yag

Bu yağlar sağlamlıq üçün TƏHLÜKƏLİDİR

Baxış sayı: 925

Gündəlik istehlak olunan əsas qida məhsullarına daxil olan yağlar tərkiblərindəki yağ turşularının xüsusiyyətlərinə görə qidalanmaya və sağlamlığa təsir edir.

Azərbaycan Qida Təhlükəsizlik Agentliyindən (AQTA) verilən məlumata görə, son zamanlar aparılan müxtəlif elmi araşdırmalar nəticəsində doymuş yağ turşuları ilə yanaşı, trans yağ turşularının da sağlamlığa mənfi təsiri öz təsdiqini tapıb.

“Belə ki, Qida Təhlükəsizliyi Agentliyi və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu tərəfindən, dünyada aparılan elmi araşdırmalara istinad edilərək, trans yağların insan orqanizmi üçün təsirlərinin elmi əsaslarla risk qiymətləndirməsi aparılıb və həmin araşdırmalar nəticəsində bu yağların insan sağlamlığına mənfi təsiri öz təsdiqini tapıb. Bununla bağlı geniş elmi hesabat ictimaiyyətə təqdim olunacaq. Ümumiyyətlə, doymuş yağ turşularından əmələ gələn yağların çoxu otaq temperaturunda qatı (sərt), tərkibində doymamış yağ turşuları olan yağlar isə maye halında olur. Qidalarda ən çox rast gəlinən bəzi doymuş yağ turşuları palmitin, stearin və miristin turşularıdır. Doymuş yağ turşularının enerji dəyərinin digər yağ turşuları ilə eyni olmasına baxmayaraq, orqanizmdə yağ toplanması və çəki artımına səbəb olduğu məlumdur. Eyni zamanda, trans yağ turşuları ilə qidalanma insulinə qarşı rezistentliyin əmələ gəlməsinə şərait yaradaraq, diabetə meylliliyi artırır və xroniki iltihabı proseslərin inkişafına səbəb olur.

Bitki və balıq yağlarının dadını qorumaq, fiziki xüsusiyyətlərini dəyişmək, rəf ömrünü uzatmaq və istifadə imkanlarını artırmaq məqsədilə doymamış yağ turşularının qismən hidrogenləşdirilməsi aparılır və bu zaman trans yağ turşuları yaranır”, – agentliyin məlumatında bildirilir.

Qeyd olunur ki, aparılan araşdırmaların nəticəsinə əsasən, gündəlik qida məhsullarında müəyyən olunmuş normadan artıq trans yağların qəbulu ürək–damar xəstəliklərinin yaranmasına səbəb olur: “Həmçinin, trans yağ turşularının xərçəng, piylənmə, alzeimer, dölün inkişafdan qalması, körpələrdə mərkəzi sinir sisteminin inkişafına mənfi təsir etməsi, diabetə meyililiyi artırdığı da müxtəlif araşdırmalarda müəyyən edilib. Bundan əlavə, araşdırmalar göstərir ki, trans yağları yaddaş pozuntusu və süd vəzisi xəstəliklərini inkişaf etdirir, hər iki cinsdə sonsuzluq yaradır, immun sisteminə mənfi təsir göstərir. Hazırda bir çox inkişaf etmiş ölkələrdə trans yağlarının qida məhsullarındakı miqdarı ciddi şəkildə tənzimlənməkdədir. Avropa Birliyi və bir sıra digər ölkələrdə qida məhsullarının tərkibində olan trans yağları üçün ən yüksək hədd 2% miqdarında təyin edilmiş və qablaşdırma üzərində miqdarının qeyd olunması zərurəti tələb kimi qoyulub. Bununla əlaqədar olaraq, insan istehlakı üçün nəzərdə tutulan yağların təhlükəsizlik göstəriciləri ilə bağlı AQTA tərəfindən nəzarət tədbirlərinin gücləndirilməsi və daha sərt tənzimləmə işlərinin həyata keçirilməsi nəzərdə tutulub”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir