USAQ

Uşaqları necə dinləməli?

Baxış sayı: 1. 169

Valideynlər çox vaxt uşaqlarla valideynlər arasındakı ünsiyyət problemlərindən şikayət edirlər. Uşaqlarının onlarla danışmamasından, verdiyi suallara cavab verməməsindən şikayət edən valideynlər də az deyil. Xüsusilə, bu cür problemlər yeniyetmə yaşına çatan gənclərlə valideynlər arasında daha çoxdur. Buna görə də, biz ilk növbədə böyüklərin öz problemləri olduğu kimi, uşaqların da öz problemləri olduğunu unutmamalıyıq. Bu baxımdan, uşaqlarımızın hisslərini öyrənmək üçün onları dinləməyi bacarmalıyıq. Üstəlik, uşağımızı dinləyərkən ona qiymət verdiyimizi büruzə verməliyik. Təbii ki, ona qiymət verildiyini hiss edän uşaq bu hisslərə eyni səmimiyyətlə cavab verəcək və heç bir maneə olmadan hisslərini ata-anası ilə bölüşəcək. Ancaq bu prosesdə valideynlər səbirli və təmkinli olmağı bacarmalı, məsələn, yeri gəldi-gəlmədi uşaqların sözünü kəsməməlidirlər. Buna görə də, onun səhvini düzəltməyə tələsməməli və fikirlərini daha dəqiq ifadə etməsinə imkan verməlisiniz. Hətta bunun üçün onu həvəsləndirməyə də çalışmalısınız. Beləliklə, uşağınızın daxili aləmi ilə tanış olmaq imkanı da əldə edə bilərsiniz. Bəs yaxşı dinləyici olmaq üçün nə etmək lazımdır? Yaxşı dinləyici olmaq üçün ilk növbədə aşağıdakıları nəzərə almaq lazımdır:

1) Uşağınız danışarkän sözünü kəsməyin.

2) Uşağınızı fikirlərinə görə mühakimə etməyin.

3) Uşağınızın nə dediyinə diqqət yetirin.

4) Uşağınızı dinləyərkən onun gözlərinin içinə baxın.

5) “Sonra”, “başqa” kimi sözlərdən istifadə edin.

6) Hər şeyi birdəfəyə danışmağa məcbur etməyin.

7) Uşağınızı dinləməyə vaxtınız yoxdursa, ona münasib vaxt bildirin.

Digər tərəfdən, əgər uşağınızın fikirləri sizin fikirlərinizlə üst-üstə düşmürsə, özünüzə bu sualları verin:

– Uşağınız sizin kimi düşünməyə məcburdurmu?

– Hər hansı bir məsələ barədə sizdən fərqli düşünə bilməzmi?

– Dünyaya öz gözləri ilə baxmasına icazə verməli deyilikmi?

– Həyatda səhv etməyən insan varmı?

– Biz də uşaq ikən bu cür düşünmürdükmü?

Beləliklə, siz dözüm sərhədlərini genişləndirmiş, özünüzü dinləməyə daha yaxşı hazırlamış olarsınız.

 

Aydan Kərimli




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir