bina

Ekspert NARAZIDIR: “Sosial evlərə qoyulan tələblər yoxsullar üçün…”

Baxış sayı: 1. 028

“Tələblərin birində bildirilir ki, ev almaq istəyənlərin aylıq gəliri minimum 800-900 manat olmalıdır. Lakin Azərbaycanda minimum gəliri 800-900 manat olan vətəndaş kasıb təbəqə sayılmır”

Sosial evlərin satışı başa çatıb.  Mənzil İnşaatı Dövlət Agentliyinin(MİDA mətbuat xidmətindən bildirilib ki, mənzillərin seçimi “Elektron hökumət” portalı (www.e-gov.az) üzərindən “Güzəştli mənzil” elektron sistemi vasitəsilə bərabər şəraitdə etibarlı, təhlükəsiz, şəffaf və fasiləsiz iş rejimində həyata keçirilib. 12.07.2019-cu il tarixində MİDA-nın ilk layihəsi Yasamal Yaşayış Kompleksinin 6-9 saylı binalarında 10 mənzilin, həmçinin 10, 11, 12 və 13 saylı binalarında yerləşən 243 mənzilin, ümumilikdə 253 mənzilin yalnız öz vəsaiti hesabına ödəniş üsulu ilə seçimi qısa müddətdə başa çatıb. Bu mənzillərdən 43-ü 1 otaqlı, 146-sı 2 otaqlı, 64-ü isə 3 otaqlıdır. “Güzəştli mənzil” sistemində elektron kabinetə sahib olan vətəndaşların sayı 11518 nəfər, 253 mənzilin seçimində iştirak edənlərin sayı 1906 nəfər olub.

Məsələyə münasibət bildirən iqtisadçı – ekspert Qadir İbrahimli deyir ki, satışa çıxarılan evlər sosial mənzillər deyil:

“Bu yaxınlarda sosial evlər deyə satılan mənzillər  950 manata, yəni, bazar qiymətinə satılır. Siravi bir vətandaş gedib, özəl şirkətlərin birindən qeydiyyatsız, az əziyyət çəkməklə 950 manata, hətta daha ucuz qiymətə ev ala bilərlər.

Eyni zamanda satışa çıxarılan sosial evləri almaq istəyənlərə qoyulan tələblər də ürəkaçan deyil. Tələblərin birində bildirilir ki, ev almaq istəyənlərin aylıq gəliri minimum 800-900 manat olmalıdır. Lakin Azərbaycanda minimum gəliri 800-900 manat olan vətəndaş kasıb təbəqə sayılmır. Həmçinin şərtlərdə bildirirlər ki, sosial evləri tam qiymətə alanlara 10 faiz endirim olacaq. Amma sosial evlərin qiyməti 50-60 min manatdır.

Yəni bir şəxsdə 50-60 min manat varsa, o niyə yoxsul sayılsın ki? Qonşu ölkələrin təcrübəsinə baxsaq görərik ki, sosial evlər bələdiyyələrin sərəncamında olur. Həmin evlər satıla və ya özəlləşdirilə bilməz.

Sadəcə, simvolik və çox aşağı qiymətə kasıb ailələrə verilir və müəyyən vaxta qədər həmin ailələr maddi imkanlarını düzəldənə kimi orada yaşayır. Artıq bir ailə yoxsulluqdan çıxdıqda evi tərk edir və digər kasıb ailə gəlib həmin mənzildə yaşayır. Sosial evlər belə olmalıdır və onlar satıla, özəlləşdirilə bilməz. Lakin bizim ölkədə sosial evlərə qoyulan tələblər yoxsul əhali əlçatmazdır”.

 

 

Kənan Eynuroğlu




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir