elmir ekber

Elmir Əkbər: “Azərbaycanda klinik psixoloq adı altında “göbələklər”, “çiyələklər” yetişdirilir”

Baxış sayı: 2. 209

“Gencaile.az” saytı “Modern.az”-a istinadən psixoterapevt Elmir Əkbərin müsahibəni təqdim edir.

 

– Elmir müəllim, qarşıdan qəbul imtahanları gəlir. Abituriyenlər hazırlaşırlar, psixoloji gərginlik, valideynlərin müdaxiləsi var. Bu gərgin atmosferi necə aradan qaldırmaq olar?

– Azərbaycanda qəbul imtahanları Avropada orta əsərlərdə tüğyan edən cəza sistemlərinə bənzəyir. Bu il abituriyentlər yeni qəbul modeli ilə imtahan verəcəklər. Bu da təşviş yaradır, çünki ortada yenilik var. Ona görə də bu il özəlliklə təşviş çox yüksəkdir. Valideynlərdə də, abituriyentlərdə də. Bu yüksək təşviş hələ bir neçə il də müşahidə olunacaq. Yeni imtahan tərzinə nə valideyn hazırdır, nə də abituriyentlər. Düzgün psixoloji hazırlıq olmayanda imtahanda abituriyentin “beli sınır”. Abituriyentlər yuxularına, qidalarına, istirahətlərinə diqqət etməlidirlər. Valideynlər da övladlarına düzgün yanaşmalıdırlar. Təpki göstərməməli, övladlarının sevildiyini nümayiş etdirməlidirlər.Yəni “mənim üçün əhəmiyyətli olan sənin topladığın bal yox, sən özünsən” yanaşmasını tətbiq etmək lazımdır. Düzdür, təhsil çox vacibdir, amma hər şey deyil. Valideynlər intiharlardan, evdən qaçmalardan dərs çıxarmalıdırlar. İntiharların yaranmasında məktəblərin də rolu var. Amma ailədə psixi konteyner düzgün qurulubsa, bütün məktəb uşağa bullinq etsə ki, özünü at, o, bunu etməyəcək. İnsanlarla işləyən peşə sahibləri azı 6 aydan bir müayinədən keçməlidir.

Qəbul imtahanları elə bir sadomazaxist oyundur ki, ət maşınından keçəndən sonra abituriyentdə psixi enerji ya bərpa olunur,  ya da olunmur. Bu enerji bərpa olunmayanda adamın oxumağa həvəsi olmur, gələcək həyatında problemlər yaranır. Enerji tükənməsinin yaranması heç də yaxşı hal deyil.

Nəzərə alaq ki, bu gün Azərbaycanda qızların tərbiyəsi mühit, cəmiyyət, bəzən də ailələr tərəfindən çox zədələnir. Ailələr tərəfindən ona görə olur ki, ana ilə 5-ci sinif şagirdi olan qızı eyni marka ayaqqabı, paltar geyinir. Orta məktəb şagirdi makiyaj edirsə, məktəbə gedib telefon markası yarışına girirlərsə, bu zaman təbii ki, ortada  bilik yarışından söhbət gedə bilməz.

 

 

– Bu dediklərinizin qızların qəbul imtahanlarında iştirakı ilə hər hansı bir əlaqəsi varmı?

– Əlbəttə. Mən sözümü elə ona gətirirdim. Azərbaycan hökuməti yaxşı bir addım atmış olar ki, qızlar üçün qəbul imtahanlarını yığışdırsın. Qızlar üçün qəbul imtahanları yığışdırılmalıdır. Qızlar haranı istəyirsə, onları tələbə kimi imtahansız qəbul etsinlər. Onsuz da kifayət qədər boş yerlər də qalır. Onsuz da oxuyan qızların hamısı işləməyəcək ki, hamısının işlə necə təmin olunmasından ehtiyat etsinlər.

Avropada, bir çox inkişaf etmiş ölkələrdə ümumiyyətlə qəbul imtahanları yoxdur. Oğlanlarla bağlı çox məqamlar var, onları kənara qoyuruq. Ancaq heç olmasa qızlar qeyd-şərtsiz ali məktəblərə götürülməlidir.

 

– Sizcə, bu, ədalətsiz yanaşma deyilmi? Bu, yüksək intellektli bir qızla az savadlı biri arasında fərqi aradan qaldırmır?

– Nəticə etibarı ilə qorxulu bir şey yoxdur. Fərz edək ki, 5 qızın 5-i də həkimliyi oxuyur. Amma onların 5-i də həkim olmur. Həkim olsa da, onların işləri ayrı olacaq. Məgər Avropada ədalətsizlikdir?! Orada hamı universitetə daxil olur. Lakin sual budur: hamı universiteti bitirirmi? Xeyr.

Mən təklif edirəm ki, qızlar ali məktəblərə imtahansız qəbul olunsun, sadəcə,  universitet imtahanları doğru-dürüst aparılsın. Qəbul olunandan sonra 5 ilə oxuya bilməsə, 10 ilə oxusun. Bəlkə eləsi olacaq ki, təhsilini yarımçıq saxlayacaq. Oxuyub bitərənlərin də hamısı mütəxəssis olmaq istəməyəcək.

Lakin belə olan təqdirdə, yaxşı olardı ki, universitetdə imtahanlar kompüterlə keçirilsin. Müəllimlər imtahan götürməsin, subyektiv insan faktoru olmasın. Subyektiv insan faktoru ancaq problemlərə gətirib çıxarır.

İmtahanları verə bilməyənlər də ömrü boyu oxusun. Bütün dünyada həkimlər, psixoloqlar ömürlərini oxumaqla bitirirlər. Yalandan univerisitetə təpik döyən bir qız belə, təsadüfən nəsə öyrənəcəksə, bu da qənimətdir. Mən düşünürəm ki, istəsələr, bu sistemi tətbiq edərlər, çox gözəl də nəticə əldə olunar. Ən azından evdən qaçan qızların, erotik görüntülərə çəkilən qızların sayı azalar.

 

– Qeyd etdiniz ki, mühitin də qızların tərbiyəsində rolu böyükdür.  Bütün anlayışlar nisbidir və ya bu anlayışların təcəssüm etdiyi ruhi aləmlər də nisbidir. Bu mənada tərbiyə nədir? Bir qızın mini yubka geyinməsi tərbiyəsizlikdirmi? Və ya bir qadının hicab geyinməsi tərbiyədirmi?

– Həmişə istəyirik ki, konkret bir formul tapılsın və bu formulla yaşayaq. Bu isə qətiyyən doğru deyil. Təbii ki, hər bir halda məsələlərə fərdi yanaşmaq lazımdır.

Tərbiyə deyiləndə bizim cəmiyyət çox vaxt nəzakət və etiket qaydalarını nəzərdə tutur. Böyük-kiçik yeri bilmək, hörmət – bunlar tərbiyə deyil, sadəcə tərbiyənin bir hissəsidir.

Tərbiyə, küçədə narkoman qarşını kəsirsə, daşı götürüb onun başına vurub qaçmağı bacarmaqdır. Tərbiyə, çətin anlarda manevr etmək, bunların hamısına doğru-düzgün hazırlanmaq deməkdir. Tərbiyə doğru inkişaf deməkdir.

Qızların tərbiyəsində mühitin rolu böyükdür. Söhbət geyimdən gedirsə, deyə bilərəm ki, geyim də insan etikasının ayrılmaq bir hissəsidir. Kimsə çimərlik geyimində dənizə gedirsə, orada təbii, normal görünəcək. Yox, kimsə çimərlik geyimində Füzuli meydanına çıxırsa, o tamamilə başqa cür görünəcək.

Geyim məsələsi təzadlıdır. Sual edirəm, nəyə görə İsveçrədə geyimlə hoqqa çıxaran yoxdur?! Ümumiyyətlə, niyə orada hoqqabazlıq yoxdur?! Təbii ki, orada da hər şey müəyyən məsələlərlə tənzimlənir.

Kimsə hicab bağlayırsa, bu o deməkdirmi ki, dini qaydalara görə belə edir?! Xeyr, heç də hamısı belə deyil. Hicab bağlayanların bir qismi cəmiyyətin aqressiyasından qorunmaq, bir qismi cəmiyyəti qorumaq üçün belə edir.

 

– İnsanların istedadını göstərə bilməməsi və ya istədiyini yaza bilməməsi hansı problemlərə gətirib çıxarır?

– Burada söhbət üsyankarlıqdan gedir. Bəzi insanlara maraqlı bir şeir, hekayə yazmaq çox çətin gəlir. Buna görə də, düşünür ki, gəl Nizamini, Səməd Vurğunu söyüm. Deyir ki, nəsə yazım ki, epatajla gündəmə gəlim. Bu, yeniyetməlikdir. Yeniyetməlik inkişaf etməmiş psixikadır.

Buna görə də, etirazlar başlayır. Kimsə başına aftafa qoyub küçədə gəzə bilər və elə düşünər ki, bununla da “bomba” görsənəcək. Bu da bir yaş dövrüdür. Amma bunu yeniyetmə edəndə bir başqa cür görünür. Lakin bir də görürsən ki, ahıl yaşında insanlar belə edir. Bu isə absurd görünür. Yaşlı adam diqqət cəlb etmək istəyirsə, təbii ki, onun ciddi psixi problemləri var.

 

– Bunu din xadimləri, ilahiyyatçılar özləri də etiraf edirlər ki, din dəb halına minib. Dinlə özünü göstərməyin dərin psixoloji səbəbləri nədir? Günah hissinin basdırılması, yoxsa başqa bir sosial amil buna səbəbdir?

– Bu dəb indi dəyişib. İndi ateist görünmək daha dəbli hesab olunur. Dəb daim sürüşkəndir, o, həmişə dəyişir. Karl Yunqun psixoanalizi Freyddən də dərindir.

Karl Yunqun psixoanalizi arxetiplərə əsaslanır. Freydin dediyi səbəblərin səbəblərini açıqlayır.

Özünü dindar göstərməklə reklam etmək yəqin ki, həmin insanların arxetiplərlə kontaktıdır. Gəldiyim qənaət budur ki, insanlar hələ daha primitiv yollarla günahlarını yumağa çalışırlar. Məsələn, kimisə Həccə göndərməklə. Bu, 2000-ci illərin əvvəllərində daha populyar bir vərdiş idi. İndi başqa şeylər populyardır, amma bunlar da primitivdir. Bir az da durğunluq var. Bu cür durğunluqlar adətən böyük partlayışlardan qabaq olur. Mənə elə gəlir ki, cəmiyyətdə düşüncə impotentliyi yaranıb. İstər axmaq, istərsə də ağıllı düşüncələrdə.

Bu gün dəyərlər də təbliğ olunmalıdır. Xarici qüvvələr dini cərəyanlara pul yatırırsa, hər şeyi özlüyümüzdə ağıllı, soyuq başla təhlil etməliyik.

Cəmiyyəti bir sıra şeylərlə, o cümlədən dinlə yönləndirmək çox asandır. Azərbaycan cəmiyyəti də çox sürüşkəndir. Əvvəllər düşünürdüm ki, namus məsələsi ilə Azərbaycan insanına çox böyük təsir etmək olar. Amma indi görürəm ki, bu, fərqlidir.

Bu gün namus, qeyrət, vətən, torpaq məsələləri ilə cəmiyyətə çox təsir etmək olmur. Amma konkret bir manat haqda danışın, görün nə qədər auditoriya toplayacaqsınız.

Bizdə 3 qızın videosu yayıldı. Təsəvvür edin ki, eyni görüntülər Dağıstanda, Çeçenistanda yayılır. Çeçen deyir ki, sən mənə bir dənə çeçen fahişə göstər. “Yoxdur” demir, amma deyir ki, göstər, hədiyyən hazırdır. Çox rahatca gedib həmin adamın başını kəsib gətirib sənə “hədiyyə” edər.

 

– Orta məktəblərdə dini bilgilər də tədris olunacaq. Bu da geniş müzakirələrə səbəb olub, dəstəkləyənlər də var, etiraz edənlər də. Cəmiyyət niyə qorxur?

– Cəmiyyət ümumiyyətlə arxetipik məsələlərdə mübahisə edir. Azərbaycanı istismar etmək istəyən xarici qüvvələr birinci növbədə dini dəyərləri gözdən salmağa çalışdılar. Mən gənc idim, yadıma gəlir ki, hansısa mollanı bəyənmirdim. Sonra psixoterapiya ilə başa düşdüm ki, bizim mollaları, din xadimlərini, din strukturlarını dəyərdən salmaq birinci növbədə insanları öz mərkəzindən uzaqlaşdırıb başqa yerə yönləndirmək məqsədi güdür.

SSRİ dağılandan sonra inanc məsələsində boşluq yarandı. Bizim cəmiyyətə, gənclərə dini başqa cür çatdırmağa başladılar. Bu zaman Azərbaycandan qaynağını götürən milli-mənəvi dəyərlərin gözdən salınması üçün işlər aparıldı. “Sənin dinin pisdir”, “sənin milli hisslərin pisdir”, “sənin mənəviyyatın saxtadır” deməyə başladılar. Bununla da əsasən gəncləri yeni ibadətgahlara üz tutmağa təşviq edirdilər. Gəncləri yeni ata obrazına sitayiş etməyə çağırdılar.

Əgər siz dediyiniz dərslər olacaqsa, kimsə bunun məsuliyyətini üzərinə götürsün, nəzarəti gücləndirsin. Bu, Dini Komitə də ola bilər, Qafqaz Müsəlmanları İdarəsi də. Bu zaman daha da arxayınlıq yaranar. Çox yaxşı olar ki, insanlara dindarlıq yox, dinşünaslıq aşılansın.

 

– Mənə çox maraqlıdır. Adətən xarici qüvvələrin fəaliyyətindən güc strukturları, xüsusi xidmət orqanları danışırlar. Bəs psixoloqlarda bu məlumat haradandır ki, Azərbaycanda xarici qüvvələr fəaliyyət göstərirlər?

– Mən psixoterapevtəm. Məlumatları daha çox konsultasiyalardan alıram. Bizim işimiz elədir ki, cəmiyyətdə baş verənləri təhlil edirik. Kiminsə ailəsi Suriyaya gedərkən aeroportada saxlanılır və geri qaytarılır – biz belə adamlarla işləyirik. Praktikada çox məlumat əldə edirəm. Mən sektalara düşən insanları konsultasiya edirəm və onları bilirəm, analizlər aparıram. Mənim elmi araşdırma mövzum radikal dini təfəkkürlə bağlıdır.

Viktor Frankl yazır ki, insan bu həyatı nə üçünsə yaşayır, nəsə məna axtarır. Həmin mənanı necə istifadə edirlər – bu mövzuda araşdırma aparmışam.


Azərbaycanda psixologiya, psixoterapiya ilə bağlı araşdırmalar, elmi işlər hansı səviyyədədir?

– Mənim burada doktorluq üçün müdafiə etdiyim işi Sankt-Peterburqda diplom işinə də qəbul etmədilər.

Mənim araşdırmalarımın bir çoxu, hansılarını ki pulla satmamışam, daha çox aqressiya və destruktiv davranışla bağlıdır. Baxıram ki, yeniyetmələr, qocalar, orta yaşlılar daha çox destruktiv davranırlar, öz həyatını da, yaxın çevrəsinin həyatını da məhv edirlər.

Bu mövzunun Azərbaycan üçün unikallığı praktik olmalı idi. Çünki praktikada işləyən bir insan praktikada əldə etdiyi nəticələrdən iş yazır.

Sankt-Peterburqda bu iş ona görə maraqlı olmadı ki, dedilər ki, onsuz da praktika olmalıdır ki, nəsə elmi iş yazasan.

Gəlin, ölkəmizə baxaq. Psixologiya üzrə müdafiə etmiş insanların baza təhsilləri tamamilə fərqlidir. Onların psixologiyaya, psixoterapiyaya nə aidiyyatı var? Təsəvvür edin, insan kosmonavtika üzrə oxuyur, neçə il bu işdə işləyir, sonra Nyuton kimi başına alma düşəndən sonra psixologiya sahəsində iş müdafiə edir. Bu hansı metamorfozdur ki, insanları idman müəllimliyindən çevirib psixoloq edir?! Buradan da bəlli olur ki, araşdırmalarımız hansı səviyyədədir.

Elmi iş müdafiə etmək üçün insanda həmin sahə üzrə praktiki fəaliyyət olmalıdır. Toplanan məlumatlar sahəsində, əsasında da işini müdafiə etməlidir.

Bəs şəkərbura bişirə-bişirə insan necə şəxsiyyət pozuntusu barədə elmi iş müdafiə etmək fikrinə gələ bilər?! Bu yəqin ki, 11 iqlim tipinin 9-nun Azərbaycanda olması ilə bağlıdır. Yəqin ki, bizdə kosmik qüvvələr başqa cür fəaliyyət göstərir.

 

– Etiraf etdiniz ki, başqaları üçün pulla elmi iş yazmısınız.

– Bəli, elmi iş yazıb, pulla kimlər üçünsə satmışam. Amma onun sonrakı taleyi ilə maraqlanmamışam. Mənə sifariş veriblər ki, filan mövzuda, filan həcmdə, filan şərtlərə uyğun bir şey yazım. Bu, jurnalistikada da var. Hər halda pul da qazanmaq lazımdır.

 

– Azərbaycanda psixologiya, psixoterapiya təhsili ilə bağlı nələr çatışmır?

– Azərbaycanda rəsmi olaraq psixoterapevt vakansiyası ləğv olunub. Belə çıxır ki, psixoterapiyanın vətəni olan Avstriya, İsveçrə axmaqdır ki, bu ixtisası saxlayıblar? Əksinə, bütün inkişaf etmiş ölkələrdə bu var. Psixoterapevt, loqoterapevt, psixonalitik ayrı gedir. Hətta metodlar üzrə bölgü gedir. Bizdə isə götürüb vakansiyanı ləğv ediblər. Dəhşətdir. Elə bilin ki, orta əsrlərə qayıdırıq. İxtisaslar artırılıb çeşidlənməkdənsə, daha da kəsilib atılır. Bizdə klinik psixoloqlar, psixoterapevt kadrlar hazırlanmır. Klinik psixoloq adı altında “göbələklər”, “çiyələklər” yetişdirilir.

Tibb Universiteti yaxşı psixiatrlar yetişdirir. Lakin klinik psixologiya, psixoterapiya sıfırdır.

Araşdırılmalıdır ki, kimlər və nəyə görə psixoterapevt ixtisasını ləğv edib? Bu ondan qaynaqlanır ki, kimlərinsə marağına cavab verməyib. “Məndə yoxdursa, heç kimdə olmasın” prinsipi. Qeyrəti çatmayıb gedib psixoterapiya üzrə oxusun, bu sahə üzrə ixtisaslaşanlara da paxıllıqla baxıb.

 

– Hamını maraqlandıran bir məsələ barədə sual verəcəm: psixoloqlar, psixoterapevtlər, psixoanalitiklər cinayət işlərinə necə cəlb olunurlar?

– Əslində hər hansı bir cinayət işinin açılması bir psixoterapevt üçün daha asan və bəsit prosesdir. Nəinki bir insanın psixoterapiyasını aparmaq.

Bir insanın mahiyyətini açmaq üçün yüzlərlə “cinayət işi”nin üstünü açmaq lazımdır. Konsultasiya edilən insana qarşı aparılan “cinayətlər”, onun özünün-özünə qarşı etdiyi “cinayətlər” – bunları açmaq lazımdır. Bu, çox dərin analiz prosesidir.

Amma cinayət işi belə deyil. Burada mexanizm sadədir. Bu, mürəkkəb tənliklərdən adi tənliklərə keçid deməkdir. Bu mənada cinayət işlərində psixoterapevtlərin iştirakı o qədər də çətin proses deyil.

Gəlin, sadə şəkildə izah edək. Fərz edək ki, silsilə qətllər var. Bu zaman şübhə yaranır ki, qətlləri bir adam törədir. Qətlə yetirilənlərin ümumi psixoloji portretlərini götürürsən, onları cızırsan. Ehtimal olunan 10 nəfərin, anaları və ataları haqda məlumat toplayırsan.

Bizim praktikada göstərirdi ki, ortada ana obrazı var. Tutaq ki, qətlə yetirilən qızlar qırmızı saçlı, şux biri, deyib-gülən, aktiv olublar.

Burada qatildə  edip kompleksinin necə həll olunması, hansı travmaları alması, onun yuxuları və fantaziyaları təhlil edilir. Nəticədə baxırsınız ki, qətlə yetirilən hündür boylu, qırmızı saçlı qadınlar 5 adamdan birinin anasının psixoloji portretidir.

 

– Özünüzün cəlb olunduğunuz cinayət işlərindn daha nəyi deyə bilərsiniz? Necə olur ki, bir insanın dilindən onun şüur altındakı informasiyaları üzə çıxarıb cinayətkar olmağı qənaətinə gəlirsiniz?

– Mən xeyli müddət kriminal psixoogiya ilə məşğul olmuşam. Öz təcrübəmi deyim. Məsələ ondan ibarətdir ki, qətli törədənlər müəyyən bir psixi aparata malik insanlardır. Özü də onlar axmaq deyillər. Adəti üzrə də həmişə polisdən bir addım öndə olurlar.

Polis özünün şəxsi həyatı olan bir insandır – onun atası, anası, arvadı, uşağı, bacısı, qardaşı var. Eyni zamanda da 50 cinayət işinə baxır. Bütün bunların fonunda həmin polisin həyatının neçə hissəsi cinayət işinin açılmasına sərf edilir? Təbii ki, az bir hissəsi. Adam bütün günü onunla yatıb-durmur ki! Ancaq cinayət törədən insanın bütün həyatı buna həsr olunub.

Gözünü açandan şüuraltı və şüurüstü planlaşdırmalar aparıb. Bu mənada qatillər təbii ki, polisdən daha öndədir.

Adətən qeyri-adi cinayətlər törədən insanların elə qeyri-adi istedadları da olur. Amma həmin insanların istedadı doğru çıxış yolu tapmağa kömək etmir.

Xatırlayırsınızsa, Azərbaycanda universitetlərin birində tələbə bütün elektron kodları sındırmışdı. Onu tutdular, qovdular. Mən həmin vaxt Azərbaycanda olsaydım, gedib xahiş edərdim ki, bu adam istedaddır. Və heç birinizdə olmayan istedad bu adamda var.

Belə istedadları boğanda o, başqa planlar qurur. İnsanların istedadını düzgün istiqamətə yönləndirmək lazımdır ki, o, destruktiv axara getməsin.

Cinayət törədən adamlar destruktiv yolu seçiblər. Buna baxmayaraq orada böyük bir epataj və şou var. Qeyri-adi cinayəti törədənlər qətlləri bir teatra, operaya çevirirlər. Onlar qətllərdən sonra müşahidə edirlər, növbəti qurbanlar seçirlər. Əslində bu, yaradıcılıqdır. Bütün yaradıcı insanların istəyi nəticədir. Onlar çox zaman heç pulu da fikirləşmirlər. Günlərin bir günü düşünür ki, bu qədər yazıb-yaradır, amma dünyanın ondan xəbəri yoxdur. Belə insan şüuraltıda başlayır iplər verməyə ki, onu tapsınlar.

 

– Manyaklar xarici ölkələrdə daha çoxdurmu? Digər bir sual, manyakları dəhşətli və ağlagəlməyən cinayətlər etməyə nə sövq edir?

– Manyaklığın necə yaranması çox qəliz mövzudur. Elmdə çox konkret şərtlər var. Nəyin nədən yarandığını demək üçün təcrübələr keçirilməlidir, yetərsay toplanmalıdır. Bunu isə manyaklarda tətbiq etmək bir az çətindir. Manyaklar elə də çox deyil ki, onların üzərində təcrübə aparsınlar.

Bu məsələ ona görə də hələ ki açıqdır. Güman ki, açıq olaraq da qalacaq.

Bir də mən deməzdim ki, manyaklar xaricdə, məsələn, Avropada çoxdur, qeyri-yerlərdə azdır. Məsələ ondadır ki, Avropada o manyaklar tutulur və məlumatlar məxfi saxlanılmır.

 

– Sizin, həmkarlarınızın cinayət işlərinin açılmasına verdiyi töhfədən danışdınız. Amma bəzən deyirlər ki, hansısa falçı, ekstrasens də guya qatillərin tapılmasına yardımçı olur. Bunlar mümkündürmü?

– Cinayət işlərinə ekstrasenslərin cəlb olunması nə İsveçrədə, nə Avstriyada, nə Finlandiyada mümkündür. Belə şeylər Avropa məkanında Bolqarıstanda və Rumıniyada ola bilər. Praktikada gəldiyim qənaət budur ki, hansısa ekstrasens televiziyaya çıxıb cinayət işinə cəlb edildiyini deyirsə, ya onun yaxşı sevgilisi, ya da yaxşı himayə edən arxası var.

Keçmiş MTN-nin generalları tutulanda bəlli oldu ki, bütün falçıların çoxu onlarla əlaqəlidir. Məlum oldu ki, bir ekstrasens bunlarla əlaqədə olub manipulyasiya edib. Bununla da insanlardan məlumat alırdılar.

Tutaq ki, bir biznesmen düşünürdü ki, gedib dua yazdırsın, işləri yaxşı getsin.

Ekstrasens ordusunun cürbəcür sifətləri var. Əlbəttə ki, nəyisə əvvəlcədən duymaq, o haqda xəbər vermək absurd şeylərdir. Dinə görə də insanın gələcəyi onun öz əlindədir. Əgər bizim gələcəyimiz haradasa yazılmışdısa, cənnət və cəhənnəm nə üçündür?

Ekstrasens o adamlardır ki, guya Allahın bunlara xüsusi yanaşması var və məlumatları onlara sızdırır.

 

– Necə olur ki, bir falçı, cadugər “pasiyentinə” həyətində nəyinsə basdırıldığını deyir və həmin adam da gedib qazanda nəsə tapır?

– Həmin insanlara lazımdır ki, kimsə onlara nəsə desin. Bəzən insanlar nəyəsə inanmağı özləri istəyirlər. Orada çox variantlar var. Qaraçı hipnozunda var ki, insana təsir edirlər, həmin adam gedib özü həyətində nəsə basdırır, heç özünün xəbəri də olmur.

Azərbaycanda isə daha primitiv şəkildə olur. Biri basdırır, biri tapır. Məsələ burasındadır ki, bu oyuna cəlb olunan insanlar da inanmaq istəyir. Kimsə uğursuzluğunu, problemlərinin səbəblərini cadu edilməkdə görürlər, ona görə də ekstrasneslərə, falçılara inanırlar.

Falçıların, cadugərlərin istifadə etdiyi maddələrin hamısı güclü narkotik tərkiblidir. Onlar insanlarda hallusinasiyalar yaradır. O maddəni istənilən yeməyə ya da suya qatanda hallusinasiyalar başlayır. Bu metoddan sektalar da istifadə edir. Müqəddəs su adı ilə camaatı içirdirlər, bu zaman həmin suyu qəbul edən insan hallusinasiya altında gedib nə istəsən edir.

Biz anatomiya keçəndə görürdük ki, cəsədlər formalində saxlanılırdı. Çünki cəsədlərdə çox təhlükəli zəhərli maddələr yaranır. Təbii ki, ölü olan torpaqdan insan hansısa formada istifadə etsə, onda nə qədər problem yaranar. İnsanın dişi də, saçı da tökülər, ölər də.

 

– Dinə inanmayan biri belə deyir ki, filan yerdən keçəndə qulağına əcaib səslər gəldi. Məsələn, 30-cu illərin “KQB” damına girəndə kiminsə qulağına səslər gəlir. Bunlar beynimizdəki ziddiyyətlərin çarpışmasıdır?

– İnannamaq ayrı şeydir. Özünü inanmayan kimi göstərmək isə fərqlidir. İnanmayan olduğuna özünü inandırmaq isə tamam ayrı şeydir. “Mən inanmıram” demək hələ inanmaması deyil.

Çox zaman ateistləri bir az qaşıyanda içərisindən əsl dindar çıxır. Və ya dindarlarda da əksinə olur.

Siz dediyiniz məsələlər şüuraltı baş verən proseslərdir. Orada qeyri-adi bir şey yoxdur.

 

 – Deyək ki, elə bir yerə düşmüsünüz, qulağınıza əcaib səslər gəlir. Vəziyyətdən necə çıxarsınız?

– Psixoterapevt olaraq nəticəsi əvvəlcədən hesablanmış yerlərə getmərəm. Mən kimə nə sübut etməliyəm ki, durum qəbiristanlığa gedim.

Mənə çoxmu lazımdır kiməsə nəyisə sübut edim?! Mənə bu oyuna girmək lazımdırmı?!

 

– Elmir müəllim, insan niyə daha çox qaranlıqda qorxur?

– Bunun səbəbləri çox ola bilər. Ən elementar səbəbi odur ki, bizim qaranlıqda ətraf mühit haqda təsəvvürlərimiz və qavrayış tərzimiz məhdudlaşır. Açıq havada insan daha çox şey görür. Anidən bir bu prosesin birində laxlama gedən kimi təşviş, panika yaşayır.

Biz çox informasiyanı gözlə alırıq. Qaranlıq isə siqnalın, məlumatın azalmasıdır.

Qaranlıq görməni və nəticədə qavramanı məhdudlaşdırır. Qavrama məhdud olanda isə ortalığa fantaziya çıxır. Kimisə beyninə gətirir ki, ağacın dalında ruh var, ya da Şaxta baba gizlənib.

Qaranlıq məlumat kasadlığıdır. İkinci bir məsələ odur ki, insan bilmədiyindən daha çox qorxur. Qaranlıq isə bilinməyən yerdir.

Qaranlıqdan qorxmağın başqa perinetal psixoanalitik izahları da ola bilər. Uşaq ana bətnində rahat, xoşbəxt bir şəraitdə yaşayır.

Doğuş zamanı isə uşaq doğuş yollarından qovulur, bu dünyaya göz açır. Doğuş ilkin təşvişə səbəb olan dəhşətli travmadır. Ana bətnində yaşayır, hər şey gözəldir, körpəni sevgi dolu bir dünya əhatə edir. Nə yeməyinə, nə tualetə getməyinə ehtiyac var. Xoşbəxt və firavan həyat yaşayır. Bu, dini kitablardakı cənnətə bənzəyir.

Günlərin bir günü isə uşağı sevən dünya onu qovur. Adəm cənnnətdən qovulan kimi. Və nə yaranır? Günah hissi. Uşaq düşünür ki, mən nə etdim ki, oradan qovuldum.

Hesab edirəm ki, insan doğularkən yaşadığı dəhşəti heç vaxt yaşamır. Uşağın birinci təcrübəsi dəhşətdir. Doğuş zamanı hamımız dəhşətli travma alırıq. Bəs nəyə görə deyirlər ki, ana yeni doğulmuş körpəni qucağına almalıdır? Uşaq bu zaman ana ürəyinin döyüntüsünü, bədən temperaturunu eşitməlidir ki, ilkin travma azalsın. Çünki bətndə eşidirdi. Doğuş travması, qaranlıq dediyimiz şeylər qorxu yaradır.

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir