Həmvətənim, elə bilirsən bullinq təkcə məktəbdədir? Bizim multikultural, tolerant məmləkətimizin boulinq bəlası da var. Bu da mənəvi terrorun bir növüdür. Hər zərbəsi ilə min sinir keqlimizi yıxıb tökən boulinq topu cəmiyyətin ən tragikomik personajlarının-yaşlı madamların əlindədir.
Son dönəmin qızları burunlarını kütləvi şəkildə sünnət etdirir. Mən buna simvolik anlam vermək istəyirəm. Mən bunu bir inqilab saymaq istəyirəm. Ümid edirəm, ümid etmək istəyirəm. Burunlarını kimsənin məhrəminə uzatmamaq üçün kəsdirirlər, qarşısındakının baş-başa qalıb, çözmək istədiyi düyünlərin toxulumazlığının qoxusunu almaq üçün dəyişdirirlər.
Mən dünən bir qarı çiçəyi gördüm, əlində bir çuval boulinq topunu saçı topa-topa tökülən balaca oğlanın anasının sinirlərinə tuşlamışdı. Özü də bunu ar demədən, etika gözləmədən, məhrəmiyyəti tapdayaraq, səsinin diapazonunu tənzimləmədən edirdi.
– Uşağın saçı nə pis tökülüb (uşaq eşidir axı…) Sən bilirsən neylə?
– Hər yolu sınamışam. Tibbə məlum deyil səbəbi…
– Ay qızım, mən deyirəm də… Öz başıma da gəlib. Salona gedəndə, saçkəsən dedi, korvalol sürt…
– Mən bu uşağı Almaniyanın ən güclü dermotoloji mərkəzinə qədər aparmışam. Bütün yoxlanışlardan sonra həkim dedi ki, bizim müalicəmiz qaranlıq otaqda hədəfə ox atmaq kimidir.
– Amma sən yenə də mən deyəni qəribsəmə…Korvalol…
– Çox sağ olun!
– Yazıqdı uşaq, nə yaşı var ki, bu günə düşsün.
– Mənim balam hamıdan gözəldir (bu elə qaynar sığaldır ki, daşın da başına tük bitirər).
Azərbaycan bağçasında burnunu hər işə yüngülvari toxunduran sünnətsiz burunlu qarı çiçəyi obrazı var. Eşşək südünü sarımsağa qatıb bütün xəstəliklərin rüşeymini məhv edir. Qara dəliyin fotosuna korvalol damcıladıb tük çıxardır. Onun tərbiyə elədiklərindən başqa heç kim uşaq böyüdə bilməyib. Ömrünü morqda çürüdən alman həkiminin yaddaş kartında toplanan informasiya selini 30 damcı korvalolla silib təmizləyir bizim diplomsuz professor…
Əzizlərim, sünnətinin yaşı, cinsiyyəti olmur. Elə ki, kimsə qapınızı döyüb – burnunuzu şəxsi həyatımın içindən tapıb çıxartdım – dedi, demək artıq kəsdirməyin zamanı keçir. İnanın, yeni simanızdan o qədər zövq alacaqsınız ki, başqalarının başına korvalol damcılatmaq həvəsiniz də sönəcək. (“Publika.az”)