Adətən ər və arvad arasında problemlərin olması, onların bir-birilə yola getməməsi boşanmalara səbəb olur. Anlaşmazlığı aradan qaldırmaq üçün boşanmaq yolunu seçməyən bəzi cütlüklərdə isə “evlilik yorğunluğu” özünü göstərə bilir. Bəs evlilik yorğunluğu nədir? Ailələrə necə təsir edir? Bu yorğunluqdan xilas olmaq üçün nələr etmək lazımdır? “Gencaile.az” saytının “EvliSƏN” rubrikasında məhz bu haqda danışacağıq.
Eşqin yerini sevgi almırsa, yorğunluq başlayır
Evliliklerin sonlanmasına səbəb olan şey cütlər arasındakı sevginin bitməsi deyil, yoldaşlıq, dostluq, ya da bölüşməyin başa çatmasıdır. Aparılan araşdırmalara görə, eşqin müddəti orta hesabla 2 ildir. Məhəbbətin yerini sevgi almırsa, 2 ilin sonunda evlilik yorğunluğu başlayır. Cütlüklər evliliyin hansı mərhələsində olsalar da münasibətlərinin monotonlaşmaması üçün evliliyi canlı bir çiçək kimi düşünüb onu bəsləməlidirlər.
Təhsil səviyyəsinin uyğunlaşması
Təhsilin uyğunluğu, dünyagörüşü çox mühümdür, cütlərin təhsil səviyyələri bir-birinə yaxın olmalıdır ki, bir-birini anlayıb, ünsiyyət qura və bir çox şeyi müzakirə edib bölüşə bilsinlər. Ünsiyyət quran bir cütlüyün çox əhəmiyyətli başqa problemi yoxsa, evlilik yorğunluğu yaşaması çətindir.
İlk 2 il çox önəmlidir
Evlilik həyatında ilk 2 il çox mühümdür. Ailələr ən çox ilk 2 ildə dağılır. Evlənib, eyni həyatı yaşamağa başlayan cütlər, uyğun olub-olmadığını bu müddət ərzində fərq edirlər və bu da evliliyin aqibətini təyin edir.
Tanışlıqla qurulan ailələr
Görücü üsulu ilə bir müddət nişanlı qalıb sonra evlənənlərin ailələri ailə böyüklərinin təcrübələri ilə formalaşdığı üçün sevgi üzərində qurulan evliliklərə görə bir az daha möhkəm ola bilir. Bu məqamda cütlər arası münaqişələrdə ailə böyüklərinin dərhal araya girib vasitəçilik etmələri mühüm amildir.
Qadın işləyirsə, evlilik daha tez yorulur
Qadın işləyirsə, evlilik daha tez yorulur. Cütlüklərin hər ikisinin də işləməsi və kişinin xanımına ev işlərində yardımçı olmaması qadının həm iş həyatında, həm də evdə çox işləyərək yorulmasına səbəb olur. İşgüzar qadın evinə vaxt ayırdığı zaman karyerası təhlükə altına düşür, karyeraya yönələrsə, evinə etinasızlıq edir. Bu hal da evlilik yorğunluğuna səbəb olur. Aparılan araşdırmalara görə, işləyib iqtisadi azadlığını qazanmış qadınlar, işləməyən qadınlara görə daha çox boşanır.
Qonaq getmək, cəmiyyət arasında olmaq faydalıdır
Qohum və qonşunu ziyarət etmək çox faydalıdır. Qohum ziyarətləri və qonşuluq münasibətləri evliliyi davamlı olaraq dinamik tutur. Həftədə ən az iki dəfə qohum və ya qonşunu ziyarət edən ailələrdə evlilik yorğunluğu çox olmur. Qonaq getmək həm zövcələr arasında rabitəni və paylaşımı artırır, həm də monotonluqdan uzaqlaşdırır.
İmpatiya
İmpatiya qurmaq mühümdür. Qarşılıqlı impatiya qurmaq özünü həyat yoldaşının yerinə qoyaraq hərəkət etmək çox vaxt problemlərin başlamadan həll olunması ilə nəticələnir.
Özünüzə sərhəd qoymayın
Bir insanın hər hansı bir mövzuda qarşı tərəfi mühakimə edəcək fikirləri varsa, bir müddət sonra bu özünü reallaşdırmağa başlayır. Məsələn, “həyat yoldaşıma güvənmirəm, məni aldada bilər” düşüncəsinə sahib olan həyat yoldaşının etibarsızlığı, bir müddət sonra davranışlarına əks oluna bilər. Beləliklə, yaranacaq etimadsızlıq mühiti evliliyi korlayır.
Çox otaqlı tənhalıqlar
Çox otaqlı evlər, bağ evləri, qış evləri fərqli televizor və kompüterlər, cütləri bir-birindən ayırır və tənhalaşdırır. Bu isə emosional cəhətdən qopma və parçalanmalara səbəb ola bilir. Texnoloji imkanların daha az istifadə olunduğu kənd yerlərdə boşanma hadisələri çox nadir hallarda baş verir.
Əlinizdəkinin dəyərini bilin
Sahib olduğumuz bir çox şeyin qiymətini əlimizdən çıxanda dərk edirik. Sağlamlığınızın, ailənizin, uşaqlarınızın, dostlarınızın qədrini bilin. Həyat düz xətt deyil. Enişli yoxuşludur. Uğur qədər uğursuzluqların da təbii olduğunu qəbul etmək lazımdır.
Xoşbəxtliyiniz üçün araya hədəf qoymayın
Ev, maşın alanda, uşaq olanda, ya da başqa bir hadisə baş verəndə xoşbəxt olacağam kimi özünüzə hədəflər qoymayın.
Tənqidlərə diqqət
Evliliyin yorulmaması üçün iradlara və təkliflərə sən yönümlü deyil, mən yönümlü yanaşılmalıdır. Məsələn, bu evin halı nədir belə, sən nə dağınıq bir qadınsan əvəzinə, ev dağınıq olanda özümü pis hiss edirəm deməlidir. Beləliklə, ev dağınıq olanda həyat yoldaşının incidildiyini düşünərək, müdafiə niyyəti yerinə məsuliyyət hissi daha həssas davranır. Çünki sən yönümlü tənqidi birbaşa şəxsiyyətinə edilmiş bir hücum kimi qəbul edəcək, o an üçün evi bir az yığışdırsa belə, sonradan boş verəcəkdir. Ya da belə etsək, daha yaxşı olmazmı? Belə olsa, daha yaxşı olmazmı? kimi cəm ifadələr istifadə etmək lazımdır.
Ailənizə əmək verin və vaxt ayırın
Cütlüklərin bütün vaxtlarını birlikdə keçirmələrini demək çətindir. Xüsusilə işləyən ailələrdə bu daha da imkansızdır. Evdə olsun, çöldə olsun axşam yeməklərini birlikdə yeməyə cəhd göstərilməlidir.
Səhvsiz qul olmaz
Səhvlərə qarşı həssas olmayın. Yer üzündə heç bir insan səhvsiz ola bilməz. Eyibsiz dost axtaran dostsuz qalar məsəli yerinə düşür. Səhvlər tekrarlanmadıqcaa görməzdən gəlin. Gördüyünüz şeyləri deməsəniz yaddaşınızdan uçub gedər. Desəniz, yaddaşınızda yer edər. Bu səbəblə olan, olmayan hər bir mənfi şeyi sözlərə tökməmək lazımdır. Beləliklə, həm tez unudursunuz, həm də bəlkə bir daha təkrarlanmayacaq bir hadisə üçün həyat yoldaşınızı incitməyəcəksiniz.
Birlikdə xobbinizlə məşğul olun
Müxtəlif idman və ya sənət növlərində birlikdə zövq aldığınız işlə məşğul olun.
Zamanınızı birlikdə keçirin.
Axşam yeməkləri həftədə 2-dən aşağı enibsə, təhlükə başlamış deməkdir. Birlikdə keyfiyyətli vaxt keçirməyə diqqət göstərilməlidir. Bunun üçün cütlər birlikdə konsertə, kinoya, teatra gedə bilərlər. Tək getdiyiniz səyahətlərdə həyat yoldaşınıza hədiyyə alın. Bu hər zaman ona əhəmiyyət verdiyinizi düşündürəcək.
Hazırladı: UĞUR