imtahan

“İmtahan saxtakarılığı”nın qarşısını necə almalı?

Baxış sayı: 1. 162

I və IV fənn blokuna daxil olan ixtisaslar üzrə qəbul imtahanı artıq  yekunlaşıb. Bu imtahanlarda da əvvəlki “ənənə” davam etdirilib, başqalarının əvəzinə imtahan verməyə cəhd edənlər olub. Belə ki, 3 nəfər başqasının yerinə imtahana verməyə cəhd etsə də, üz tanıma cihazı vasitəsilə aşkarlanıb və imtahana buraxılmayıblar. Dövlət İmtahan Mərkəzinin “Təşkilati metodiki təminat və təlimlər” sektorunun müdiri Adıgözəl Həbibov abituriyentlər üçün təşkil edilən canlı yayım zamanı  faktı qeyd edib. Bundan əlavə, imtahan binasına telefon keçirmə cəhdləri də uğursuzluqla nəticələnib. 2 abituriyent imtahan zalında telefondan istifadə etmək istəyərkən aşkarlanıb. Sektor müdiri onların da imtahandan xaric edildiklərini bildirib. Cavab vərəqlərini imtahan binasından çıxardığına görə isə 4 abituriyentin nəticələri ləğv edilib. “İmtahanlarda iştirakçıların hüquqları ilə yanaşı, vəzifələri də var. Bu vəzifələrin ən başlıcası tələb olunan imtahan qaydalarına əməl olunmasıdır”.

Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə də təəssüflə zaman-zaman bəzi abituriyentlərin qaydaları pozmağa cəhd göstərdiklərini və onlara qarşı müvafiq tədbirlər həyata keçirməyə məcbur olduqlarını qeyd edib: “Saxta sənəd təqdim etmək, imtahana öz yerinə başqasını göndərmək, imtahan binasına, zalına mobil telefon və digər rabitə vasitələri gətirmək və onlardan istifadə etmək, başqasının cavab vərəqinə, sual kitabçasına baxmaq və ya öz cavab vərəqinə, sual kitabçasına başqasının baxması üçün şərait yaratmaq, cavab vərəqini və sual kitabçasını nəzarətçiyə təhvil vermədən imtahan zalından çıxmaq və digər pozuntular daha çox müşahidə olunur. Bütün bunlar DİM tərəfindən həyata keçirilən təhlükəsizlik tədbirlərinin daha da gücləndirilməsini, əlavə işçi qüvvəsinin cəlb olunmasını və imtahanların təşkilinə ayrılan xərclərin artırılmasını tələb edir”.

Təbii ki, abituriyentin göstərilən hərəkətlərə yol verməsi halları aşkar edildikdə, o, imtahandan xaric olunur və nəticələri ləğv edilir. Həmçinin abituriyentin imtahan qaydalarına zidd hərəkətini imtahandan sonra da aşkar etmək üçün müxtəlif üsullardan istifadə edilir və yenə də DİM-in nəticələri ləğv etmək hüququ var.

Elə aprel ayında keçirilmiş buraxılış imtahanlarında iştirak edən 48 abituriyentin nəticələrinin ləğv olunması faktını xatırlatmaq kifayətdir. Belə ki, 7, 14 və 21 aprel tarixlərində keçirilən tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarında sual kitabçalarının dəyişdirilməsi, mobil telefon aşkar olunması və digər səbəblərdən ümumilikdə 31 abituriyent imtahandan xaric olunub və onların nəticələri ləğv olunub. İmtahanlardan sonra aparılan araşdırmalar nəticəsində kommersiya məqsədi ilə fəaliyyət göstərən müxtəlif kurslar və orada repetitorluq fəaliyyəti ilə məşğul olan insanlar tərəfindən abituriyentlərin müxtəlif qayda pozuntularına yol verməyə sövq edilməsi halları aşkar olunub. Bundan əlavə, müxtəlif hazırlıq kurslarının əməkdaşları sosial şəbəkələrdə yaradılan səhifə və qruplarda imtahan suallarının əldə edilməsi, paylaşılması, hətta imtahandan öncə bir binada və zalda imtahan verən abituriyentlərin tapılması, tanış edilməsi və digər işlərin təşkil edilməsində fəallıq göstərirlər.

Bəs qəbul və buraxılış imtahanları zamanı baş verən bu cür mənfi halların qarşısının alınması üçün hansı addımlar atılır? Bütün hallarda, insan taleyini və gələcəyini müəyyənləşdirən sınaqların saxtalaşdırılmasına asanlıqla göz yummaq olmaz.

 

Yaddaş kitabçası

DİM-in mətbuat xidmətindən daxil olan məlumatda bu cür halların qarşısının alınması üçün lazımı tədbirlər görüldüyü qeyd edilir. Belə ki, binaya daxil olarkən abituriyentlərin imtahana buraxılış vərəqəsi və şəxsiyyəti təsdiq edən sənədləri diqqətlə yoxlanılır. Şəkillərin uyğunluğu tutuşdurulur. Bundan əlavə, bəzi imtahan binalarına giriş zamanı imtahan iştirakçılarının şəxsiyyətini dəqiqləşdirmək məqsədilə “Face Recognition” (üzün tanınması) texnologiyasına əsaslanan proqram-texniki vasitələrdən istifadə olunur: “Bakalavrların şəkli “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi (İAMAS) və ya DİM-in informasiya sistemlərindən götürülərək ayrıca elektron bazaya daxil edilir. İmtahana giriş zamanı isə proqram-texniki vasitə iştirakçının kamera vasitəsilə götürülmüş şəklini onun bazadakı şəkli ilə müqayisə edir və şəkillərin eyni şəxsə aid olub-olmadığı barədə məlumat verir. Bu texnologiyanın tətbiq edilməsində əsas məqsəd bakalavrların imtahan binasına buraxılış rejimini daha surətli həyata keçirmək və qeydiyyatdan keçmiş bakalavrların əvəzinə başqa bir şəxsin imtahan binasına daxil olmasının qarşısını almaqdır. Həmçinin imtahan zalında imtahan rəhbəri də onda olan şəkilli kataloqa əsasən bir daha şəkillə abituriyentin uyğunluğunu yoxlayır”. DİM-in mətbuat xidmətinin rəhbəri Xanlar Xanlarzadə bildirdi ki, belə hallar xüsusi araşdırılır və onun nəticələrinə əsasən qərarlar qəbul olunur: “Məsələn, keçən il belə hal olmuşdu və bununla bağlı cinayət işi açılaraq məhkəməyə göndərilib”. Bu istiqamətdə əhali ilə maarifləndirmə işlərinin aparılmasına gəlincə, DİM rəsmisi bildirdi ki, hər bir imtahandan öncə sırf həmin imtahan üçün “Yaddaş kitabçası” hazırlanır: “Burda bütün qaydalar bir daha qeyd olunur. Hətta “imtahana buraxılış vərəqəsində” də qaydalardan əsas hissələr yazılır ki, bir daha tanış olsunlar. İmtahan başlamamışdan öncə də, nəzarətçi təlimatı oxuyur, qayda və qanunları izah edir”.

 

Valideynlərin məsuliyyəti

DİM-in İctimai Nəzarət Şurasının üzvü Etibar Əliyev hesab edir ki, başqasının əvəzinə imtahana daxil olmaq sui-istifadə halıdır. Burda böyük məsuliyyət məsələsi var: «İmtahan zamanı biz şahidi olduq ki, DİM rəhbərliyi bu cür neqativ halların aradan qaldırılması üçün müasir texnologiyalar əldə edib. Həmin texnologiya vasitəsilə kim kimin əvəzinə imtahana daxil olursa, əsl imtahan verənin fotosu əsasında dəqiq müəyyənləşdirə bilirlər. Sovet vaxtı bu cür halları aşkarlamaq çətin idi. Çünki texnologiya inkişaf etməmişdi. Kimsə kiminsə əvəzinə rahat imtahan verə bilirdi. Bu gün isə bu, mümkün deyil”. Təhsil eksperti hesab edir ki, bu hal, kiminsə ali məktəbdə yerini tutmaq məsuliyyətini daşıyır: “Kiminsə əvəzinə imtahana savadlı birisinin daxil olması, başqa birisinin hüququnun pozulmasına gətirib çıxarır. DİM ötən illərdə bir neçə belə neqativ hal barədə hüquq-mühafizə orqanlarına müraciət edib. Ancaq təkrar olaraq belə bir addımın atılması başadüşülən deyil. Konkret olaraq bu işin sonu yoxdur. Xüsusən müasir texnologiyalar bütün hallarda saxtalığı aşkara çıxara bilirlər” Ekspertin fikrincə, bu işdə valideynlərin də üzərinə məsuliyyət düşür: “Onlar övladlarını bu işdən çəkindirməlidirlər. Bu, perspektivsiz işdir. Tövsiyə edərdim ki, abituriyentlər belə addımları atmasınlar. Həm də bunun hüquq tərəfi var. Bu isə heç də ürəkaçan nəticələrə gətirib çıxarmır”. E.Əliyev hesab edir ki, insanları bu cür addımlar atmaqdan çəkindirmək üçün təbii ki, evbəev, qapı-qapı düşüb fərdi şəklidə təbliğat aparmaq mümkün deyil: “İnformasiyalar sosial şəbəkələrdə aktiv yayılır. İnsanlar şagird və ya abituriyent səviyyəsində belə, informasiyaları bir-birinə ötürürlər. Kimlərsə “birdən baş tutar və ya aşkara çıxmaz” deyərək özünü taleyin ümidinə buraxır. Ancaq ağı nəticələr olandan sonra artıq başa düşürlər. Hesab edirəm ki, görülən tədbirlər nəticəsində əvvəllər belə hallar çox olsa da, get-gedə səngimək üzrədir”.

 

Hüquqşünas Səməd Vəkilov isə məsələnin hüquqi tərəfini belə şərh etdi: “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 5-ci maddəsinə əsasən yalnız həmin məcəllədə ictimai təhlükəli əməl kimi cəza təhdidi altında nəzərdə tutulan əməl, cinayət hesab edilir. Və mülki qanunvericilikdən fərqli olaraq, Cinayət qanunvericiliyi analogiyanın tətbiqinə yol verilmir. Odur ki, başqasının əvəzinə imtahana qatılmaq istəyən şəxsləri cinayət məsuliyyətinə cəlb etmək və cəza vermək mümkün deyil. Çünki yuxarıda qeyd etdiyim kimi, Cinayət Məcəlləsində belə bir maddə olmadığı üçün bu, mümkünsüz olur”. Hüquqşünas Cinayət Məcəlləsinə belə bir maddənin əlavə edilməsini təklif edir: “Vaxtilə qəbirlər üzərində təhqiramiz hərəkətlər edən və meyitlərin qızıl dişini çıxaran şəxsləri, məcəllədə maddə olmadığı üçün cinayət məsuliyyətinə cəlb edə bilmirdilər və sonda məcəlləyə belə bir maddə əlavə edildi”.

Görünür, məsələnin həlli istiqamətində daha radikal addımlar atılmalıdır. Əgər imtahanlarda bu tip saxtakarlıq halları aşkarlanır və son verilmirsə, hətta müəllimlər səviyyəsində oxşar faktlara rast gəlinirsə, deməli, problem daha ciddidir.

 

Təranə Məhərrəmova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir