cay

Məktəb ətraflarındakı qəlyanxanalar, barlar, … – NƏLƏR DƏYİŞİR?

Baxış sayı: 1. 226

Xəbər verdiyimiz kimi, Azərbaycanda uşaqlar arasında dövriyyəsi qadağan edilən informasiya məhsulunun təhsil müəssisələrinin sərhəddindən 150 metr az olan məsafədə yayılmasına yol verilməyəcək.

Maraqlıdır, dövriyyəsi qadağan edilən informasiya məhsulu nə deməkdir? Bunun təşkili ilə nələr dəyişəcək?

Mövzuya münasibət bildirən təhsil eksperti Kamran Əsədov bildirib ki, dövriyyəsi qadağan edilən informasiya dedikdə birbaşa təlim və tədris prosesi ilə əlaqəli olmayan, hər hansı bir məlumatın, informasiyanın şagirdin yaş xüsusiyyətinə və psixologiyasına uyğun olmaması nəzərdə tutulur:

“Məktəbin ümumi radiusundakı 150 metr uzaqlıqdakı məsafə ilə şagirdin hərəkət etdiyi istiqamətlər fərqlidir. Məsələn, məsafə fərqi olmadan məktəb yolu üzərində, məktəblilərin aktiv hərəkət etdiyi istiqamətlərdə (marşrut xətlərində) əxlaqa zidd reklamlar, hər hansı restoran, bar, əxlaqsızlığı təbliğ edən yerlər, çayxana, qəlyanxana, internet klublar olmamalıdır. Sözügedən məkanlar zərərli informasiyaların şüuraltına şəkillərlə verildiyi yerlərdir.

Bundan başqa, qəssabxanalar da məktəblərin yaxın ərazilərində olmamalıdır. Heyvanların şagirdlərin gözü önündə kəsilməsi, onların psixologiyasına ciddi zərər vurur.

Tütün, enerji və spirtli içkilərin satıldığı yerlər də şagirdlərin daha sıx hərəkət etdiyi istiqamətlərdə olmamalıdır”.

Ekspert qeyd edib ki, bunun üçün məktəb ətraflarında ən çox şagird sıxlığı olan yerlərdə monitorinq aparmaq lazımdır:

“Məsələn, Türkiyədə bu qayda tətbiq edilir. Amerika və Avropa ölkələrində də şagirdlərin xüsusilə kütləvi hərəkət etdiyi istiqamətlərdə zərərli informasiyalar qadağan edilib.

Artıq bu qanun layihəsi qəbul edildikdən sonra Azərbaycanda da həmin obyektlər sıradan çıxarılacaq”.

Xatırladaq ki, bununla bağlı “Təhsil haqqında” qanuna dəyişiklik təklif edilir. Dəyişikliklə qanuna yeni 11.6-cı və 11.7-ci bənd əlavə edilir.

Yeni əlavə edilən 11.6-cı bəndə görə, uşaqlar arasında dövriyyəsi qadağan edilən informasiya məhsulunun uşaqlar üçün nəzərdə tutulan təhsil müəssisələrində və ya təhsil müəssisələrinin sərhəddindən 150 metr az olan məsafədə yayılmasına yol verilmir.

11.7-ci bənddə isə qeyd edilib ki, təhsil müəssisələrində uşaqların təhsil və tərbiyə üçün nəzərdə tutulan informasiya məhsullarının qiymətləndirilməsi “Uşaqların zərərli informasiyalardan qorunması haqqında” qanunun tələbləri nəzərə alınmaqla “Təhsil haqqında” qanuna uyğun olaraq aparılır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir