ish

Iş yerini dəyişən zaman istirahət götürməyə ehtiyac varmı? – ARAŞDIRMA

Baxış sayı: 1. 218

Karyeranın ilk illərində bu gün bir işdən çıxıb, sabah başqa şirkətdə işə başlamaq prestij hesab olunur. Bu, onu göstərir ki, kadr iş problemi yaşamır, amma müəyyən bir yerə gəlib çıxandan sonra vəziyyət dəyişə bilir. Çalışdıqları işdən ayrılanda “bir müddət istirahət etdikdən sonra yeni işə başlayacağam” deyirlər. Bu müddət isə hər kəsdə fərqli olur.

Amma həm də uzun müddət işdən uzaq qalanda, sanki adamın əli işdən soyuyur. Bu aspektdən yanaşaraq, iş yerini dəyişərkən arada istirahət etmək məqsədilə fasilə vermək mövzusuna toxunacağıq. Kadrlar hansı halda bu cür istirahətə ehtiyac duyurlar? Bu müddət nə qədər olmalıdır? Ekspertlərlə söhbətdə bu suallara cavab axtardıq.

Fasiləyə səbəb nə olur?

Peşəkar idarəçi və biznes konsultant Fəxri Ağayevin sözlərinə görə, iş yerini dəyişən zamanı 2-3 həftəlik istirahət götürmək normal haldır: “İnsanlar bir yerdə işləyəndə – xüsusilə Azərbaycanda – komfort zonada olurlar. Azərbaycanda işdən ayrılma qərarı insanlar üçün ağır qərardır. Kadr bu qərarı verirsə, deməli, bir müddət ağır proseslərdən keçib, iş yerində təzyiqlərə məruz qalıb, sıxıntıları, problemləri olub. Ona görə, iki-üç həftəlik dövrü, beyinlərini rahatlatmaq üçün götürürlər. Doğru qərardır. İşdən bu cür ayrılan rəhbər dostlarıma hər zaman məsləhət görürəm ki, bir neçə həftə istirahət etdikdən sonra yeni işə başlasınlar”.

 

İnsan Resursları (İR) mütəxəssisi Abid Səmədov deyir ki, iş dünyasında bu hallara çox rast gəlinir: “Adətən, uzun müddət stressli şəraitdə, müəyyən təzyiq altında işləyən, yaxud işi ağır olan və daha yuxarı vəzifələrdə çalışan mütəxəssislərdə bunu görürük. Orta vəzifələrdə çalışanlarda da rast gəlinən haldır. Bu fasiləyə ehtiyac duyanlar, uzun müddət elə vəzifə və ya işdə çalışırlar ki, üzərilərinə çox yük düşür, çalışdıqları şirkətdə vacib problemlərin həllində məsuliyyət daşıyırlar. Bu da uzun müddət davam edəndə, insan həm fiziki, həm də mənəvi olaraq yorulur. Daha çox mənəvi olaraq yorulurlar. Çalışdıqları yerdə öz missiyalarını tamamlayanda iş yerlərini dəyişmək qərarı verirlər. Onlara daha yaxşı iş təklif olunsa da, bir müddət istirahət etmək istədiklərini deyirlər. Çünki buna həqiqətən də ehtiyacları olur”.

İR mütəxəssisi Cabir Süleymanlı iş yerini dəyişdiyi zamanı bir müddətlik istirahət götürdüyünü bildirmişdi. O, deyir ki, belə fasilə keçid prosesi üçün yaxşı ola bilər: “Bir işdən çıxıb başqasına keçəndə arada fasilə götürülməsi beynimizi yeniləməyə kömək olur. Çünki bir iş yerindən ayrıldıqda ordakı natamam işlər, tapşırıqlar olur ki, onlar beynimizi məşğul edir. Bir müddət fasilə götürdükdə isə özünü və beynini yeni gedəcəyin yerə hazırlaya bilirsən”.

İR mütəxəssisi Firuzə Məmmədova deyir ki iş həyatında bu və ya digər səbəblərdən fasilə yarana bilər: “İqtisadi böhran dövründə iş yerlərinin ixtisarı zamanı yaranan fasilələr xüsusilə aktualdır. Belə halda bir neçə ay işsiz qalmaq – yeni iş yeri tapmaq üçün təbii dövrdür. Hətta 6 ay da kritik dövr deyil. Vakansiyaların araşdırılması, müsahibələr – bütün bunlar az vaxt tələb etmir. Bəzən də, fasilənin səbəbi işçinin stress səviyyəsinin kritik nöqtəyə çatması, işləməyə heç bir mənəvi və fiziki gücün olmaması, ailədə yaranan problemlərin yoluna qoyulması və s. ilə əlaqədar ola bilər. Beynəlxalq təcrübədə, səbəbindən asılı olmayaraq fasiləyə, sadəcə, istirahətə və sağlamlığın bərpasına ehtiyac olduqda belə – çıxış yolu kimi sabbatikal köməyə gəlir. Sabbatikal uzun müddətli məzuniyyətdir, üç aydan bir ilədək (və ya daha çox) müddətə davam edə bilər. Başqa sözlə desək, sabbatikal iş yerinin saxlanması şərti ilə bəzən tam, bəzən qismən, bəzən isə ödənişsiz uzunmüddətli fasilədir. Sabbatikalın verilməsinin müxtəlif şərtləri ola bilər: bəzi şirkətlər bunu iş təcrübəsinə və ya vəzifəyə bağladıqları halda, digərləri bu fasilədən hər işçinin istifadə etməsinə imkan yaradır. Fasilədən sonra insanlar işə xüsusi həvəslə yanaşırlar. Nəticə etibarilə, şirkət güclü və yaradıcı enerji ilə dolu bir işçi qazanaraq uğurlu layihələrə imza atır. İqtisadi durğunluq yarandıqda, işəgötürənlər bəzən ixtisarlara getmək məcburiyyətində qalaraq istedadlı işçiləri itirir. Bu halda da iş yerinin saxlanması şərti ilə uzunmüddətli fasilə hər iki tərəf üçün problemin həll yolu ola bilər.

Statistikaya əsasən, ABŞ şirkətlərinin 30% -i işçilərini uzunmüddətli fasilə ilə təmin edir. Onların arasında “Google”, “Intel”, IBM, “eBay”, “American Express” və s. kimi nəhəng şirkətlər var. Xülasə, 40 il fasiləsiz olaraq işləmək və sonda təqaüdə çıxmaq konsepsiyası artıq köhnəlmiş hesab olunur. İnsanların arada fasilə götürmək imkanı olmalıdır. Ənənəvi iş etikası olan təşkilatlarda sabbatikalın yayılması çətin məsələdir və bunun bizim şirkətlərin sosial paketlərinin bir hissəsi olub-olmadığını zaman göstərər. Lakin əmək bazarının mənzərəsi sürətlə dəyişir, iş düşkünlərinin vaxtı sona çatır. Yeni nəsil özünü ofis divarlarına bağlamaq istəmir. Onların karyera prioritetləri də fərqlənir.

Bizim şirkətlərə gəldikdə isə, iş həyatında verilən uzun fasilələr arzuladığınız vəzifəni tutmağa maneçilik törədə bilər və işəgötürəndə bir sıra suallar yaradar. Niyə namizəd bu qədər uzun müddət işləməyib? Tənbəlliyindənmi? Heç bir müsahibəni uğurla keçə bilmədiyindənmi? Yeni iş yerlərinə həddindən artıq yüksək tələblər qoyduğundanmı? Müasir dünyada texnologiya və biznes prosesləri dayanmadan inkişaf edir, daim dəyişir. Beləliklə, işəgötürəndə, namizədin işləmədiyi dövrlərdə öz peşəkar vərdişlərini itirdiyi barədə fikirlər formalaşır. Ona görə də, müsahibə zamanı məcburi istirahətin namizədin peşəkarlığına heç bir təsiri olmadığına və namizədin dəyişikliklərdən xəbərdar olduğuna  inandırmaq lazım olur”.

Məzuniyyətsiz işləməyi gözə almamaq

Cabir Süleymanlı fasiləyə ehtiyac yaranmasının başqa tərəfini də vurğuladı: “Məsələn, hazırkı iş yerində 6-7 aydır ki, fasiləsiz işləyirsiniz və məzuniyyət götürməyibsiniz, sonra da işi dəyişmək qərarı veribsiniz. Yeni işə başlayanda isə məzuniyyət götürmək üçün 6 ay vaxt keçməli olacaq. Düzdür, Qanunvericiliyə əsasən, işçinin ilk iş ilində 6 ay tamam olduqdan sonra əmək məzuniyyəti hüququnun yaranması məsələsi qeyd olunub, ancaq fərdi müraciətlərdən birinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən belə bir cavab göndərilmişdi ki, hüquqi müddət tamam olmadan (6 ay tamam olmadan) da məzuniyyət verilə bilər və buna görə, hər hansı inzibati məsuliyyət nəzərdə tutulmayıb. Amma Azərbaycanda əksər müəssisələr 6 ay tamam olmasa, məzuniyyət vermir”.

 

Fasilə müddəti nə qədər olmalıdır?

Peşəkar nöqteyi-nəzərindən yanaşsaq, fasilə müddəti nə qədər olmalıdır? Abid Səmədov deyir ki, burda fasilə müddəti fərdlərə görə dəyişir: “Bu cür tətil üçün konkret müddət yoxdur. Elə kadr olur ki, bir neçə ay işdən uzaq qalır, eləsi də var ki, bir ay sonra yeni işə başlayır. Bu, daha çox kadrın özünü geri qayıtmağa nə vaxt hazır hiss etməsinə bağlıdır”.

Cabir Süleymanlı bildirdi ki, bu, hər kəsə görə dəyişə bilər, ancaq bunun üçün aylarla istirahətə ehtiyac yoxdur: “İki həftə, maksimum 1 ay bəs edər. Bu müddət köhnə çalışdığın yerdəki təhvil-təslim müddətindən və yeni işəgötürənin işə başlama vaxtı tələbindən də asılı olur. Bəzən kadr bir-iki həftə istirahət etmək istəsə də, növbəti iş yeri daha tez getməyini istəyir. Ola bilər ki, rəhbər vəzifəyə işə götürülür, işləri təcili ələ almaq üçün gözləyə bilmirlər”.

 

Necə keçirməli?

Fəxri Ağayevin sözlərinə görə, bu müddət evdə yatmaqla keçirilməməlidir: “İşləmədiyi dövrdə insan aktivliyini itirməməlidir. Birincisi, öncəki işini, orda səhvə yol  verdiyi məqamları analiz etmək lazımdır. Necə oldu ki, işdən ayrılmaq qərarı verdim? Davranışlarımda hansı səhvlərim oldu ki, belə bir nəticəyə gəlib çıxdı? Bu kimi suallara cavab tapılmalıdır. İkincisi, istirahət dövründə insan beynini rahatlatmaq üçün onun diqqətini yayındıracaq, onu stressə salacaq bütün müasir texnika və texnologiyadan uzaq durmalı, imkan varsa, təbiət qoynunda olmalıdır ki, beyni yenilənsin. Üçüncü, “istirahətdir” deyib yeyib-içib yatmasın, fiziki aktiv olsun. Dördüncü isə insan peşəkar formasını itirməmək üçün çalışmalıdır. Adətən, kadr gərgin iş rejimində çalışır, bir də ayılır ki, 3-4 ildir ki, bu cür işləyib və bu müddətdə bir çox müasir bilikləri qaçırıb. 2-3 həftəlik dövr ərzində yaxşı olar ki, peşəkar formanı torlasın, jurnal, kitab, məqalə oxusun. Bir az yeni bilikləri beynində canlandırmış olsun”.

Abid Səmədov bildirdi ki, bu müddəti hər kadr öz istəyinə uyğun keçirir: “Bir qisim kadr üçün səyahət etmək maraqlı gəlir, amma gərgin iş rejimində buna normal vaxt ayıra bilmir, ona görə, aradakı o müddəti səyahətdə keçirir. Yaxud belə bir variant da var ki, xarici ölkədə təlim proqramına yazılırsan, həm bilik və bacarıqlarını artırırsan, həm də gəzirsən, istirahət edirsən. Ümumiyyətlə, məkanı dəyişmək insanın yorğunluğunu çıxarır. Başqa insanlarla tanış olmaq, yeni yerləri görməyin insana müsbət təsirləri çox olur”.

 

Hər işçiyə aiddir

Bu cür halları daha çox rəhbər şəxslərdə görürük. Amma Fəxri Ağayev qeyd etdi ki, bu metod təkcə rəhbər vəzifədə olanlara aid deyil: “Bəzən kadr bir işdən başqa işə keçid alır. Belə hallarda fasiləyə ehtiyac da yoxdur. Yeni işə götürən heç buna imkan da vermir, işə tez başlamağını istəyir. Amma bu, tək rəhbər vəzifədə olanlara aid deyil, mühafizəçi, xadimə, satış mütəxəssisi bəzən o qədər gərgin rejimdə işləyir ki, sakitləşməyə, əsəblərini toparlamağa, stressi özündən çıxarmağa ehtiyac yaranır. Bu məsələ rəhbər olmaqla birbaşa əlaqəli deyil”.

 

CV və müsahibədə fasiləni necə izah etməli?

Bəs fasilələr olubsa, CV hazırlayarkən burda nələri nəzərə almalıyıq? Firuzə Məmmədovanın sözlərinə görə, iş həyatında fasilə olduğu zaman CV hazırlanmasına dair bəzi tövsiyələr mövcuddur: “Belə ki, fasilə 12 aydan az davam edibsə, yaxşı olardı ki, CV-də aylar olmadan, yalnız iş illəri qeyd edilsin, fasilə haqqında isə müsahibədə ətraflı məlumat verilsin. Bir ildən artıq müddətə uzanan fasilə olduğu zaman namizədlərə “texniki” bir CV hazırlamaq tövsiyə olunur: əvvəlcə peşəkar bacarıqları, həyata keçirilmiş layihələri və s. sadalayaraq tərtib edilir və yalnız sonda karyera yolu xronoloji qaydada göstərilir. Potensial işəgötürən ilk növbədə peşəkar keyfiyyətlərə diqqət yetirəcəkdir və yalnız sonra işlərarası fasilə haqqında düşünəcəkdir. İlk təəssürat hər zaman önəmlidir.

Müsahibə zamanı iş təcrübəsində fasilələr olan namizədlər bu “möhlət”in səbəbini mütləq bildirməlidirlər və bu dövr ərzində nə ilə məşğul olduqlarını mümkün qədər ətraflı izah etməlidirlər. Namizəd boş vaxtını özünü inkişaf etdirməklə, məsələn, dil öyrənmək, təhsil, təcrübə qazanmaqla, könüllü fəaliyyəti ilə məşğul olmaqla keçirdiyini bildirsə, uğur qazanma şansı yüksələr. Hətta fasiləni səyahətə həsr etsə belə, o haqda maraqlı danışmağı bacararsa, aktiv bir namizəd olduğunu nümayiş etdirərək, işəgötürənin marağını cəlb edə bilər.

İş həyatındakı fasiləni “işləməyə ehtiyacım yox idi” kimi cavablarla əsaslandırmaq tövsiyə olunmur: məsələn, bəzi namizədlər düşünür ki, ailə üzvlərinin yüksək gəlirli olduğunu səbəb gətirərək işəgötürənləri fasilə səbəbinin üzrlü olduğuna inandıra bilərlər. Lakin maliyyə müstəqilliyini əldə edərək, bir müddət karyerada inkişafdan geri qalan namizədi, nə qədər məqsədli və aktiv bir işçi hesab etmək olar? O işçi yeni iş yerində uzunmüddətli işçi ola bilərmi? Yalnız bu suallara cavabınız olduğu təqdirdə risk etməyə dəyər”.

Firuzə Məmmədova sonda bildirdi ki, hər namizədin işə düzəlmə şansı var, hətta onun iş həyatında uzun fasilə olsa belə. İşəgötürən sizin loyallığınıza, enerjili, məqsədyönlü və etibarlı olmağınıza şübhə etməməlidir, çünki bu kimi keyfiyyətlərin olmaması namizədin şansını, iş fəaliyyətində olan fasilədən daha çox azaldır.

 

Aygün Asimqızı




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir