Kamil Musevi

Qarabağ qazisi Kamil Musəvi: “Uşaqlarım hər hansı tərslik edəndə, həyat yoldaşım deyir ki, eynən atasıdır”

Baxış sayı: 1. 738

Deyir ki, oğul atanın yanında, onun dəstəyini görərək böyüyər. Məhz oğullarımızı belə böyüdəndə, onlar daha ürəkli və sözün əsil mənasında kişi kimi böyüyəcək. “Mənim balam” rubrikamızın qonağı Qarabağ qazisi Kamil Musəvidir. Kamil Musəvi iki oğul atasıdır. Böyük oğlu Nümanın 3, balaca oğlu Həsənin isə 2 yaşı var. Müsahibimiz gündəlik iş qrafiki nə olur-olsun, ilk növbədə övladları ilə maraqlanır, onların gündəlik qayğılarını çəkir. Vətənpərvər ruhda övlad yetişdirmək üçün onlara sevginin nə demək olduğunu izah etməyi vacib hesab edir.

 

– Kamil bəy, övladlarınızı tərbiyə edərkən nəyə daha çox diqqət yetirirsiniz?

– Oğlanlarımı yetişdirərkən ən çox onların vətənpərvər ruhda böyüməsinə çalışıram. Çünki bir insan vətənpərvər olmasa, nə qədər savadı olursa-olsun, bu cəmiyyətə xeyir verə bilməz. Uşaqlarda vətənpərvərlik  hissini ilk olaraq yaşadığı ərazidə, çevrəsindəki insanları sevməyi öyrətməklə başlamaq lazımdır. Daha sonra xalqına, millətinə vicdanla xidmət etmək üçün uşaq böyüdükcə yetişdirilməlidir. Əgər bir insan vətənpərvər olmazsa, o, alim də olsa, savadını başqa istiqamətdə, zərərli şəkildə sərf edəcək. Övladlarım hələ çox kiçikdirlər. Ancaq mən indidən onlara ananın, vətənin, torpağın, bayrağın nə demək olduğunu öyrətmişəm. Təbliğat elə burdan başlayır.

– Gününüzün neçə saatını uşaqlarla keçirirsiniz?

– İştirak etdiyim tədbirlər çox olanda, onlarla zaman keçirməyə vaxtım az qalır. Çalışıram ki, ən azı gündə 2-3 saatımı övladlarıma sərf edim. Onlarla zaman keçirməkdən böyük zövq alıram. Övladlarımı bağçaya özüm aparıb-gətirirəm, yol boyu mənə suallar verirlər, bacardığım qədər suallarını cavablandırmağa çalışıram.

 

– Onları bağçaya aparıb-gətirmək sizə çətin olmurmu?

– Əslində heç bir çətinlik çəkmirəm. Onlarla zaman keçirmək mənə xoşdur. Bağçadan gətirməyə gedəndə, məni görən kimi üstümə qaçır, boynuma sarılırlar.

 

– O an hansı hissləri keçirirsiniz?

– O hissi izah etmək üçün kəlmələr acizdir. Bir ata olaraq bu mənə çox xoş təsir bağışlayır.

 

– Bəzən vətənpərvərlik hissinin insanın genindən, qanından gəldiyini deyirlər. Bu fikirlərlə razısınız?

– Mən heç də belə düşünmürəm. Bu çox yanlış düşüncədir. İnsan vətənpərvər doğulmur, yetişdirilir. Körpə dünyaya gələndən sonra onu aparıb Amerikada, Avropada böyütsək və xəbəri olmasa ki azərbaycanlıdır, sabah Azərbaycanda müharibə olsa, o gələrmi? Bəs onda necə olur ki, vətənpərvərlik insanın qanında olur? Ona görə vətənpərvərlik qan işi deyil. Vətənpərvərlik ailə, məktəb, cəmiyyət işidir. Bu gün sənin torpağın işğal altındadır və onu qorumaq sənin borcundur. Biz övladlarımıza bunun izahını verməliyik. Onları bu ruhda böyütməliyik. Düzdür, mənim oğlanlarım çox kiçikdir, ancaq uşağa elə uşaq yaşından izah etmək lazımdır. Hər şey uşaqlıqdan başlayır.

– Valideynləriniz sizi uşaqlıqdan bu ruhda böyüdüb?

– Hər şey ilk olaraq ailədən, məktəbdən, sonra cəmiyyətdən başlayır, bunların hamısı bir-birini tamamlamalıdır. Mən uşaq yaşlarımdan belə idim. Uşaq ikən oyunlar oynayırdıq. Bu oyunlarda bir vardı düşmən, bir də vardı onları axtaran qrup. Mən həmişə düşməni axtaran qrupun tərkibində idim. Düşmənlərə necə yaxınlaşıb, onları necə yaxalaya biləcəyim haqqında düşünürdüm. Uşaq ikən ən böyük arzum hərbçi və kəşfiyyatçı olmaq idi. Mən uşaqlıq arzuma çatdım və peşman da deyiləm.

 

– Onda da düşmənləri tuta bilirdinizmi?

– Gizli yollarla alternativlər axtarmağa başlayırdım. Düşmən hesab etdiyim dostlarım heç vaxt əlimdən qurtula bilmirdilər.

 

– Deyəsən, nadinc uşaq olmusunuz.

– Elədir. Hətta anam deyirdi ki, səni yerə qoyurduq, 10 saniyədən sonra gözdən itirdin. Ancaq uşaq yaşlarımdan nizam-intizamlı olmuşam. Böyüklərə hörmət və sevgi ilə yanaşmışam.

 

– Hansı övladınız sizin uşaqlığınıza daha çox bənzəyir?

– Görünüşcə böyük oğlum mənə daha çox bənzəyir. Əslində ikisində də oxşarlıq var. Uşaqlarım hər hansı tərslik edəndə, həyat yoldaşım deyir ki, eynən atasıdır.

– Adətən bizdə uşağın qayğıları ilə xanımlar məşğul olur – həm də bağçaya aparıb-gətirməklə.

– Əslində bağça çox uzaqdır. Maşınla uzun yol qət etməli bir məsafədir. Həyat yoldaşım özü çalışır deyə, onların hamısını birlikdə aparıb-gətirirəm. Ata övladı ilə təmasda olanda, övlad kişi kimi böyüyür. Atanın zəhmini hiss edir. Ana ilə atanın zəhmi heç vaxt bir ola bilməz. Kişi güclü olur deyə, uşaqlar hər zaman qadını zəif görürlər. Ata zəhmi tamam başqa bir şeydir. Bunu elm də, həyat da sübut edir. Ona görə çalışıram, uşaqlarla maksimum dərəcədə ünsiyyətdə olum.

 

– Sizcə, böyüyən gənclik vətənpərvər ruhda yetişirmi? Onların böyüdüyü mühit sizi qane edirmi?

– Təbii ki, cəmiyyətimizdə vətənpərvər ruhda olan gənclər də var, olmayanlar da. Ancaq sözün əsl mənasında biz çox gözəl millətik. Vətəni üçün canını fəda etməyə, qurban verməyə hazır olan millətik. Aprel hadisələrində biz bunun bir daha şahidi olduq. Bütün bölgələrdən orduya dəstək vermək üçün gənclərimiz axın etdi. Vətənpərvər gənclərimiz çoxdur, sadəcə onlara yol göstərib, düzgün yolu izah etmək lazımdır.

 

– Vətəni sevmək üçün ilk növbədə nədən başlamalıyıq?

– İlk növbədə bayrağımızı, ailəmizi sevməliyik.

 

– Ailə də bir vətəndirmi?

– Əlbəttə ki… Biz hər zaman vətənimizi ana adlandırırıq, ona ana vətən deyirik. Ailə sevgisi mütləqdir. Biz bu gün düşmənlə təmasdayıq. Vətənimizi təbii ki, qorumalıyıq. Evimizi qorumaq üçün onu hasara alırıq, ancaq torpağımızı qorumaq üçün hərbi xidmətə gedib onu düşməndən qorumaq üçün çəkinirik. Niyə? Vətəni qorumasaq, heç ailəmiz də olmaz. Vətəni olmayanın heç bir şeyi olmaz.

 

– Övladlarınızı böyüdərkən hansı üsuldan istifadə edirsiniz? Dədə-baba üsulu köməyinizə çatırmı?

– Keçmiş, dədə-baba üsullarına daha çox üstünlük verirəm. Uşaqlarımı valideynlərimdən gördüyüm kimi böyüdürəm. Misal üçün, indi uşaqların saçını kəsdirəndə, başda “z” hərfi kimi və ya başqa cizgilər çəkdirirlər. Mən bu kimi şeyləri uşaqlarıma tətbiq etmirəm. Onları cırıq və dar şalvarlar geyinməyə qoymuram.

 

– Hesab edirsiniz ki, həmin geyimlər uşağın tərbiyəsində rol oynayır?

– Elə hesab etmirəm. Amma zamanla bu, uşağın xarakterinə az da olsa yansıyır. Bu gün o cırıq şalvarı geyinən uşaqlar sabah ona normal baxacaq və başqa tələbatları yaranacaq. Əgər insan uşaqlıqdan elə böyüyürsə, sonradan o tip geyinəndə narahat olmağa başlayır. Bu mənim öz düşüncəmdir.

– Bəs övladlarınızı necə cəzalandırırsınız?

– Maksimum dərəcədə az cəza verməyə çalışıram. Mən cəzalandıranda bir dəfə sərt baxıram, bəs edir. Uşaq bir səhv edəndə ona “olmaz” deməyi düzgün qiymətləndirmirəm. Uşağa hər şeyi başa salmaq lazımdır. Uşağa “eləmə” deməyin tərəfdarı deyiləm.

 

– Bəs uşaq onu başa düşmürsə?

– Başa düşmürsə, hər dəfə ona izah etməlisən. Biz sözü bir dəfə deyirik, əgər uşaq anlamırsa, onu “qanmaz” adlandırırıq.  Əlbəttə ki, o qanmır, çünki uşaqdır. Əgər qansaydı, bizim ona tərbiyə verməyimizə ehtiyac olmazdı.

 

– Sizcə, döymək tərbiyə üsuludurmu?

– Əsla. Döyülmək uşağa psixoloji təsir göstərir. Onu qorxaq yetişdirir. Atalar var ki, övladlarına ömrü boyu əl qaldırmayıb. Ancaq 15 ildən sonra ona əl qaldıranda düşünür ki, atam 15 ildir mənə əl qaldırmır, gör onu hansı həddə çatdırmışam ki, o artıq mənə əl qaldırır. Bunun özü tərbiyə metodu deyilmi? Uşaq fikirləşir ki, atam pis olsaydı, bu günə kimi döyərdi. Əgər bu günə kimi əl qaldırmayıbsa, demək ki, səhvi mən etmişəm.

– Övlad böyüdən gənc valideynlərə nələri məsləhət görürsünüz?

– İlk növbədə vətənpərvər böyütmələrini tövsiyə edirəm. Hər bir valideyn öz övladına yanında olmağı öyrətməlidir. Dostunu, ata-anasını, çevrəsindəki insanları sevməyi öyrətmək lazımdır, uşaqlar hörmət göstərməyi bilməlidirlər. Uşaqları sevgi ilə böyütsünlər. Belə olan halda, cəmiyyətdə bütün insanlar bir-birinə inanacaq və sevgi ilə yanaşacaqlar. Hər bir ata övladı üçün çalışmalıdır. İnsanlar olur ki, özlərini nələrinsə müqabilində satırlar. Hər bir insan gərək tək özümü düşünməsin. Bir atanın övladına qoyub getdiyi ən gözəl mirası onun təmiz adıdır. Ləkə götürməyəcək adı.

 

 

Xəyalə Rəis




2 şərh “Qarabağ qazisi Kamil Musəvi: “Uşaqlarım hər hansı tərslik edəndə, həyat yoldaşım deyir ki, eynən atasıdır”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir