saqqiz

Love is… – Uşaqlığımızın ən maraqlı saqqızının kədərli tarixçəsi

Baxış sayı: 1. 273

Uşaqlığımızın ən sevimli saqqızları “Love is…” . Yəqin ki, xatırlamayan yoxdur. Hələ içərisindən çıxan maraqlı komiksləri də toplayırdıq. Amma saf uşaq qəlbimizlə hardan biləydik ki, əslində sevə-sevə oxuduğumuz bu vərəq parçaları böyük məhəbbət romanıdır.

“Love is” çox qəmgin sevgi hekayəsinin sarı yarpaqlarıdır.

Rəsm və mətnlərin müəllifi Yeni Zellandiyalı rəssam qadın bu adla mərhum ərini yad edirdi. Əslində isə hadisələr belə başlamışdı.

Kim Qrouv adlı rəssam 19 yaşında ikən dünya səyahətinə çıxır. 6 ildən sonra isə Kaliforniyada kök salır. Burada Roberto Kasali adlı italyanla tanış olur. Aşiqlər evlənirlər. Məhz Roberto onu həmin personajları yaratmağa ruhlandırır. Kim salfetlərin üzərində birgə həyatlarının ən maraqlı məqamlarını təsvir edir. Üzərində isə Sevgi budur deyib mətnlər yazırdı.”Mən duyğularımı bu yolla üzə çıxarırdım. Bir növ gündəliyə bənzəyirdi. Öncə bir damla çəkdim, o dönüb qız oldu. Qız mən idim. Fantastik duyğuları isə mənim hiss etdiklərim idi. Daha sonra bu duyğuların ünvanı olan ikinci damlanı, yəni oğlanı təsvir etdim. Seçimim olsaydı, romantik mahnılar bəstələyərdim. Eşq bəstələri qəlbimə toxunur, Təəssüf k, bacarığım yoxdur, ancaq komikslərlə duyğularımı izhar edirəm”.

Təəssüf ki, Kimlə Robertonun məhəbbət hekayəsi uzun çəkmir. Oğulları dünyaya gələndən dörd il sonra Robertoda xərçəng aşkarlanır. Həkimlər heç cür kömək edə bilmirlər. Kim ərinin son günlərini onunla birgə keçirmək üçün komikslərin taleyini həmkarına həvalə edir. Beləcə rəngli “Love is” rəsmləri işıq üzü görür.

1975-ci ildə Robertonu əməliyyat edirlər. Ailə özünü daha pis xəbərlərə hazırlayırdı. Bir gün Kim sevimli ərinə deyir ki, onun üçün ən böyük hədiyyə daha bir övlad olardı. 1976-cı ildə cütlük Robertonun spermasını dondurmağa qərar verirlər. Bu yolla Kim hətta əri dünyadan köçəndən sonra da hamilə qala bilərdi. Roberto öləndən bir müddət sonra Kim süni yolla ərindən hamilə qalıb övlad dünyaya gətirir. Pərəstişkarları onun qərarını sevgi ilə qarşılasalar da, din xadimləri rəssamı tənqid edirlər.

Sevimli ərimdən daha bir hədiyyə almışam. Bundan gözəl heç nə yoxdur deyən rəssam və onun acılı-şirinli eşq əfsanəsi bəlkə də uşaqlıqda başımıza gələn ən maraqlı xatirədir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir