bosanma

“Bəs sən bu adamı sevib evlənməmişdin?!” – Psixoloqdan boşanmalara münasibət

Baxış sayı: 1. 184

Evlilik və boşanmalarla bağlı bu ilin ilk 4 ayının statistik rəqəmləri açıqlanıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin ilk 4 ayında 18 273 nikah və 5 562 boşanma hadisəsi qeydə alınıb. Əhalinin hər 100 nəfərinə nikahların sayı 5,6, boşanmaların sayı isə 1,7 olub.

Rəqəmlər evliliklərin sayının boşanmalardan artıq olduğunu göstərir. Lakin psixoloq Fərqanə Mehmanqızı bu fikirdədir ki, boşanmaların sayının azlığı evliliklərin sayının azalmasına bağlıdır:

 

– Boşanmaların sayı az deyil. Evliliklərin sayı azalıb deyə, boşanmaların da sayı azalır. Yəni, azalan evliliklər fonunda boşanmaların sayı az görünür.

 

Səbəblərə gəlincə, F.Mehmanqızı bir neçə amilin üzərində dayandı:

– Bu gün evliliklər görüntü xatirinədir. Əhali «filankəs toy elədi, möhtəşəm ziyafət təşkil olundu, biz də edək» kimi yanaşmalara bağlanıb. Nikah və boşanmalarla bağlı statistika aparanlar gərək şadlıq sarayları ilə bağlı da statistika aparsınlar ki, toy mərasimləri harada, hansı şadlıq sarayında, hansı «plaza»larda keçirilib? Onda görünəcək ki, nişan, toy mərasimləri ən bahalı şadlıq sarayları, əyləncə mərkəzlərində keçirilib.

 Deməli, insanlar bunu görüntü üçün edir. İki nəfər biri-birini sevirsə və evlənməyə qərar verirlərsə, toyun harada keçiriləcəyi önəmli olmamalıdır. Son dövrlər bir halı da müşahidə edirəm. Televiziyalarda qızıllar, ləl-cəvahirat reklam olunur, həm də ağır qızıllar, hansı ki, adətən gəlinlər üçün alınır. Deməli, bu yenə görüntü üçün və kimlərinsə qarşısında üstün görünmək istəyidir.

Baxın, son bir ayda nə qədər toy dəvətləri alıb ətrafdakılar. Evliliklər artıb, boşanmalar da ona görə az görünür. Amma mən əminəm ki, növbəti statistik rəqəmlərdə boşanmaların sayı çox olacaq. Evlənirlər, 3-4 aydan sonra boşanırlar. Səbəb nəyi göstərirlər? Qəlbimi qırılıb, deyirlər. 20-30 illik ailə həyatı yaşayanların heçmi qəlbi qırılmayıb? Həyat yoldaşları tərəfindən heçmi şiddət görməyiblər? Hər aidədə söz-söhbət, dava-dalaş olur. Bəs uzun illər birgə ailə həyatı yaşayanlar necə dözür? «Qürurum var» deyirlər. Boş sözlərdir. Məgər bizim nənələr, ana-bacılarımız qürursuz, şərəfsiz idi?!. Sadəcə, son illərdə özünü bəyənən, saxta qürur təəssübkeşləri əmələ gəlib. Sözləri biri-birinin boğazından keçmir. Valideynlər də məsləhət vermək, gərginliyi azaltmaq, tərəfləri barışdırmaq əvəzinə alovu daha da körükləyirlər.

 

F.Mehmanqızı bildirdi ki, hazırda gənclər biri-birinə yaxınlaşıb münasibət qurmaqdan çəkinir:

– Oğlanlar açıq-aşkar deyir ki, qızlara yaxınlaşıb münasibət yaratmaqdan qorxuruq. Qıza yaxınlaşıb salam verən kimi deyir, gəl, evlənək. Deməli, yenə görüntü yaratmaq məsələsidir. Qısa zamanda evlənib ailə qurmaq istəyirlər, bir ildən sonra boşanma üçün müraciət edəndə, deyirlər, xasiyyətimiz tutmadı. Bir ildə bu xasiyyət nə tez dəyişdi? Bəs sən bu adamı sevib evlənməmişdin? Bilirsiz, «elə ailələr var, sevgji üzərində qurulub, amma 1-2 ildən sonra ayrılırlar», eləsi var, əvvəldən heç tanımayıblar biri-birini, amma xoşbəxt yaşayırlar, tipli mülahizələr üzərində dayanmaq doğru deyil. Psixologiyada belə yanaşma var: istisnalar nümunə deyil. İnsanlar, talelər müxtəlifdir. Möhkəm ailə qurmaq üçün tərəflər biri-birinə ən azı 2 il tanımalıdır.

 

Məlahət Rzayeva




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir