“Şəhərdə şəxslərin qucaqlaşması, maşında oturub söhbət etmələri, küçədə öpüşmələri hüquq pozuntusu hesab olunmamalıdır. Ona görə də polisin həmin şəxslərə yaxınlaşıb nə isə tələb etməsi düzgün və qanuni deyil”.
Bu sözləri hüquqşünas Şamil Paşayev deyir.
Xatırladaq ki, ötən günlərdə Xətai rayonunda sevgili gənclərin qucaqlaşması ölümlə nəticələndi. Belə ki, qucaqlaşmaya etiraz edən digər şəxs mübahisəyə müdaxilə edən yaşlı adamı bıçaqlayıb öldürdü.
Bu məsələnin bir tərəfi di, amma heç kimə də sirr deyil ki, Azərbaycanda parklarda, ictimai yerlərdə qucaqlaşan və ya öpüşən şəxslərə polis də yaxınlaşır. Onları asayiş pozuntusunda günahlandıraraq bölməyə aparır. Bəs bu məsələnin hüquqi həlli varmı? Sosial şəbəkələrdə tez-tez belə suallara rast gəlirik:
– İki gəncin qucaqlaşması, öpüşməsi kiminsə ictimai məkanlarda, cəmiyyət arasında yerə tüpürməyindən, söyüş söyməyindən daha böyük pozuntudur? Bu hərəkət qanunvericilikdə pozuntu kimi qeyd olunubmu?
Şamil Paşayev bizimlə söhbətində əvvəlcə asayiş qaydalarının necə pozulmasından söhbət açdı:
“Cəmiyyətdə insanlar arasında təşəkkül tapan adət-ənənələrə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilmiş qarşılıqlı davranış, birgə yaşayış qaydalarının sistemi başa düşülür. Həmin bu birgə yaşayış qaydaları və əxlaq normalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər ictimai qaydanın pozulması hesab edilir. Bu da əgər şəxslər üzərində zor tətbiq olunması və yaxud özgə əmlakını ələ keçirmək müşahidə edilmirsə xırda xuliqanlıq hesab edilir. Bu baxımdan İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə 50 manatdan 100 manatadək cərimə, eyni zamanda 15 günədək inzibati həbs nəzərdə tutulub”.
Şamil Paşayev açıqlamasında şəxslərin qucaqlaşmasının hər hansı qanun pozuntusu olmadığını və polisin həmin şəxslərə yaxınlaşmasının qanunsuz olduğunu bildirdi:
“Ancaq şəxslərin qucaqlaşması, maşında oturub söhbət etmələri, küçədə öpüşmələri hüquq pozuntusu hesab olunmamalıdır. Ona görə də polisin həmin şəxslərə yaxınlaşıb nə isə tələb etməsi düzgün və qanuni deyil. Polis yalnız ictimai qaydanın pozulduğu halda şəxslərə yaxınlaşa bilər. Eyni zamanda şəxsin şəxsiyyətini müəyyənləşdirmək üçün. Əməlində cinayət tərkibi olmasa belə, yalnız şəxsiyyətini müəyyən etmək üçün polisə dəvət edə bilər və 3 saat ərzində polisdə saxlamaq hüququ var. Lakin günümüzdə informasiya texnologiyalarının inkişafına görə, polislərdə də planşetlər var ki, orada şəxslərin məlumatı var, yerindəcə şəxsiyyəti müəyyən etmək mümkündür. Qız ilə oğlanın qucaqlaşması, öpüşməsi və.s hüquq pozuntusu hesab edilmir. Buna görə polisin vətəndaşa yaxınlaşması, polis bölməsinə aparması, inzibati xəta barədə protokol tərtib etməsi əsassız və qanunsuzdur”.
Hüquqşünas mövzu ilə bağlı maraqlı, ancaq problemli məsələyə də toxundu. O, insanları küçədə davaya deyil, qucaqlaşma kimi xoşbəxtliyin əleyhinə çıxdıqlarına görə qınayıb:
“Bu yanaşma ilə sanki şəxslərin xoşbəxt olmağını istəmirik. İki şəxs dava edirsə, yaxud küçədə ər arvadını, oğlan sevgilisini döyürsə biz buna baxmırıq, yaxınlaşmırıq, aralaşdırmırıq, polisə demirik və.s. Amma küçədə kimsə öpüşürsə artıq hamı buna ictimai qınaq kimi baxır və polis də onu ictimai qaydanın pozulması kimi qiymətləndirir. Nəzərə almaq lazımdır ki, hətta qədim Roma hüquqlarında da xoşun gəlməsə belə qonşuya dözməyin zəruriliyi qeyd olunub. Eyni zamanda nəzərə almaq lazımdır ki, bir şəxsin azadlığı, digər şəxsin hüquqlarının başladığı yerdə sona çatır. Buna görə də biz öz azadlığımızdan başqa şəxslərin azadlığını pozmadan istifadə etməliyik. İctimai və birgə yaşayış qaydalarının pozulması kobud və qərəzli olsa, digər şəxslərin əmlakına və ya şəxsiyyətinə hər hansı zərər vursa bu artıq Cinayət Məcəlləsinin 221-ci maddəsinə əsasən xuliqanlıq kimi qiymətləndirilir”.
Sosioloq Əhməd Mansurov da uyğunsuz davranış qaydalarının tənqid edilməsindən söz açıb. O, bəzi hərəkətlərin daha artıq qeyri-etik olduğunu, lakin diqqətdən kənar qaldığını bildirib:
“Cəmiyyətdə bəzi davranış qaydaları var ki, insanlar tərəfindən düzgün qarşılanmır. Bunlarda biri də insanların öz davranışlarını cəmiyyət arasında özünü büruzə verəcək dərəcədə göstərməsidir. Bura məsələn, qucaqlaşmaq, öpüşmək, yersiz yerə tüpürmək və.s kimi hərəkətlər daxildir ki, insanların diqqətini özünə cəlb edir. Əgər desək ki, cəmiyyət içində qucaqlaşmaq və ya öpüşmək əxlaqsızlıqdır, onda digər məsələləri də önə çəkib sərt şəkildə tənqid etməliyik. Cəmiyyətdə etik prinsiplər müəyyən olunubsa, yerə tüpürmək, insanlar arasında ucadan telefonla danışmaq, qeyri-etik hərəkətlər etmək, söyüş söymək və.s kimi hərəkətlər də nəzərə alınmalıdır. Bu hərəkətləri də normal qarşılamamalıyıq. Çünki əgər biz qeyri-etik davranışı tənqid ediriksə, digərini də yaddan çıxartmaq olmaz. Qucaqlaşmaq, öpüşmək sevgidən doğan bir davranışdır. Ancaq onu küçədə edənlər də fikirləşməlidir ki, bu xüsusən azyaşlıların inkişaf dövrünə mənfi təsir edə bilər. Buna görə də insanlar etdikləri hərəkətə diqqət etməlidir ki, küçə bizim evimiz deyil və biz öz əməllərimizi kiməsə göstərməli deyilik. Uyğun olmayan davranış qaydaları da cəmiyyət tərəfindən tənqid edilməlidir”.