tufeng

Ailə daxilində baş verən qətllərin kökündə nə dayanır?

Baxış sayı: 1. 534

Son vaxtlar ailədaxili münaqişələrdə baş verən qətl hadisələri artmağa başlayıb. Ən təəssüfedici hal isə bu münaqişələrin əksər hallarda iki qardaşın, ata-oğulun, nəvə-babanın arasında baş verməsidir. Qətl hadisəsinə qədər gedib çıxan münaqişələrin səbəbi isə əsasən mal-mülk davası, bəzən də çox primitiv məsələlər olur. Məsələn, ötən gün Cəlilabad rayonunda 43 yaşlı Oktay Dadaşov 83 yaşlı atasını döyərək öldürüb. Qətl hadisəsi isə adi samovarın üstündə baş verib. Belə ki, O.Dadaşov atasına məxsus samovarı ondan alaraq istifadə edib. Daha sonra F.Dadaşov oğlundan samovarı qaytarmağı tələb edib. O.Dadaşov samovarı qaytarsa da, atası samovarın onun olmadığını bildirib. Nəticədə tərəflər arasında münaqişə yaranıb. Bu zaman O.Dadaşov bellə atasına zərbələr vurub və pilləkəndən aşağı itələyərək onu öldürüb.

Və yaxud bu günlərdə paytaxtın Sabunçu qəsəbəsində Şamilov qardaşları arasında baş verən dəhşətli qətl hadisəsi buna əyani sübutdur. Sonuncu hadisə onu da göstərdi ki, qətl hadisələri təkcə kriminal xarakterli, cahil şəxslər deyil, artıq ziyalı, savadlı insanlar tərəfindən də törədilməyə başlayıb.

Bəs səbəb nədir? Ailədə ən əziz doğmaların arasında baş verən bu cür qəddar qətllərin kökündə nə dayanır – sosial problemlərin cəmiyyətdə yaratdığı aqressiya, yoxsa mənəvi dəyərlərin yavaş-yavaş itirilməsi?

ehmed qesemoglu

Sosioloq Əhməd Qəşəmoğlu mövzu ilə  bağlı aşağıdakıları dedi: “Dəfələrlə qeyd etmişəm ki, hər hansı bir fərdin və yaxud sosial qrupun davranışına təsir edən 3 əsas amil var – mühit, aldığı informasiyanın məzmunu, üstünlük verdiyi dəyərlər. Əgər bu gün belə bir hadisələr baş verirsə, deməli, mühit, aldığı informasiyanın məzmunu, üstünlük verdiyi dəyərlər ona mənfi təsir bağışlayıb.

Min illərdir ki, bütün dini kitablar, nəzəriyyələr, peyğəmbərlər, öncül insanlar vurğulayıb ki, cəmiyyətdə mənəvi dəyərlər üstünlük təşkil etməlidir. Mənəvi dəyərlərə daha çox üstünlük verəndə cəmiyyətdəki problemləri tənzimləyə bilir. Mənəvi dəyərlər sıxışdırılıb, arxa plana keçiriləndə cəmiyyətdə bu cür  eybəcər hallar ortalığa çıxır.

Beləliklə, mənəvi dəyərlər getdikcə arxa plana keçdikcə, başqa dəyərlər önə keçir və daha çox rol oynayır. Bunun üçün də qeyd etməliyik ki, baş verənlər heç də səbəbsiz deyil. Bu isə ölkəmizin tərəqqisi, imici, daxilində əhalisinin yaxşı yaşaması üçün arzuolunmaz haldır və qarşısı mütləq alınmalıdır. Daha çox çalışılmalıdır ki, mənəvi dəyərlərə maraq artsın. Bunun isə özünəməxsus, sistemli  yolları var.

Məsələn, adi musiqiyə, ədəbiyyata qarşı xarakterin dəyişməsi birbaşa mənəvi dəyərlərə təsir edir. Necə ki, sosial-iqtisadi proqramlar hazırlayırıq, eləcə də mənəvi həyatımıza təsir edən bu cür proseslərin baş verməməsi üçün böyük fəaliyyət proqramları hazırlayıb, həyata keçirək. Əks halda, bu cür faktlar daha da artacaq”.

Sosioloq qeyd edir ki, sovet cəmiyyətində də xoşagəlməyən bir çox amillər olsa da, mənəvi dəyərlərə daha çox üstünlük verilib:

“Hansı yolla buna üstünlük verildiyi isə başqa bir mövzudur. Onu deyə bilərəm ki, həmin dövrdə mənəvi dəyərlər öz rolunu, əhəmiyyətini göstərirdi. Yəni bu bir faktdır ki, sovet cəmiyyətində nə qədər nöqsanlar olsa da, mənəvi dəyərlərə daha çox üstünlük verilir, qorunurdu. Müstəqillik dövründə sovet cəmiyyətinin eybəcərliklərini kənara qoyub, onun mənəvi dəyərlərə üstünlük verməsini daha da inkişaf etdirməli idik. Çox təəssüf ki, bu baş vermədi”.

Psixoloq Ramil Nəcəfli ile ilgili görsel sonucu

Psixoloq Ramil Nəcəfli mövcud vəziyyətin dəhşətli olduğunu bildirdi: “Demək olar ki, fəlakət vəziyyətindəyik. Sovet dövründə qətl hadisəsi baş verəndə insanlar dəhşətə gəlirdi. Lakin indi qətl hadisələri artıq adiləşməyə başlayıb. Üstəlik, ən yaxın qohumların bu cür bir-birinə dözümsüzlüyü, aqressivliyi düşmənçilik həddinə qədər gəlib çatıb. Bunu qısaca olaraq onunla əlaqələndirmək olar ki, insanların mal-mülkə, dünya malına önəm verməsi artıb. Əksəriyyət düşünür ki, onların həyatı mal-mülkdən, mirasdan asılıdır, ibarətdir. Bunun qarşısını almaq üçün ilk növbədə mənəvi dəyərlərin təbliği aparılmalı, gəncləri doğru yöndə maarifləndirmək lazımdır”.

 

Xalidə GƏRAY




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir