Gunay Malikqizi

Niyə Azərbaycan dilini bilmirik ki, sonra da boğulaq? – GÜNAY MALİKQIZI YAZIR

Baxış sayı: 904

Bu il yay başqa cür oldu. Əslində, qlobal istiləşmə fonunda baş verən bütün bu dəyişikliklər elmlə tam izah ediləndir.

Ancaq biz həftəsonu küləkli, soyuq, yağış və az qala “şaxtalı”, həftəiçi isə əksinə, isti, küləksiz, qısası, əsl dəniz havası ilə keçən 2019-un yay aylarına heç cür anlam verə bilmədik. Hirsimizdən….

Çünki bütün həftəni işləyirsən, hər gün Xəzərin yanından keçib, “eybi yox, bazar günü gəlsin, mən də dənizə gedəcəm” deyirsən. Bəli, buyur, şənbə-bazar gəlir və nəinki dənizə gedə bilirsən, küləkdən heç evdən çölə çıxmaq olmur.

Amma yenə də “dənizin havası yetər” deyib Xəzərin sahilinə üz tutanlar olur. Sözün düzü, mən də bir neçə dəfə Xəzərin sahilində dalğaların səsini dinləyərək dincəlməyə çalışmışam. Çalışmışam, çünki hər dəfə həyəcan dolu dəqiqələr yaşamışam.

Həyəcandan, “Görəsən, nə olacaq?” sualı ilə iki dəfə üzbəüz qaldıqdan sonra küləkli havada  dəniz qırağına getməkdən vaz keçdim.

Külək əsir. Təbiətə “Bu gün bazar günüdür, əsmə” demək olmur.

Amma “Küləkli havada dənizə girmək qəti qadağandır!” yazısına, xilasedicilərin  xəbərdarlıqlarına məhəl qoymadan, nəzarətdə olan məsafədən kənara çıxanları görəndə anlayırsan ki, vallah, təbiət lap anlayışlıdır.

Xilasedici heç bir sözə-qaydaya məhəl qoymadan dalğaların qoynuna atılan ürəkli oğlanın ölməməsi üçün özünü “öldürür”. Qıraqdan camaat da başlayır əl eləməyə, “əmioğlu, uzağa getmə” deyə qışqırmağa, amma yox, həmin o şəxs uzaqlaşdıqca uzaqlaşır.

Bir neçə saniyədən sonra xilasedicilər güclə sudan çıxardıqları adama süni nəfəs edir, onu həyata qaytarmağa çalışır. Camaat qarışır bir-birinə, hamı dua eləyir, nə var, nə var ki, kimsə heç kimi saymır, küləyə, dənizə meydan oxuyur.

Amma Azərbaycan dilndə yazılan “Küləkli havada dənizə girmək qəti qadağandır!” yazısını oxumur. Ya da oxuyur, Azərbaycan dilində anlamır.

Ölüm anımız alnımıza yazılıb. Heyf suda boğulub, cavan qəlbləri dayanan uşaqlara, insanlara…

Bu yazını hamıya aid etmirəm, heç kimi incitmək də istəmirəm. Amma nə olar bir qaydaya da heç bir zərər görmədən riayət edək.

Niyə, axı biz yazılan qaydanın əksinə çıxmaqla fərqlənməliyik.

Küləkli havada dənizə girmək qəti qadağandır! Yazanların bir bildiyi var.

Vallah da var, billah da var….




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir