Görəsən, sosial şəbəkələr bir gün çöksə, necə olar? Həyatımız necə dəyişər? Bu sualları tez-tez zarafatyana işlədirik. Çünki artıq sosial şəbəkələr həyatımızın bir parçasıdır və bu gün əyləncə tərəfindən çox, işgüzar sferada, ölkə əhəmiyyətli məsələlərdə böyük önəm kəsb edir. Hansısa şəbəkədə problem olanda, bu artıq hər sferada işlərə müəyyən qədər təsir etmiş olur.
Azərbaycanlıların ən çox istifadə etdikləri sosial şəbəkələr “Facebook”, “Instagram” və “Whatsapp”dır. Bu şəbəkələrdə əvvəllər də hansısa problem olub, amma çox qısa müddətlik. Lakin iyunun 3-də 6 saata yaxın bir müddətdə faylların göndərilməsi ilə bağlı problem yaşandı. Problem tək bir ölkədə deyil, qlobal olaraq yaşandı. “Facebook”un məsələ ilə bağlı açıqlaması “Twitter” sosial şəbəkəsindən #facebookdown haştaqı ilə paylaşıldı: “Bəzi insanların foto, video və digər faylları yükləyərkən çətinliklə üzləşdiklərini bilirik. Bu cür halla qarşılaşdığınız üçün təəssüf hissi keçiririk. Ən qısa zamanda hər şeyi normal halına qaytarmaq üçün çalışırıq”.
Şirkət bunun səbəbi ilə bağlı rəsmi açıqlama verməsə də, belə bir problemin yaşanmasının səbəbləri ciddi müzakirə mövzusudur.
“Facebook” bunu açıqlamadı
“Technote.az” layihəsinin rəhbəri Fərid Pərdəşünas deyir ki, 3 sosial şəbəkədə eyni vaxtda belə bir problemin yaşanmasının səbəbi bu şəbəkələr üçün fayl ötürülməsini təmin edən servisdə yaranan problem olub: “Facebook” rəsmi olaraq bu problemin hansı səbəbdən qaynaqladığını açıqlamadı. Sadəcə bildirdilər ki, şəkillərin yüklənməsində, səsli faylların göndərilməsində, ümumiyyətlə, fayllarla bağlı olan bütün əməliyyatlarda problem yaşanıb, onu tez bir zamanda həll edəcəklər. Problemin həll olunması 7-8 saat çəkdi. Həll edib istifadəçilərdən üzr istədilər. Əsas problem “Facebook”, “Instagram” və “Whatsapp” üçün fayl, məlumat ötürülməsini təmin edən CDN servisdə idi. Həmin servisdə baş verən problemə görə bu hallar yaşanmışdı, amma qeyd etdiyim kimi, bu, rəsmi məlumat deyil, “Facebook” bunu açıqlamadı. Amma problem bunda idi. Bəzi iddialara görə isə, guya serverə Çin və Rusiya hücumu olub. Bu, tam olaraq şəffaf məlumat deyil, iddiadır. Əgər belə bir hücum olubsa da, “Facebook” rəsmi olaraq hələ ki bunu bəyan edə bilməz”.
Bir neçə ayda “Facebook”un neçənci çöküşüdür
F.Pərdəşünas bildirdi ki, 6 saatlıq problem yaşandığı müddətdə “Telegram” sosial şəbəkəsi istifadəçilərinin sayında böyük artım olub: “Belə problem yaşananda insanlar media faylların göndərilməsi üçün alternativ olaraq “Telegram”dan istifadə edirlər, yaxud “Google”un digər servislərindən. Çünki “Instagram” və “Whatsapp” Facebook”a xidmət göstərən CDN servisə bağlıdır. Bir servis çökəndə “Facebook”un sahib olduğu bütün şəbəkələr çökür. İnsanlar alternativ “messenger” olaraq “Telegram”dan istifadə etdilər və bir neçə saat ərzində bu şəbəkənin yüklənmə göstəriciləri xeyli dərəcədə artıb”.
F.Pərdəşünasın sözlərinə görə, böyük sosial şəbəkədə 6 saatlıq çöküşün yaşanması ciddi məsələdir: “6 saata yaxın müddətdə böyük bir sosial şəbəkədə media servislərin işləməməsi ciddi problemdir. İstər imic, istər təhlükəsizlik, istər də səhmlərinin qiyməti baxımından “Facebook”a ciddi ziyan vurur. Çünki bu, son bir neçə ayda “Facebook”un neçənci çöküşüdür və artıq belə hallar adi hal almağa başlayıb”.
Uzun müddət davam etdi və qlobal oldu
Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyir ki, adətən qlobal resurslarda bu tipli problemlər qısamüddətli yaşanır. Bu dəfə əksi olması ciddi bir problem olduğunun göstəricisidir: “Müşahidələr onu göstərir ki, bu tip qlobal resurslarda problem qısamüddətli olur, tez bir zamanda aradan qaldırılır və sonra da bununla bağlı rəsmi açıqlama verilir. Bu dəfə bir qədər fərqli idi, uzun müddət davam etdi və qlobal oldu. Sanki bütün dünyada bu problem özünü göstərdi. Adətən, problemlər lokal olurdu, Avropa, Asiya, MDB-də və s. Qlobal və uzunmüddətli olması və rəsmi açıqlamanın verilməməsi onu deməyə əsas verir ki, çox ciddi problem olub”.
O.Gündüz deyir ki, çox güman ki bu qurumların tutduqları inhisarçı mövqenin yumşaldılması istiqamətində hansısa işlər aparılır: “Son illər Amerika, Avropa, Böyük Britaniya, həm də elə ictimaiyyətdən, şəbəkələrin milyardlarla üzvlərindən qarşı böyük təpkilər oldu. Onlar müxtəlif səviyyələrdə hesabat verməyə məcbur oldular. Güman edirəm ki, bu qurumlarda nə isə baş verir”
“Bu, mənim özəl malımdır, özüm bilərəm” deməsinlər
O.Gündüz bildirdi ki, artıq sosial şəbəkələr əyləncə istiqamətindən çıxıb və onlar vasitəsilə çox böyük işlər görülür. Buna görə qlobal şəbəkələrin məsuliyyəti daha da artmış olur: “Artıq sosial media bütövlükdə dövlət, özəl müəssisələri, vətəndaş cəmiyyəti, insanlar, şirkətlər, hər bir sahə üçün ayrılmaz hissədir. Sanki biz elə bundan ibarətik. Əvvəllər biz insanların virtual və real həyatı deyə bölgü aparırdıq. İndi elə demək olmaz, bizim həyatımız ordadır. Bu baxımdan, həyatımızın vacib bir hissəsi olan sosial şəbəkələrdə belə bir fasilənin yaranması ciddi problemdir. Elə etmək lazımdır ki, bunlar təkrarlanmasın. Buna adi şəbəkə, internet sayt kimi baxmaq doğru olmazdı. Elə mexanizmlər işlənməli, elə tənzimləmələr olmalıdır ki, insanlar bundan əziyyət çəkməsin. Çünki hər kəs ora investisiya qoyub, sosial şəbəkələr vasitəsilə iş görülür. Düşünürəm ki, dövlətlərin sosial şəbəkələrə təpkiləri, həyəcan siqnalı üçün əsas var. Mənə elə gəlir ki, qlobal resurslar özlərinə yenidən baxmalı, yeni mexanizmlər tətbiq etməlidirlər ki, bu cür hadisələr təkrarlanmasın.
Düzdür, şirkətlərin biznes maraqları da var, amma burda artıq ictimai, dövlət maraqları çox böyükdür. Ortaq yol tapmaq lazımdır ki, bunlar həm liberal olsun, həm belə demək mümkündürsə, ictimai nəzarət imkanları, şəffaflıq olsun, manipulyasiyalara yol verilməsin, dayanıqlı olsun və s. Hesabatlılıq mühiti olmalıdır ki, onlar da çəkinsinlər, sabah bir problem olanda “bu, mənim özəl malımdır, özüm bilərəm” deməsinlər. Bu dövr artıq keçib, qlobal resursların sahibləri idarə etdikləri saytlara “özəl şirkətimdir” deyə yanaşmamalıdırlar, sosial şəbəkələr artıq hamınındır”.
“Facebook” ölkələr arasında fərq qoyur
“Azxeber.com” saytının baş redaktoru Hacıbəy Heydərli bildirdi ki, sosial şəbəkədə istifadəçilərin təhlükəsizliyi məsələsi çox aktualdır, amma bu gün bu, heç də yüksək səviyyədə təşkil edilmir: “Bir çox hallarda görürük ki, istifadəçilərin hüquqları pozulur. Dünən 6 saata yaxın sosial şəbəkələrdə daha da konkretləşdirsək “Facebook”, “Instagram” və “Whatsapp”da problem yaşandı. Maraqlıdır ki, bu hallar son zamanlar daha tez-tez yaşanır və hər 3 şəbəkənin sahibi eyni şəxs olduğuna görə bununla bağlı geniş açıqlama da verilmir, sadəcə bildirilir ki, belə bir problem yaşanıb. Bilirsiniz ki, sosial şəbəkələr bu gün həm də biznes platformasıdır, minlərlə şirkət, yüzminlərlə insan burada reklamını qurur, milyonlarla insan burada informasiya əldə edir, elə o qədər insan da bir-biri ilə ünsiyyət üçün buradan istifadə edir. Ancaq görünən odur ki, sosial şəbəkələrin təhlükəsizliyi çox zəif təşkil edilib. Bir neçə ay öncə minlərlə insanın şəxsi yazışması ələ keçirilmişdi, fotoları, videoları hakerlərin əlinə keçmişdi. Çox təəssüf ki, “Facebook”un mənfi cəhətləri bununla da kifayətlənmir. Məsələn, “Facebook” istədiyi vaxt milyonluq səhifələri silib, atır. Bu səhifəyə gedən zəhmətin, əməyin və ən nəhayət, maddi vəsaitin onun üçün fərqi yoxdur. Sosial şəbəkələrdə problemi söyləmək üçün onlayn çat yaradıb. Bu çat isə ən çox reklam problemini həll etmək üçündür, o da ona görə ki, “Facebook” reklamdan pul qazanır. Əslində, bu reklam məsələsi də çox müəmmalıdır, çünki “Facebook”da saytda olan məlumatı sadəcə önə çıxarır və bundan milyardlar qazanır. Başqa saytlar video baxışı, ziyarətçi sayına görə insanlara pul verir. Məsələn, buna misal kimi “Youtube”u göstərə bilərik ancaq “Facebook” və “Instagram” bunu etmir”.
H.Heydərli qeyd etdi ki, “Facebook” ölkələr arasında da fərq qoyur: “Məsələn, bir İngiltərə vətəndaşının istənilən şikayəti daha operativ araşdırılır, ancaq başqa ölkələrə bu tətbiq olunmur. Hətta reklam veriləndə belə, xarici ölkələrdən qoyulan reklamlar 2-3 dəqiqə ərzində təsdiqlənir, ancaq Azərbaycan, Türkiyə, Rusiya kimi ölkələr 2-3 saat sonra. Düşünürəm ki, bütün bu faktlardan sonra bir daha düşünmək lazımdır. Sabah hansısa yararsız və təhlükəli məlumat yayıla bilər və bunun qarşısını almaq mümkün olmaz. Çünki “Facebook” və “Instagram” yalnız özünə sərf edən məlumatları silir, ölkələrin daxili işlərinə aid, sabitliyi pozmağa hesablanan postlar çox vaxt silinmir, əksinə daha çox insana göstərilir. Bu baxımdan, sosial şəbəkələrə nəzarət olmalıdır və insanlar da hər məlumatı inanmalı deyil”.
Aygün Asimqızı