26646349_810b7ff85b9082bcb2ec2073dd10b4a9

İLK DƏFƏ: Kamal Sunalın xanımı mətbuata danışdı

Baxış sayı: 1. 881

Hamımızın “Şaban” kimi tanıdığı aktyor Kamal Sunalın vəfatından 14 il ötür. Bu illər ərzində onun həyat yoldaşı Gül Sunal heç vaxt mətbuata əri haqda danışmayıb. Xanım Sunal bir müddət əvvəl səssizliyini pozaraq böyük aktyorla olan xatirələrini kitablaşdırıb və bununla əlaqədar Türkiyənin “Hürriyət” qəzetinə müsahibə verib.

Müsahibənin ən maraqlı yerlərini təqdim edirik.

 Kitaba “Kamal, hadi gel bir kahve içelim” adını qoymusunuz, həmişə bir-birinizə belə deyirdiniz?

– Sloqan kimi bir şey idi. Mən tez-tez deyinirdim, Kamal sadəcə qulaq asırdı. Onunla mübahisə etmək mümkün deyildi. Sonra da çevrilib “gəl, bir qəhvə içək” deyərdi. Amma mənim içimi boşaltmağımı gözləyərdi. Ya da “bir də səninlə danışmayacam” deyərək qapını çırpıb gedərdim. Sonra qapını açıb “qəhvə dəmləyim içək?” deyərdim. Üzr istəmək əvəzinə bunu deyərdim. Bu cümlə çox şeyi əvəz edirdi.

– Tanış olanda neçə yaşınız var idi?

– Mənim 20, onun 29.

– Necə tanış oldunuz?

– O, səhnədəydi, mən tamaşaçıların arasında. Hovuz səhnəsi var idi. O, hovuza girmişdi, gözətçi gəlir, paltarlar qucağında. Replikası yox idi, sadəcə elə-belə dururdu. Həmin səhnədə göz-gözə gəldik.

– Sonra…1104__kopyala__185c2ebf3998fc5210a10fa3e5587570

– 2 il yarım məktublaşdıq.

– Ən çox nəyindən təsirləndiniz?

– Gözlərindən. Kamalın gözləri bəzilərinə cazibəsi olmayan bir cüt göz kimi görünə bilər, amma çox dərin baxardı. Çox kədərli gözləri var idi. Ona nə edirsiniz edin, yaxud o, sizə nə edirsə-etsin, sonda “aman üzülməsin” deyərdiniz. Uşaq kimiydi. Hətta qızımız Ezo ibtidai sinifdə oxuyarkən ona körpə kimi baxırdı. Hamımıza mərhəmət hissini çox ağır yaşadırdı.

– Kədərli idimi?

– Anası da deyərdi, onda uşaqlığından bəri bir qüssə var idi. Amma təbii ki, həm də çox nəşəli insan idi.

– Filmlərdən fərqli olaraq real həyatda çox ciddi insan olması haqda deyilənlər yalan idi?

– Kamal utancaq biriydi. Çox təvazökar adam idi. Kamal Sunal deyəndə özünü itirər, çaşar, içinə qapanardı. İndi sağ olsaydı, sizi burda görəndə əvvəlcə yadırğayar, sonra etimad göstərsə, çox əyləncəli birinə çevrilərdi. Dostlarımızın çoxu deyib güləndir, amma o, elə deyildi. Dilinin ucunda mır-mır nəsə deyərdi, birini tutsaydın, günlərcə gülərdin. Çox müşahidə aparardı. Səhər oyananda mən zalda nəyləsə məşğul olardım. O da Ciqulunu təqlid edərdi. Hər gün bir adamı yamsılayardı.

– Xoşbəxt ailə həyatınız varmış.

– İndiki ailələrə baxanda başa düşürəm ki, biz çox xoşbəxt yaşamışıq.

– “Bu gün yaşasaydı, nə olardı?” – deyə düşünürsünüz?

– Hərdən düşünürəm. Bilmirəm. Hər halda karyerasında yaxşı yerdə olardı. Həyat tərzində də heç nə dəyişməzdi.

– Hələ də bu qədər izlənməsinin səbəbini çözə bilmisinizmi?

– Kamal realist idi. Sadəcə heyranları yox, 2 yaşında uşaq da onu izləyəndə kilidlənir sanki. Sosioloqlar gərək bunu araşdırsın. 14 il oldu. Ötən gün Stokholmdaydıq. Sanki o da yanımızdaymış kimi qarşıladılar bizi.

– Sizcə, filmlərində sistemin tənqidi var idimi?

– O, sistemə çox sadəlövh bir şəkildə qarşı çıxdı. Siyasətdən danışmağı sevməzdi.

– Gününü necə keçirərdi?

– Səhər oyanar, yemək yeyər, qəzet oxuyardı. Saatlarla oxuyardı, hətta elanları da. Bizdə günorta yeməyinə çox ciddi hazırlıq gedərdi. İşləmədiyi günlərdən danışıram. Çox adam bilirdi ki, biz saat 1-də nahar edirik. Biz tərəfə işi düşən, alış-verişə çıxıb, yolu oralardan keçən dost-tanış bizə gələrdi. Yenə televizora baxar, kitabını oxuyardı, telefonla danışmağı sevərdi. Həftədə 3-4 dəfə axşamlar “Çiçək bar”a gedərdi.

– Amma evə tez qayıdardı…12041_haber3_4_0015afa65fc6563c6c3054b948d267b1

– Axşam, 20.30-da evə qayıdırdı. Hamı elə bilirdi ki, mənə görə qayıdır. Amma yox. Yeməyi evdə yemək istəyirdi. O gələndə süfrə hazır olardı. Şam yeməyində mütləq qonağımız olardı. Sıradan bir türk ailəsi kimi.

– Bayırda yemək yeməyi sevməzdi?

– Heç sevməzdi. Səyahətə gedəndə maşının baqajına həftənin günlərinə uyğun ayrı-ayrı qidalar qoyduğumu xatırlayıram. Şirniyyat da qoyardım hətta. Mütləq evdən olmalı idi yemək.

– Bu gün Kamal Sunala bənzətdiyiniz komediya ustası varmı?

– Xeyr. O gözlə baxmıram. Müqayisə etməyi də sevmirəm. Hər kəs özünəməxsus bir şey etməyə çalışır. Heç kimin üzərinə yük qoymağa ehtiyac yoxdur. Kamal Sunala bənzəyən də, Cem Yılmaza bənzəyən də çıxmayacaq.

– Bir-birinizə oxşayırdınız?

– Əslində, məni buraxsan, bu stolun üstünə çıxıb oynayaram. Kamal isə ağır adam idi. Mən onun xasiyyətinə uyğunlaşa bildim.

– Bir-birinizi qısqanırdınız?

– Vallah, bir-birimizi qısqanmaq heç ağlımıza gəlmədi. Çox gözəl qadınlarla filmə çəkildi. Məsələn, mən heç vaxt çəkiliş meydançasına getməmişdim. Heç bir dostumun kulisinə girmərəm. Çünki onların özünəməxsus zarafatları olur, belə şeylər xoşuma gəlmir. İkincisi, əgər həyat yoldaşına güvənmirsənsə, ayrılmalısan. Ondan yanında kim var deyə soruşmaq mənə ağır gəlirdi. O da soruşmazdı. İkimiz də müstəqil adamlar idik. Bir də görürsən on günlük Bodruma gedərdi, 2 gündən sonra qayıdardı ki, bəs elədi bu qədər. Deməli, evdə daha xoşbəxt idik.

– Kitabda yazırsınız ki, pulunuz olmamasına baxmayaraq bir çox təklifi rədd edirmiş. Seriala çəkilməyi xoşlamırmış.

– Bir seriala çəkilmişdi. Yayımlandığı günü beş kanal eyni vaxta Kamalın filmlərini verdi. Kamalı Kamala qarşı qoydular. Ən az izlənilən serial oldu. O, çox çəkinirdi. Təsəvvür edin, həmişə çox izlənilmiş adamın serialı televiziyada az izlənilir. Bəzi prinsipləri var idi, ondan kənara çıxmaq istəmirdi.

– Aranızdakı münasibətin adı nəydi: böyük eşq, yoxsa dostluq?

– Mənim üçün dostluq çox mühümdür. Çox yaxşı dost idik. Güvən çox önəmliydi. O öldükdən sonra da çantasını açmadım. O istəməzdi. Çünki bir-birimizə etibar edirdik.

– “İnək Şaban” filmi uşaqlarınızın həyatını bir az çətinləşdiribmiş deyəsən.

– “İnəyin uşağı” deyib məzələnirdilər uşaqlarla. Evimizin yanında məktəb varıydı, tez-tez Kamalla gedəndə arxamızdan uşaqlar “mö-mö” deyə bağırırdı. Kamal inciməzdi bundan, amma uşaqlar, görünür, özlərini pis hiss edirmişlər. Bir gün Əli məktəbdən gəldi, çantasını yerə atdı və dedi ki, hamısı sənin günahındır. Başa düşmədim. Dedi ki, Cüneyt Arkınla evlənə bilərdin. Ona “Bakkal Qazi” deyirdi. O güclüydü deyə, onunla evlənməyimi istəyirdi.

– Həyat yoldaşınızı itirdikdən sonra maddi çətinlikləriniz olurdu?

– Ara-sıra olurdu, amma indi borcum yoxdur. Yaşlı vaxtımda başladığım iş həyatında uğurlu olduğumu deyirlər. Heç kimə ehtiyacım olmadan yaşayıram. Çox insan qazanmışam və buna görə çox rahatam.

Kitabdan:

Getməsəydin, gizlənqaç oynayardıq yenə evin içində… Gizləndiyin yerdən dəqiqələrlə çıxmaz, uşaqlar səni tapanda ən çox sən qışqırardın həyəcandan. Səbrlə gözləyərdin səni tapmalarını, kim bilir, hansı qapının arxasında, şkafın içində, çarpayının altında…

Getməsəydin, futbol oynayardıq evin ortasında…. Topu verməmək üçün ayağıma-ayağıma vurmağına, günlərlə ayaq ağrısından axsamağa razıyam.

Getməsəydin, vallah, az danışardım… Sən qəzet-kitab oxuyarkən yanında səssiz dayanmağa çalışardım.

Getməsəydin, çiy köftə hazırlayardıq. “Alınıb, yoxsa alınmayıb” deyə tavana, divarlara atmağınıza, məni dəli etməyinizə dözərdim…

Baş verənə razı olub, üsyan etmədən gözləməyin ən yaxşısıdır… Tamam…

Belə davam edəcəyəm…

O varmış kimi…

Rəfləri onun düzəltdiyi kimi, əşyalarına toxunmadan, yaşadığı müddətcə böyük qayğıyla qoruduğu kostyumlarını, aksesuarlarını, sənədlərini eyni qayğıyla saxlayaraq, yatağın “sol tərəfinə əsla keçmədən” yaşayıram.

O varmış kimi…

(ailem.az)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir