xeyanet

İki telefonla xəyanət

Baxış sayı: 1. 866

Aynurə eyni markalı, eyni rəngli iki telefon işlədirdi. Biri ilə əri, qohum-əqraba, tanış-bilişlə əlaqə saxlayır, digəri ilə isə tanış olub özünü satdığı kişilərlə.

..Səhər o başdan  Sumqayıt şəhəri Polis İdarəsinin 3-cü bölməsinə gələn oğlan , öz əmisi qızını öldürdüyünü etiraf edib, törətdiyi cinayət əməli haqqında ərizə yazmaq istədiyini bildirdi…

Dərhal əməliyyat-istintaq qrupu yaradıldı. Əməliyyat qrupu hadisə yerinə getdi. 11-ci mikrorayon “Rus qəbristanlığı”  deyilən  ərazidə, qarajların  qarşısında gənc bir qız meyiti var idi… Qız çoxsaylı bıçaq zərbələrindən  ölmüşdü.

1984-cü ildə doğulan Yaqub Şirin oğlu saxlanıldı.  Tərtib olunan materiallar isə Sumqayıt şəhər Prokurorluğuna göndərildi.

Müstəntiqin  “Cavan oğlan idin. Niyə belə bir cinayət törətdin? Özün yaratmadığın canı niyə alırdın…?”- sualına səsi titrəyə-titərəyə cavab verdi Yaqub Ağayev:

–Mən Aynurənin məhəbbətini  illərlə könlümdə əzizləyib bəsləmişdim.  Ailəmizdə hamı bu evliliyə zidd gedirdi.  Mən öz  sözümü tutdum. Sevdiyimlə evləndim.  Dolanışıq çətin olduğundan  1997-ci ildə Beyləqanın Təzəkənd kəndindəki evimizi boş qoyub ailəliklə Sumqayıta köçdük. Məktəbi də oxumadım. Sumqayıta gələndən sonra usta yanına gedib maşın təmirçisi sənətini öyrəndim.  Sonra çörək pulu dalınca Qazaxıstana getdim. Orada da bir müddət yaşadım, anladım ki, qərib yerin çörəyinin bərəkəti olmur. Qayıtdım Vətənə. Əmim qızı Aynurə  ilə evləndik.  Xoşbəxt yaşayırdıq. “Qa”- deyəndəçörəyini, “Qu” deyəndə- suyunu gətirirdim”. Əlimin sənəti ilə , halal zəhmətimlə qazandığım nəyim varsa, ona xərcləyirdim.  İki uşağımız dünyaya gəldi. 2010-cu ildə oğlum, 2013-cü ildə qızım doğuldu.  Oğluma atamın adını qoyduq-Şirin.  İlk illərdə Aynurə o qədər ailəcanlı, diqqətli idi ki mənə qarşı… Bilmirəm nədən oldu, niyə belə elədi? Ancaq gərək onu  elə ilk dəfə evdən  itib gedəndə bağışlamayaydım.

“Bu telefon çıxardanın evi yıxılsın deyim,  deməyim”- bilmirəm.  Bir dəfə əlindəki telefonda  tanımadığım şəxslə yazışdığını görmüşdüm. Evdə dava saldım. Min bir bəhanə gətirib məni  inandırdı ki, mesajlar ona yox, qonşuya yazılıb.  2014-cü ildə, günlərin bir günü  səhər yuxudan durub gördüm ki, yoxdur. Bunu nə qədər gəzdimsə nə evdə, nə qohum-əqraba evində,  nə də  anasıgildə tapdım. Atası  doğmaca əmimdir.  Dedim ki,  Ramiz əmi, qızınızın yerini öyrənin, mənə də deyin. 2 uşağı üstümə atıb,  iynə kimi yoxa çıxıb. Bir neçə aydan sonra, əmim zəng vurub dedi ki, Aynurə tapılıb.  “Lənət şeytana”- deyib, gedib bununla atası evində görüşdüm. Yenə də min bir bəhanə gətirərək,  güya Türkiyəyə qazanc dalınca getdiyini, sonra da orada xəstələnib gələ bilmədiyini deyib, məni inandırmaq istədi.   Bağışladım. Sevgimin, uşaqlarımın xatirinə bağışladım onu.  Lakin indi ata-anam qəti şəkildə bildirdilər ki, bir daha  gəlinin üzünü görmək istəmirlər. Mən  Sumqayıtda 18-ci məhəllədə bir ev kirayələdim.  Bütün kasıb insanlar kimi, səhər işə gedib, axşam evə qayıdırdım. Artıq 3 ilə yaxın idi ki, normal yaşayırdıq. 2018-ci ilin  ortalarında yenə hiss etdim ki, Aynurənin  fikri başqa yerdədir, uşaqlara qarşı münasibəti dəyişib, mənə qarşı soyuyub. Günlərlə məni özünə yaxın buraxmırdı.  Bir neçə dəfə onun  telefonda  kimlərləsə  gizlin və ya aşkar danışdığını görüb kiminlə danışması ilə maraqlananda,  səs-küy qaldırdı, evdə dava  salırdı.  Sadəcə mən ona kiminləsə danışdığını sübut edə bilmirdim. Bir neçə dəqiqə keçəndən sonra telefona baxırdım ki,  nə oxuduğum mesajlar var, nə də zənglər.  Aynurənin son zamanlardakı davranışları məni lap təbdən çıxarmağa başladı. Artıq bilirdim ki, hardasa bir görüşdüyü, danışdığı adam var.  Bir neçə dəfə onu güddüm.  Uşağı məktəbə apardığı yolda onu gözlədim.  Baxdım ki, kiminləsə çox biədəb, əxlaqsız şəkildə intim söhbətlər edir… Dəhşətə gəldim. Axı mən ona qarşı belə hərəkətlər etməmişdim.  Uşağı məktəbə qoyub qayıdıb gələndə, ağacların arxasından çıxıb  onu  haqladım, döyməyə başladım.  Zərbədən yerə yıxıldı. Yerə yıxılanda gördüyümə məəttəl qaldım. Aynurənin üsündə iki telefon var idi. Hər ikisi eyni model, eyni üzlüklü telefonlar. Sən demə, bu vaxta qədər, məni  aldadan gəzdirdiyi iki telefon imiş. Telefonun biri ilə gəzdiyi kişilərlə, digəri ilə isə  qohum-əqraba ilə danışırmış. Həmin gündən etibarən evə getmədim. Bütün həyatım, varlığım alt-üst oldu. Çünki ikinci dəfə barışdığımızda, mənə söz vermişdi ki, heç vaxt səhv etməyəcək, məni aldatmayacaq. Mən nə qədər aciz və sadəlövh  imişəm.

Aynurənin mənə  yenə xəyanət etdiyini daha kimsəyə söyləmədim.  Kimə nə deyəcəkdim ki? Hamı üstümə güləcəkdi. Onun əlindəki telefonda elə biədəb və əxlaqsız şəkillər gördüm ki,  dəhşətə gəldim. Mən bir gör kiminlə bir damın altında yaşayırammış… O gündən etibarən  parklarda yatdım. Plan qururdum ki, onu harada, necə öldürüm. Çünki  o məni yerlə-yeksan etmişdi. Bütün ömrümə qara bir ləkə vurmuşdu.  Mən hər dəfə ondan şübhələnəndə, üstümə elə çığırıb, özünü  elə təmizə çıxarmışdı ki, deyirdin ki,  süddən çıxmış ağ qaşıqdır. İnanın ki, məni borclu çıxarırdı.

Hadisədən üç gün əvvəl, 2018-ci il dekabrın 5-də mağazadan bir iti tiyəli bıçaq alıb gödəkçəmin altında gizlətdim. Qardaşımın evinə gedib onun avtomobilini  istədim.  Dedim ki, darıxıram, bir az şəhərdə maşınla dolanmaq istəyirəm.  Bilirdim ki, Aynurə də qardaşım Razimgildədir.  Onu söhbətə çağırdım. Əvvəl qorxub gəlmək istəmədi. Dedim ki, Rusiyaya gedirəm, bir-iki məsələni həll etməliyik və evdən paltarlarımı götürməliyəm. Beləcə, inandırdım Aynurəni.  Oğlum Şirini də özü ilə götürüb, gəlib maşına əyləşdi. Maşını şəhərin 11-ci mikrorayonundakı”Rus  qəbristanlığı”nın arxasındakı qarajlar tərəfə sürdüm. Orda maşını saxladım. Düşmək istəmirdi. Dilə tutub düşürdüm.  Divarın dibinə gətirib bıçaqladım.  Qan gözümü tutmuşdu. Hirs məni boğurdu. Nə etdiyimi bilmirdim.  Bıçaq zərbələrini vurduqca vurdum. Bu zaman oğlum ağlaya-ağlaya gəlib məni itələdi…  Elə bil ki, onda ayıldım.  Aynurəni ölmüş vəziyyətdə  daşların üzərində atdım…  Oğlum Şirini çağırıb  yenidən maşına otuzdurub, apardım qardaşımgilə… Maşının açarını ona verib, dedim ki, əminə deyərsən ki, gələcəyəm…”

…Oğlunu qardaşının evinin qarşısında düşürəndən sonra isə, Yaqub Şirin oğlu Ağayev Sumqayıt şəhəri Polis İdarəsinin 3-cü bölməsinə gələrək törətdiyi ağır cinayəti etiraf edir.

Əməliyyat və istintaq hərəkətləri aparıldıqdan,  izahatlar alındıqdan sonra,   26 yaşlı Aynurə Ağayevanın  telefonlarına baxış keçirilərkən, həqiqətən də orada müqəssir Yaqub Ağayevin ifadəsində göstərdiyi faktlar öz əksini tapır. İşüzrəşahid qismində istintaqa cəlb edilən və  ifadə verən 6 nəfər kişi  könüllü şəkildə təsdiq edirlər ki, onlar ayrı-ayrı vaxtlarda, küçədə təsadüfən tanış olduqları  A.Ağayeva ilə  intim münasibətlər qurublar. Bu münasibətlərin əksəriyyəti bir və ya iki dəfədən artıq olmayıb.  İntim münasibətin müqabilndə isə qadına pul da ödəyiblər…

Bir neçə gün öncə-mayın 15-də  Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Yaqub Ağayevin işi üzrə məhkəmə iclası başa çatdı. Hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxundu. 28 yaşlı  Yaqub Şirin oğlu Ağayev  məhkəmənin hökmü ilə 16 il müddətinə azadlıqdan məhrum edildi.

 

Aida Eyvazlı




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir