qadin

Müsəlman ölkələrində qadınların tanınan və tanınmayan hüquqları

Baxış sayı: 1. 103

Səudiyyə Ərəbistanında ölkə tarixində ilk dəfə qadınların kişilərin icazəsi olmadan xaricə səyahət etməsinə icazə veriləcək. Artıq qanunlar üzərində işlənməyə başlanıb. Bu haqda məlumatı xəbər agentliyi olan SPA-ya Daxili işlər nazirliyində işləyən biri məlumat verib. Əgər qanun qüvvəyə minsə, Ərəbistan qadınları ərlərinin, qardaşlarının, oğullarının icazəsi olmadan xarici ölkələrə gedə biləcəklər. Qanundakı bu dəyişiklərə qədər qadınlar və 21 yaşından kiçik uşaqlar kişilərin icazə olmadan xaricə səfər edə bilmirdilər.

Ümumiyyətlə son illərdə Səudiyyə Ərəbistanında qadınların hüquqları ilə bağlı bir qədər yumşalma hiss olun maqdadır. Məsələn, ötən il qadınlar avtomobil sürməyə icazə verilmişdi. Qanun qüvvəyə minən kimi 40 mindən çox qadın sürücülük vəsiqəsi almışdı. Bu ilin fevralında isə bu ölkənin tarixində ilk dəfə olaraq qadın səfir seçildi. Belə ki, şahzadə Rima bint Bəndər bin Sultan ibn Əbdül Əziz əl Səud Səudiyyə Ərəbistanının ABŞ-da birinci qadın səfiri təyin olundu.

Araşdırmalar da onu göstərir ki, dünyanın heç bir yerində qadınlar  Səudiyyə Ərəbistanında olduğu kimi qəribə həyat tərzi sürmür. Burada qadınları “baxımlı mirvari və gizli xəzinə” adlandırsalar da reallıqda qadınlara ikinci təbəqə kimi baxılır. Bu məsələ dəfələrlə ölkədə müzakirə olunsa da, hələ ki, öz həllini tapmamış qalır. Məsələn, hələ də bu ölkədə qadınlar yaşından asılı olmayaraq mütləq bir kişinin himayəsində olmalı, qanuni nümayəndənin razılığı ilə məktəbə, işə getməlidirlər. Əks təqdirdə qadın nümayəndənin istəyinə uyğun olaraq işləmək hüququndan məhrum ola bilər. İslam qadınlar üçün iqtisadi müstəqillik nəzərdə tutur, amma bu ölkədə həmin hüquqlar da tanınmır.

Ötən illərdə qadınlara şəxsiyyəti təsdiq edən sənəd əldə etmək hüququ verilmişdi. Amma bu hüquq mütləq xarakter daşımır, çünki qanuni nümayəndə qadının şəxsiyyətini təsdiq edən sənədi almaq hüququnu məhdudlaşdırır. Daha dəqiq desək, bu qadınların varlığının tək hüquqi sübutu adlarının həyat yoldaşlarının şəxsiyyət vəsiqəsində əksini tapmasıdır. Boşanma zamanı onun adı atasının, əgər sağ deyilsə, qardaşının, qardaşı yoxdursa, onu az-çox tanıyan ən yaxın kişi qohumunun şəxsiyyətini təsdiq edən sənədində qeyd olunmalıdır.

İran Futbol Federasiyası ölkənin qadınlarının DÇ-2022-nin seçmə mərhələsininin matçlarının stadiondan izləməyinə ile ilgili görsel sonucu

İranda da qadın azadlığı məsələsində bir qədər yumşalma müşahidə olunur. Məsələn, ötən ay İran Futbol Federasiyası ölkənin qadınlarının DÇ-2022-nin seçmə mərhələsininin matçlarının stadiondan izləməyinə icazə verib. FİFA-dan bildirilib ki, bununla bağlı prezident Canni İnfantinonun məktubuna federasiyanın rəhbəri Mehdi Taca müsbət cavab verib. Ancaq qərarın qüvvəyə minməsi üçün İran hökümətinin razılığı lazımdır. Qeyd edək ki, 1981-ci ildən etibarən İranda qadınların futbol matçlarına getməyinə qadağa qoyulub.

İrandakı qadınların hüquq azadlıqlarına gəldikdə isə xatırladaq ki, İran qadınları seçki hüququ ilə hələ şahlıq dövründə ikən 1963-cü ildə təmin olunmuşdu. 1979-cu ildə baş verən inqilabdan sonra yaranan vəziyyət isə əvvəlki ilə eyniyyət təşkil etmirdi. İnqilab dövründə və ondan öncə qadınların dəstəyini qazanmaq üçün Xomeyni qadın hüquq və azadlıqlarına münasibətdə feminist vədlərlə çıxış edirdi və bunlardan bir neçəsini həyata keçirib. O, kənd yerlərindəki qadınların ali təhsil almasında, parlamentdə iştirak etmək hüquqlarının təmin olunmasında böyük rol oynayıb. Müasir İran İslam Respublikası özünü demokratiyanın əsas götürüldüyü teokratik dövlət kimi görür və konstitusiyasının demokratik niyyətləri əks etdirdiyini iddia edir. Ancaq İran Konstitusiyasına diqqətlə nəzər saldıqda, bu demokratiyada qadın hüquqlarının müdafiəsi sahəsində bir sıra qüsurların olduğunu görmək olur. Hal-hazırda İranda qadın hüquqları həm artır, həm azalır.

iranda qadın hüquqları ile ilgili görsel sonucu

Qadın hüquqlarının məhdudlaşdırıldığı İslam ölkələrindən biri İraqdır. Bu ölkədə hələ də qadınlar həm cəmiyyətdə, həm də ailə daxilində zorakılıq, cinsi istismar və bir sıra təqiblərə məruz qalır. Zorakılıqla üzləşmiş qadınlara sonradan öz ailəsi və qohumları təzyiqlər göstərir, onlar tərəfindən öldürülür, ya da intihara sövq edilir. 2005-ci ildə ölkə konstitusiyasına əsasən kişi və qadın bərabərliyini nəzərdə tutan 14-cü maddə əlavə olunsa da, real olaraq vəziyyət dəyişməz olaraq qalıb. Məsələn, qadınlar ölkədə nəqliyyat vasitəsi kimi avtomobildən birbaşa istifadə edə bilməz.  Bu ölkənin bir çox bölgələrində namus təmizləmə cinayətləri həddən artıq çoxdur. Hətta İraq qanunvericiliyi cinayətin tərkibində namus zəmini olduqda, bunu yüngülləşdirici hal kimi nəzərə alır. Əgər cinayət bu zəmində törədilibsə, sanksiya sadəcə 6 aylıq azadlıqdan məhrum etmə cəzasından ibarət olur. 2012-ci ilin statistikasına əsasən bu ölkədə hər il 5000 qadın namus adı altında öldürülür, cinayətlərin qurbanı olur. Və yaxud bir çox qadınlar onlara qarşı edilən haqsızlıq ucbatından intihar edir.

Və yaxud daha bir İslam ölkəsi olan Pakistanda bütün vətəndaşların hüquqları eyni olması ilə bağlı konsitutsiyada qanun olsa da, hələ də bölgələrdə qızlar məktəbə buraxılmır, kisik yaşlarında nikaha cəlb edilir.. İstəmədiyi şəxsə ərə getmək istəməyəndə isə üzərinə kimyəvi turşu tökülür, kor, şikəst edilir.

Pakistan İnsan Hüquqları Komissiyası təsdiq etmişdir ki, bu ölkədə “təqsirsizlik prezumpsiyası” prinsipi yalnız kişilərin törətdiyi qeyri-hüquqi əməllərə şamil olunur. Qadınlara isə yalnız “təqsirlilik prezumpsiyası” prinsipi tətbiq edilmir və onlar kişilərin törətdiyi cinayətlərin qurbanı olsalar da, təqsirli mövqeyinə düşürlər. Bunun səbəbi İslam normalarını təhrif edərək, sadəcə kişilər üçün “humanist” normalar nəzərdə tutan Hüdud qaydalarıdır. Statistikaya görə Pakistanda hər 3 saatdan bir cinsi istismar, zorlama halları baş verir.

İndoneziyada da qadınlarla bağlı bir sıra qadağalar var. Məsələn, qadınların motosikletdə kişinin arxasında sərnişin kimi normal qaydada oturması qadağandır. Bu şəhərdə motosikletin qadın sərnişinləri yana dönmüş vəziyyətdə otumaq məcburiyyətindədirlər. Həmçinin burada qadınların dar şalvar geyinməsi də qadağan edilib. Dar şalvar geyinən qadınların həmin anda saxlanılır.

Bəs səbəb nədir? İslam dini qadın və kişilərə eyni hüquq tanısa da, niyə bir sıra müsəlman ölkələri həmin hüquqları qadınlar üçün məhdudlaşdırır?

Kənan Rövşənoğlu. ile ilgili görsel sonucu

Mövzu ilə bağlı danışan dini ekspert Kənan Rövşənoğlu aşağıdakıları dedi: “Qeyd olunan məhdudlaşdırmalar əsasən yerli adət-ənənə, mühafizəkarlıqla bağlı olur. Bəziləri isə din-şəriətlə əsaslandırılan qadağalardır. Məsələn, İraqda qadınların ailə qurarkən mütləq yaxın kişi qohumlarının icazəsi alması məsələsi dinlə bağlıdır. Lakin qadın artıq ikinci dəfə ailə qurduqda bu məhdudiyyət olmur. Bəzi ölkələrdə bu qadağa hələ də davam edir. Məsələn, Səudiyyə Ərəbistanında qeyd etdiyim qadağa hələ də qüvvədə qalır. Doğrudur, bu günlərdə bu ölkədə qadınların artıq icazə almadan ölkə xaricinə çıxması ilə bağlı qanun qəbul edildi. Amma hələ də qadınların müəyyən yaşa qədər Həcc ziyarətinə getməsi üçün yaxın kişi qohumlarının icazəsini alması ilə bağlı məhdudiyyət var. Bir daha qeyd edirəm ki, bu bir qədər din, bir qədər də adət-ənənə ilə bağlıdır.

Təbii ki, İslam dinində qadınlarla bağlı müəyyən hüquqları var. Bunlar təhsil, ailə qurmaq və digər məsələlərdir. Sadəcə müsəlman dünyasının bu gün siyasi, sosial-iqtisadi məsələlərdə geri qalması qadın mövzusuna da təsir göstərir. Eyni zamanda məlum olduğu kimi, indi əksər müsəlman ölkələrində müharibələr gedir və bu məsələdə ən çox zərbə alan qadınlar olur.

Ərəb dünyasını anlayırıq, orada hələ də qəbilə, tayfa münasibətləri qalır və qədim dövrlərə dayanan sərt ailə-məişət qanunları davam etməkdədir. Amma eyni zamanda biz gördük ki, ötən əsrdə bir sıra müsəlman ölkələri bu məhdudiyyətləri müəyyən formalarda aşa bildi. Məsələn, Türkiyə və digər ölkə nümunələri var.

Lakin indi qeyri-sabitlik və  onun doğurduğu sosial-siyasi şərtlərdə qadın hüquqları məhdudlaşdırılır. Təkcə qadın deyil, diqqət edəndə görürük ki, həmin ölkələrdə kişilərin, uşaqların da hüquqlarında müəyyən məhdudiyyətlər tətbiq olunur. Təbii ki, cəmiyyətdə problemlər varsa, bu qadınlara da siyarət edir”.

 

Xalidə Gəray




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir