f199352e659d7d19e7d7238054759079

Qərb və Şərq insanını fərqli edən səbəblər

Baxış sayı: 1. 015

Dünyada Şərq və Qərb insanlarının sivilizasiyaları, hadisələrə yanaşmaları hər zaman fərqli olub. Mədəniyyət Şərqdə yaransa da, mütəxəssislər bildirirlər ki, sonradan inkişaf edən Qərb bu xüsusda Şərqi xeyli üstələyib.  Xüsusilə də Qərb insanlarında qanuna, qaydalara münasibət xeyli dərəcədə fərqlidir. Məsələn,  Şərqdə hansısa hadisəyə görə insanlar polisə deyil, məsələni özləri həll etməyə çalışırlar. Qərbdə isə qaydalar daha sərtdir və eyni zamanda insanlar da yazılan qanunlara riayət edirlər. Məsələ insanların öz hüquqlarına yanaşması və bunu qoruması baxımından da fərqlidir.

Sosioloq Əhməd Qəşəmoğlu bildirir ki, Şərqdə mədəniyyətin formalaşması min illər boyu davam edir:

“Orada konkret bir çərçivələr olmayıb. Şərqdə eyni zamanda həmişə rasional düşüncə ilə yanaşı, rasional olmayan düşüncə də geniş yayılıb. Məsələn, hansısa kənar qüvvələrə inamı göstərə bilərik. Orta əsr Şərq fəlsəfəsini, İslam fəlsəfəsini də götürsək, bu cür məqamlara rast gələ bilərik. Çin, Hindistan, Misir fəlsəfələrinə baxsaq görərik ki, orada insan haqqında təkcə rasional düşüncə ilə danışılmır. Eyni zamanda başqa bir aləmin də insana təsirləri barəsində hər zaman ciddi və qəbuledilən düşüncə olub. Yəni Şərq insanı bir qədər sərbəst, insanlıq, dünya barəsində daha əhatəli, çoxşaxəli şəkildə düşünüb. Orada belə hal olmayıb ki, hökmən hansısa qayda-qanuna əməl edilməlidir. Ancaq Qərb mədəniyyətində fərqlidir. Bu mədəniyyət əsasən 14-cü  əsrdən sonra formalaşdı. Qərb mədəniyyəti o zamana qədər Şərq mədəniyyətinin təsiri altında idi. Artıq Qərb özü-özünün ayrı xarakterdə olduğunu hiss etdikdə, inkişaf yollarını axtardı. Qərbdə daha çox rasional düşüncə rol oynadı. Bu da təbii idi. Çünki əvvəllər Qərbdə insan yox idi. Şərqdə müharibələr, davalar olduğu üçün insanlar Qərbə üz tutdular. Oraya-sərt iqlim içərisinə girdikdə rasional düşüncələri bunun hesabına inkişaf etməyə başladı. Yəni şərait və mühit məcbur etdi ki, insanlar bu cür düşünüb, inkişaf etsinlər. Aydın başa düşmək üçün bizim özümüzün məcburi köçkünlərimizə diqqət edə bilərik. Bir zamanlar, məsələn, Ağdamda hər bir şəraiti olan, Muğan, Füzuli haqqında danışan  ailə, qəfildən işğal nəticəsində Bakıya gəlib, 1 otaqlı mənzilə sığınmalı oldu. O, səhərlər bazarda göyərti satıb, ailəsini dolandırdı. Artıq onların Muğan, Füzuli ilə bağlı fikirləri bir yanda qaldı. Özünü xilas etmək üçün düşünməyə başladı. Qərb düşüncəsi də uzun əsrlər boyu bu cür formalaşıb”.

Əhməd Qəşəmoğlu ile ilgili görsel sonucu

Ekspert bildirir ki, Qərbin fərqli olması da bu nüansla bağlıdır:

“Onlar uzun əsrlər boyu özlərinin inkişaf yollarını müəyyənləşdirməyə başladılar. 14-cü əsrdən Qərb intibahı deyilən dövr başlayır.  Qərb mədəniyyəti formalaşıb, ortaya yeni düşüncə tərzi çıxıb. Bəzən deyirlər ki, hər iki tərəf eynidir. Əslində isə bu, belə deyil. Məsələ ilə bağlı illərdir ki, tədqiqat aparıram. Şərqli uzun illər boyu təbiətlə təmaslı şəkildə, fərqli formada inkişaf edib. Qərbdə isə çətin həyat hesabına rasional və fürsətçi düşüncə formalaşıb. 17-ci əsrdən sonra qərbli dünyəvi elmlərdən bəhrələnməyə başladı. Bu zaman isə dünyəvi elmə qarşı məhəbbəti artdı. Gördülər ki, dünyəvi elmlər onlara həyatda çox kömək edir. Nəticədə ilahiyyat elmlərinə yuxarıdan-aşağı baxdılar, təbiət elmləri ilə də ciddi şəkildə maraqlandılar. Qərb düşüncəsinin bu cür formalaşmasında Katolik kilsəsinin də böyük rolu oldu. Şərqdə Yaponiyanın da oxşar taleyi var. Onlar da iqlim, yer, təbiət baxımından çətin vəziyyətdədir. Bu baxımdan yaponlar da nizam-intizama önəm verib, çətin şəraitdən çıxmağa başladılar. 20-ci əsrin sonlarına doğru Qərbdə başa düşdülər ki, yalnız rasional düşüncəyə aludə olmaq onların həyatlarına ziyan verib. Ona görə də artıq Qərbdə Şərqə qarşı çox böyük maraq yaranıb. Dini kitabların potensialını dərindən araşdırırlar. 2007-ci ildə Amerikada ən çox satılan kitab Mövlanənin kitabı oldu. İndi də Qərb ölkələrində olduğum zaman Şərqə qarşı kifayət qədər maraq görürəm. Çox təəssüf ki, bizim təkcə davranışımızda olan qeyri-dəqiqliklə yanaşı, yazılan elmi işlərimizdə də yalançı hay-küy çoxdur. Hazırda Qərb praqmatik düşüncəsindən irəli gələrək, Şərqdə olan yeniliyi daha dərindən öyrənirlər. Bu dəqiqə Qərb Qurani-Kərimi kifayət qədər dərindən öyrənir, araşdırır, elmi işlərdə istifadə edirlər. Qərb İslamı daha çox fəlsəfi, elmi əsaslarla mənimsəyir. Şərqin özündə isə bu belə deyil – dindən camaatı qorxutmaq, cəhalət üçün istifadə edirik. Bütün səbəblər də bu cür yanaşmalarla bağlıdır”.

 

Əli RAİS




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir