Samil Pasayev

Aliment ödəməməyin cəzası – ŞƏRH

Baxış sayı: 1. 173

Azərbaycan Konstitusiyasına görə, ailə dövlətin xüsusi himayəsindədir. Ölkənin ana sənədində xüsusi qeyd edilir ki, uşaqların qayğısına qalmaq, onları tərbiyə etmək valideynlərin borcudur. Valideyn qayğısından məhrum olan uşaqlar isə dövlətin himayəsindədir. Valideynlər istər birgə nikah, istərsə də nikah bitəndən sonra uşaqları himayə etməyə, onların maddi və mənəvi ehtiyaclarını qarşılamağa borcludurlar.

 

Aliment yalnız boşanma zamanı kəsilmir

Bəzən ailədaxili münasibətlərdə problem yarandığı zaman uşaqları himayəsində saxlayan tərəf (daha çox ana-red.) uşağın  xərclərinin qarşılanmadığını qeyd edir və digər valideyndən aliment  almaq üçün boşanmanı çıxış yolu kimi görür. Bəs alimentin təyin edilməsi üçün nikahın rəsmən sonlandırılması vacibdirmi?

Qanunvericilik nikahı bitirmədən də aliment, uşağın saxlanma xərclərinin valideynlərdən alınmasına imkan verir. Valideynlər evlilikləri dövründə də yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə sazişi (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər.  Əgər aliment ödəməli olan tərəf alimenti könüllü ödəmək istəyərsə, valideynlər aliment ödənilməsi barədə müqavilə imzalaya, həmin sənəddə alimentin məbləğini də müəyyən edə bilərlər. Lakin uşağı himayəsində saxlamayan valideyn digərinə bu ödənişi etmək istəmədikdə aliment məhkəmə qaydasında tutulur.

Cəmiyyətdəki anlayışa görə, aliment ödənilməsi daha çox atanın üzərindədir. Buna səbəb isə nikah başa çatdıqda əksər hallarda yetkinlik yaşına çatmayan uşağın ananın himayəsində qalması ilə bağlıdır. Əslində isə qanunvericiliyə görə, qadın və kişinin hüquq bərabərliyinə uyğun olaraq, ər və arvad ailə münasibətlərində bərabər şəxsi və əmlak hüquqlarına malikdirlər. Analıq, atalıq, uşaqların tərbiyəsi və təhsili, eləcə də ailənin digər məsələləri ər-arvadın hüquq bərabərliyi prinsiplərinə uyğun olaraq birgə həll edilir. Yəni uşağın saxlanma xərcləri onun himayəsində qalmadığı zaman anadan da tutula bilər.

 

Alimentin miqdarı necə müəyyən olunur?

Hazırkı qanunvericilik aktlarına görə, məhkəmə valideyndən hər ay bir uşağa görə qazancın və başqa gəlirlərin dörddə bir hissəsi, iki uşağa görə qazancın üçdə bir hissəsi, üç və daha çox uşağa görə isə qazancın yarısı miqdarında aliment tutur. Bu məbləğ azaldıla və artırıla bilər.

 

Bəs aliment öhdəliyi olan şəxs işləmirsə və ya heç bir gəliri yoxdursa, nə etməlidir?

Qanunvericilik hər bir halda alimentin ödənilməli olduğunu qeyd edir. Əgər uşaq dünyaya gətirilibsə, onun saxlama öhdəliyi də daşınmalıdır. Əgər valideyn işləmirsə, bu halda məhkəmə alimentin ödənilməsi üçün sabit məbləğ təyin edir. Hazırda bu, yaşayış minimumuna görə aylıq 160 manat təyin edilir, ancaq bu məbləğ artırıla və azaldıla bilər. Qanunvericilik kəsilən alimentin uşağın əvvəlki təminatının səviyyəsi mümkün qədər maksimal saxlanmasını əsas tutularaq müəyyən edilməsini tələb edir.  Yəni, ailənin birgə yaşayışı dövründə uşaq hansı komfort həyat tərzində yaşayıbsa, valideynlərin ayrılması bu həyat tərzinə maddi olaraq heç bir təsir göstərməməlidir.

Aliment verənin qazancı (gəliri) qeyri-müntəzəm olarsa, həmçinin qazancın hamısını və ya bir hissəsini natura və ya xarici valyuta ilə alırsa, yaxud qazancı yoxdursa, habelə alimentin qazancdan tutulması mümkün deyilsə, eyni zamanda tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, aliment tələb edən tərəfin xahişi ilə ödənişin miqdarı məhkəmə tərəfindən aylıq konkret məbləğdə müəyyən edilir.

 

Aliment ödəməməyin cəzası

Alimentin ödənilməməsi məhkəmə qərarını icra edilməməsidir, bu isə inzibati və cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 528-ci maddəsinə görə, məhkəmə qərarının icra edilməməsi cərimə  və ya bir aya qədər inzibati həbs cəzası nəticələnə bilir. Məhkəmə qərarını qəsdən icra etməyən şəxsə Cinayət Məcəlləsinin (CM) 306.1-ci maddəsinə əsasən cərimə, ictimai işlərə cəlb etmə, eyni zamanda 3 ilədək azadlıqdan məhrumetmə cəzası verilə bilər.

İnzibati və cinayət məsuliyyətinə cəlb edilmiş şəxs, cəzasını çəkdikdən sonra aliment ödənilməsini davam etdirməlidir. Məsuliyyətə cəlbetmə heç bir halda aliment öhdəliyini aradan qaldırmır. Aliment öhdəliyinin qəsdən yerinə yetirilməməsi şəxsin valideynlik hüququndan məhrum edilməsi üçün əsas ola bilər. Ailə Məcəlləsinin 64.0.2-ci maddəsində  bu xüsusat öz əksini tapıb.

Xüsusi vurğulamaq lazımdır ki, aliment yalnız uşaqlar üçün nəzərdə tutulmur. Övladların valideyn üçün, həmçinin, ər və arvadın, keçmiş ər (və ya arvad), bacı və qardaş, nənə və babanın xərclərinin qarşılanması üçün də aliment öhdəliyi ola bilər.

 

Alimenti qeyri-rəsmi ödəməyin!

Ötən ilin statistikasına görə, ölkədə 62.484 evlilik və 14.857 boşanma halı baş verib. Çox təəssüf ki, boşanma halları əksər vaxtlarda mübahisələr, münasibətlərin kəskin pisləşməsi, hətta düşmənçilik həddinə gəlib çıxır. Bu zaman xüsusilə uşağı himayəsində saxlayan tərəfin qisas obyektlərindən biri də alimenti qeyri-rəsmi ödəmiş tərəfi bir müddət sonra bununla cəzalandırmaq olur.

Bu cür problemin yaranmaması üçün, alimentin nəğd şəkildə ödənilməsi zamanı qəbz alınması, həmçinin, aliment alanın bank hesabına, poçt ünvanına və ya müvafiq icra qurumunun depozit hesabına göndərilməsi mümkündür.

Hazırda məhkəmə qərarlarının icrasında ən çox problem yaranmış məsələlərdən biri alimentin ödənməməsi ilə bağlıdır. Vaxtaşırı olaraq mediada və sosial şəbəkələrdə bununla bağlı məlumatlar, xəbərlər oxuyuruq. Alimentin ödənilməsi ilə bağlı məhkəmənin çıxardığı qərarların icra edilməməsinə dair yüzlərlə fakt var. Məhkəmə icraçıları əksərən bunu “işin və icra edilməli olan qərarın çoxluğu” ilə əlaqələndirirlər. Lakin nəzərə almaq lazımdır ki, aliment verənlərə qarşım tədbir görülməməsi və ya bu tədbirlərin effektiv olmaması başqalarının da məhkəmə  qərarlarına etinasız yanaşmasına gətirib çıxarır.

Alimentin tutulması tələbinə dair qərarın icrasından imtina edən, gizlənən və ya yeri məlum olmayan şəxslər barəsində icra qanunvericiliyinə əsasən bir sıra tədbirlər görülməsi mümkündür. Bu tədbirlər sırasına borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi, tələbin borclunun əmək haqqına və sair gəlirlərinə yönəldilməsi, tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması və s. daxildir. Aliment borcuna görə, illərdi axtarışda olan şəxslərin olması heç kimə sirr deyil.

 

“Aliment Fondu” yaradılması təklifi

Şəxs aliment ödəmədiyi təqdirdə aliment alanın yaşayışını təmin etməsində çətinlik yaranmaması üçün “Aliment fondu”nun yaradılması təklif edilib. Belə ki, belə bir fond olarsa, dövlət aliment kəsildiyi andan onun ödənilməsini fond hesabına təmin edə, daha sonra aliment verən şəxsdən həmin ödənişi ala bilər.

Belə olan halda, məhkəmə qərarlarını icra etmək üçün məsul olan qurumun da fonda vəsaitin toplanması üçün daha kəsərli tədbirlər görməsi və qanunvericiliyin imkanlardan maksimum istifadə etməsi daha məntiqli görünür.

Nəzər almaq lazımdır ki, Prezident İlham Əliyevin məhkəmə hüquq islahatlarının dərinləşdirilməsi ilə bağlı sərəncamında özəl icra qurumunun yaradılması barədə də müddəa var. Bu da icra işinin təkmilləşdirilməsinə, iki icra qurumu arasındakı rəqabətin məhkəmə qərarlarının icrasına müsbət töhfə verməsinə səbəb ola bilər.

 

Şamil Paşayev




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir