bosanma

Azərbaycanda saxta boşanmalar – DƏHŞƏTLİ STATİSTİKA

Baxış sayı: 1. 148

Azərbaycanda gündə təxminən 45 nəfər boşanır. Dövlət Statistika Komitəsi boşanmalarla bağlı statistik rəqəmləri açıqlayıb.

Həmin statistikaya əsasən bu ilin ilk dörd ayında Azərbaycanda 18 min 273 nikah və 5 min 562 boşanma halları qeydə alınıb. Bu isə o deməkdir ki, gündə təxminən 45 nəfər boşanır.

Ümumiyyətlə, Azərbaycanda son illər boşanmalar artan statistika ilə irəliləyir.

Ekspertlər, cəmiyyətdə baş verənləri müşahidə edənlər hesab edir ki, boşanmaların kökündə duran səbəblər çoxdur və bunlar araşdırılmalıdır.

 

Psixiatr Murad Sultanov bildirir ki, boşanmaların səbəblərini bir-iki faktorla çərçivələmək mümkün deyil: “Boşanmaya təsir edən amillər çoxdur. Bunların hamısı ilə bağlı araşdırma aparılmadan fikir söyləmək çətindir. Məsələn, urbanizasiya (kənddən şəhərə köçmək) nikahların statistikasına təsir göstərən amillərdəndir. Bundan başqa hazırda qadınlar daha çox təhsil alır, maddi baxımdan həyat yoldaşından az asılı olur. Belə olanda isə ailə münasibətlərində hər hansı bir dözülməz hal olduqda, qadınlar nikahın pozulması ilə bağlı daha asan qərar çıxara bilirlər. Bəlkə də nikahların pozulması statistikası artır, amma ailə daxilində zorakılıqların sayı azalır. Bunları araşdırmaqla bilmək olar”.

Həkim onu da bildirir ki, müasir həyatda getdikcə keçmiş ənənələr, dinlə bağlı məhdudiyyətlər azalır, yəni insana daha az təsir göstərir. Onun sözlərinə görə, bu məhdudiyyətlərin azalması da boşanmaların sayının artmasına səbəb ola bilir: “ Təbii ki, biz kompleks faktorlardan danışırıq. Nikahların pozulmasında sosial faktorlar da çoxdur. Araşdırılmadan bir şey demək çətindir.

Nikahların pozulmasını azaltmaq üçün birinci nikahların qurulması prosesini istiqamətləndirmək lazımdır. İnsanlar ailə quranda daha anlaqlı vəziyyətdə anlaqlı qərarlar qəbul etsinlər-deyə. Psixoloji baxımdan insanların bir-birinə uyğun olub-olmadığı və s. amillər nəzərə alınmalıdır”.

M.Sultanov əlavə edir ki, valideynlər tərəfindən əvvəlcədən razılaşdırılmış nikahlarda sonradan pozulma faizi daha yüksək ola bilər.

 

AMEA-nın Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi, sosioloq, fəlsəfə üzrə fəlsəfə doktoru Ağasəlim Həsənov bildirir ki, ekspertlər tərəfindən proqnazlaşdırılanlardan daha çox boşanmalar müşahidə olunur.

Sosioloq boşanmalarda önəmli faktor kimi sosial-iqtisadi problemləri önə çəkdi. Onun sözlərinə görə, Azərbaycandakı boşanmaların böyük bir hissəsi sosial-iqtisadi problemlərdən qaynaqlanan ailə münaqişələri nəticəsində ortaya çıxır.

Ekspert deyir ki., boşanmalara təsir edən amillərdən biri də mənəvi-əxlaqi aşınmadır: “Boşanmalara digər səbəb kimi ötən 10 illər ərzində Azərbaycan cəmiyyətindəki mənəvi-əxlaqi aşınmaları qeyd edərdim. Ailə başçısının həyat yoldaşı və övladlarına olan münasibəti əvvəlkindən kəskin fərqlənir. Mənəvi dəyərlərin aşınmasından irəli gələn səbəblərdən kifayət qədər ailələr boşanır. Qadının kişi ilə bir-birinə bağlılığı, etibarı, inamı əvvəlki dövürlərlə müqayisədə kifayət qədər zəifləyib”.

 

Süni boşanmalar artıb

Sosioloqun sözlərinə görə, son zamanlar Azərbaycanda süni boşanmalar müşahidə olunur: “Süni boşanmalar ortada olan statistikaya çox ciddi təsir edən səbəblərdən biridir. Bu səbəb də müxtəlif məsələlərlə bağlıdır. Tutaq ki, məcburi köçkün ailənin qız övladı yerli bir şəxslə ailə qurur və məcburi köçkün statusunu itirir. Məcburi köçkün və qaçqınların dövlətdən mənzil təminatından tutmuş müxtəlif gözləntiləri var. Qaçqın statusunu itirməmək üçün həmin ailə bir yerdə yaşadığı halda, sənəd üzərində ayrılır. Öz müşahidələrimizdən kifayət qədər belə ailələr olduğunu deyə bilərik. Bu, həmin məcburi köçkünün gələcəkdə dövlətin bu statusda olan insanlara verdiyi imtiyazlardan yararlanmağa hesablanmış addımlardır. Son iki-üç il ərzində bu hal artan xətt üzrə gedir”.

A.Həsənov deyir ki, miqrassiya da nikahların pozulma sayına təsir edir: “Azərbaycan vətəndaşı hansısa Avropa ölkəsinə və yaxud Amerikaya miqrassiya etmək istəyir. Miqrassiya etməyin müxtəlif yollarından biri də həmin ölkədə nikaha daxil olmaqdır. Azərbaycanda ailəli olan vətəndaş nikaha daxil ola bilməyəcəyi üçün məcburən qanunla boşanır. Getdiyi ölkədə nikaha daxil olur oturma izni alır və gələcəkdə vətəndaşlıq üçün müraciət edir. Sonradan yenidən boşanır, əsl ailəsi ilə yenidən nikaha daxil olur və ailəsini də getmək istədiyi ölkəyə aparır”.

 

Mülkiyyətini itirməmək üçün boşanan məmur

Müsahibimiz boşanma sayına təsir edən başqa bir süni boşanma amilindən danışıb: “Dövlət postlarında oturmuş və əyri yollarla var-dövlət əldə etmiş məmurlar da süni boşanma yolunu tutur. Əldə etdiyi var-dövləti gələcəkdə itirməmək üçün onlar mülkiyyətini öz ailə üzvlərinin adına keçirir və sonra boşanır. Bundan sonra həmin məmur faktiki olaraq heç bir mülkiyyət sahibi olmur. Məhkəmədə həmin şəxsə qarşı mülkiyyəti ilə bağlı heç bir iddia qaldırıla bilmir.

Bəlkə deyərlər ki, belə faktlar varmı? Dərinə gedib araşdırsaq, kifayət qədər belə faktlar var”.

Ekspertin sözlərinə görə, ümumiyyətlə ailənin sosial institut olaraq ortadan çıxmaq təhlükəsi var: “ Müasir Azərbaycan gənclərində, evlənməmək də olar-deyə, fikir formalaşıb. Ailə həyatı qurmaq prioritet məsələ deyil. Bu da nəticə etibarilə ailə sosial institutunun tədricən yoxa çıxmasına gətirib çıxaran faktordur. Ailə insitutu yox olarsa, cəmiyyət ciddi problemlərlə qarşılaşacaq”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir