqpulu ödənişinin bərpa olunması təklif edilir.

Milli Məclisin İqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin üzvü Əli Məsimlinin bildirdiyinə görə, dövlətdən əsas gözləntilərdən biri məhz uşaqpulunun bərpasıdır: “Sosial paketdə yeni doğulan uşağa görə verilən müavinətin artırılması istiqamətində atılan addımın aztəminatlı ailələrə ”uşaqpulu” verilməsinin bərpa edilməsi ilə tamamlanmasını zəruri hesab edirik. Bizdə əhali sürətlə artsa da, xeyli ailələrdə uşaqların qidalanması üçün maddı imkan zəifdir. Əhalinin xeyli hissəsinin maaşları 250-400 manat civarinda olmaqla aşağı səviyyədə olduğundan, ailələrin xeyli hissəsi yeni dünyaya gələn uşağı lazımi səviyyədə təmin edə bilmir. Bu isə uşqaların fiziki və psixi cəhətdən sağlam böyüməsinə mane olur. Tədqiqatlar göstərir ki, uşaqların boy artımında sağlam qidalanma məsələsi mühüm rol oynayır. Normal qidalanmayan uşaqlardakı fiziki qüsurlar həm də zehni qüsurlara yol açır. Bu isə genefondumuz üçün ciddi təhlükə yaradaraq gələcəyimizə mənfi təsir edəcək”.

Похожее изображение

Onu da qeyd edək ki, müstəqillik dövrünün ilkin mərhələsində Azərbaycanda uşaqlara aylıq müavinət ödənilməsi praktikası davam etdirilib.  2006-cı ildə ünvanlı sosial yardım prosesi başlanan zaman buna son qoyulub.

Azərbaycanla bərabər sovet “şinelindən” çıxmış respublikaların əksəriyyətində uşaqlar görə müavinət ödənişi davam etdirilir. Məsələn, Qazaxıstanda uşaqların 1 yaşınadək işləməyən analara dövlət 1-ci uşağa görə ayda 13069 təngə(70,6 manat), 2-ci uşağa görə ayda 15 452 təngə (83,4 manat), 3-cü uşağa görə ayda 17812 təngə(96,1 manat), 4-cü və ondan sonrakı hər uşağa görə ayda 20 194 təngə(109 manat) “uşaqpulu” ödəyir. İşləyən analar üçünsə bu məbləğ 3-4 dəfə artıq olur.

Belarusda 01 may-31 iyul 2017-ci il tarixinə 1-ci uşağın doğulmasına görə birdəfəlik müavinətin həcmi 1838,2 rubl və ya 1671,1 manat, 2-ci və sonrakı hər uşağa görə isə 2573,4 rubl və ya 2339,5 manat təşkil edib. Əkizlərə, üçəm və ya dördəmlərə görə əlavə olaraq hər uşaq üçün 367,64 rubl(334,2 manat) birdəfəlik kompensasiya ödənilir. Özü də ölkə üzrə orta aylıq əmək haqqına bağlı olduğu üçün bu məbləğlər hər il, əksər hallarda isə hər rüb artır. Hətta orta aylıq əmək haqqı azalsa belə, uşaq doğulandan əvvəlki yüksək məbləğə uyğun hesablanır.

Azərbaycanda isə işləyən analar uşağa görə məzuniyyət götürdükdə uşağın 1 yaşınadək ayda 30 AZN, 1-3 yaşadək isə 15 manat müavinət alırlar.

Ölkəmizdə qəbul olunmuş Məşğulluq Strategiyasına görə Azərbaycan demoqrafik baxımdan sabit inkişaf edən ölkə sayılır. Belə ki, 2006-2017-ci illər ərzində ölkədə əhalinin orta illik artım sürəti 1,3 faizə yaxın olub ki, bu da Avropa ölkələri arasında ən yüksək göstəricilərdən biri hesab edilir.  Lakin ölkə üzrə əhalinin təbii artımında bir sıra problem yaradacaq meyllər indidən hiss olunmaqdadır. Belə ki, əhalinin yaş strukturu üzrə proqnozlar əsasında müəyyən olunub ki, növbəti illərdə ölkə əhalisinin təbii artımı nisbətən azalacaq və bu, 15 yaşadək olanların xüsusi çəkisinin 2025-ci ildən sonra aşağı düşməsi ilə nəticələnəcək. Pensiya yaşına çatmış əhalinin sayının 2015-ci ildəkinə (841 min nəfər) nisbətən 2030-cu ilədək 2 dəfə artacağı proqnozlaşdırılır ki, bu da dövlətin sosial yükünü artıra, həmçinin yaşlı insanların sosial təminatında əlavə tədbirlərin həyata keçirilməsi zərurətini yarada bilər.

Azərbaycanda 15-49 yaş arası hər min qadına düşən doğum sayı da sürətlə azalmaqdadır. Belə ki, bu göstərici 1992-ci ildəki 110,8-dən 2017-ci ildə 63,3-ə düşüb. Ölkə üzrə 1 və 2 uşaqlı ailələrin sayı sürətlə artmaqdadır və bunu hər kəs öz ətrafında açıq görə bilir. Rəsmi statistikaya görə, 1999-cu ildə aparılan siyahıyaalmanın məlumatlarına əsasən, 18 yaşadək uşaqları olan ailələr arasında 1 uşaqlı ailələrin sayı 22,5 faiz, 2 uşaqlı ailələrin sayı 35,3 faiz, 3 uşaqlı ailələrin sayı 25,5 faiz, 4 və daha çox uşaqlı ailələrin sayı 16,7 faiz təşkil edib. 2009-cu ildə siyahıyaalmaya əsasən isə 1 uşaqlı ailələr 30,1 faizə, 2 uşaqlı ailələr 40,3 faizə yüksəlib, 3 uşaqlı ailələr 19,9 faizə, 4 və daha çox uşaqlı ailələr isə 9,7 faizə düşüb. 2009-cu ildən bəri baş verən dəyişikliklər yəqin ki, bu il keçiriləcək siyahıyaalmada üzə çıxacaq. Amma görünən odur ki, bu dəyişiklik çoxuşaqlı ailələrin xeyrinə olmayacaq.

Belə bir şəraitdə dövlətin uşaqpulu ödənişini bərpa etməsi doğum əmsalını artırmaqla yanaşı, aztəminatlı ailələrdə mövcud olan uşaqların natamam qidalanması probleminin də aradan qalxmasına səbəb ola bilər.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir