İnsanın özünü rahat hiss etdiyi məkan şübhəsiz ki, evidir. İşdə yorğun və stressli günün sonunda evə getmək üçün tələsirik. Çatan kimi qonaq otağına keçib, sakitləşmək istəyir insan. Tünd rəngli divarlar deyil, parlaq rənglər rahatlıq verir. “Gencaile.az” saytının “EVİN İŞİ” rubrikasında “evinizdə sakitlik hissi yaradacaq divar rəngləri hansılardır” sualına cavab tapmağa çalışmışıq.
Yaşıl
Yaşıl dedikdə ilk öncə ağla gələn təbiətdir. Yaşıl rəng təbiətdə olduğu kimi, evin içərisində də sakitləşdirici təsirə malikdir. Bu rəngi seçərkən neytral, yumşaq tonlara üstünlük verməyə çalışın.
Çəhrayı
Çəhrayı rəng ən çox qız uşaqlarının sevdiyi rəng olaraq tanınır. Halbuki ev interyeri üçün də uyğun rənglərdən biridir. Çəhrayının pastel, tozlu çalarları həm sakitlik, həm təravət verir.
Mavi
Xəyal quran zaman göyüzünə baxmağa üstünlük veririk. Səma mavisinin rahatladıcı və düşündürücü təsiri var. Ev divarlarında mavi rəngi seçməklə ruhunuzun dincəlməsini də təmin edə bilərsiniz.
Ağ
Ağ rəngli divar boyaları otağı geniş göstərməklə yanaşı, həmçinin sakitləşdirici xüsusiyyətə sahibdir. Bu rəng üzərində ev dekorları daha aydın və gözəl görünür.
Ev interyerinin insanın əhvalına təsiri böyükdür. Odur ki, eviniz də, əhvalınız da rəngarəng və parlaq olsun!
Hazırladı: FATEH