İctimai nəqliyyatdan gündəlik istifadə edən əksər şagirdlərin və onların valideynlərinin maddi sıxıntı ilə üzləşməsi yeni söhbət deyil. Elə yalnız məktəbyaşlı bir uşağı olan tanış valideynlərdən birinin: “Görəsən məktəbə iki-üç uşaq göndərən valideynlər necə öhtəsindən gəlir?” fikirləri bu vəziyyətin iqtisadi baxımdan onlar üç nə qədər çətin olduğundan xəbər verir.
Bu yaxınlarda millət vəkili Fazil Mustafanın ictimai nəqliyyatda məktəblilərdən gedişhaqqı tələb olunması ilə bağlı hadisəyə sərt reaksiyası da bu sahədə güzəştin tətbiqinin vacibliyinə ismarıc kimi səsləndi. Belə ki, deputat “Facebook” sosial şəbəkəsindəki hesabında “BakuBus” sürücüsünün ana və onunla birlikdə olan 3 övladından gedişhaqqı tələb etdiyini, əks halda, avtobusu sürməyəcəyini dediyini qeyd edərək ümumiyyətlə, bəzi ailələrin övladlarını ictimai nəqliyyatdan istifadə etməklə məktəbə aparıb-gətirməyə maddi imkanlarının çatmadığını diqqətə çatdırıb: “Doğrudur, hüquq baxımından sürücü haqlıdır, çünki 5 yaşdan yuxarı uşaqların nəqliyyat xərcinin ödənilməsi Nazirlər Kabinetinin qərarı ilə müəyyənləşib. Ancaq düşünün, həmin ana ödəniş imkanı olmadığına görə sürücünün israrı ilə üç övladını avtobusdan düşürüb və evə dönüb. Demək ki, üç Azərbaycan övladı imkansızlığa görə məktəbə gedə bilməyib. Burada çıxış yolu nədir? Nazirlər Kabineti bu qərarı mütləq dəyişməlidir. Məktəbli formasında olan istənilən uşaqdan ictimai nəqliyyatda vəsait alınmamalıdır. Hökumət bunun kompensasiya yolunu tapa bilər. Əsas hədəfimiz məktəbdən kənarda heç bir uşağın qalmamasıdır. Bakı Nəqliyyat Agentliyi və “Metropoliten” həftəiçi məktəbli geyimində olan uşağı məktəbə pulsuz daşımalıdır. Uşaq pul qazanmırsa, valideynin də nəqliyyat üçün ödəməyə pulu yoxdursa, uşaq oxumamalıdır?”
Millət vəkilinin bu fikirlərindən sonra ictimai nəqliyyatda məktəblilər üçün gediş haqqının ləğvi və ya güzəştli olması məsələsi gündəmə gəlib.
Daha çox da valideynlər eşitdikləri bu xəbərin gerçəkləşəcəyi günün həsrəti ilə yaşamaqdadırlar.
Qeyd edək ki, uşaqların ictimai nəqliyyatdan istifadəsinə dair güzəşt hazırda 5 yaşa kimi nəzərdə tutulur. 5 yaşdan yuxarı hər bir uşaq üçün gedişhaqqı ödənilməlidir. Onu da bildirək ki, təhsil müəssisələrində oxuyan şagirdlərin heç də hamısı gündəlik ictimai nəqliyyatdan istifadə etmir. O cümlədən, ümumtəhsil məktəblərində oxuyan uşaqların arasında yaşadığı əraziyə yaxın olan məktəbdə təhsil almayanlar da var.
Binə qəsəbə sakini Şərəf Qafarova hər gün 7-ci sinifdə oxuyan oğlunun Nərimanov rayonunda yerləşən liseyə gəlməsi və evə qayıtması üçün iki marşrut dəyişdiyini və ailənin maddi vəziyyətinin bu xərci qarşılaya bilmədiyini söyləyir: “Uşaq şəhər məktəbində oxuyur, hər gün iki marşrut dəyişərək məktəbə çatır. Lap qəsəbədə oxusaydı belə, yaşadığımız əraziyə yaxın məktəb yoxdur. Mərkəzə getmək üçün yenə də avtobusdan istifadə etmək lazımdır. Amma ailənin iqtisadi vəziyyəti uşağın vaxtlı-vaxtında məktəbə getməsinə imkan vermir”. Beləliklə, onun gileyi də millət vəkilinin haqlı irad və təklifləri ilə üst-üstə düşür.
Nəzərə alsaq ki, bəzi ailələrdən məktəbə gündəlik 2 və ya 3 uşaq gedir, onda vəziyyətin daha çətin olduğu anlaşılar.
Təbii ki, məsələnin həllində öncədən nə Bakı Nəqliyyat Agentliyi, nə Dövlət Avtomobil Nəqliyyat Xidməti, nə də “Bakı Metropoliten”dən hər hansı qərarı gözləməyə dəyər. O mənada ki, bunlar icraedici qurumlardır. Sərnişindaşımada qiymətlər Tarif Şurası tərəfindən tənzimlənir. Qərarlar Nazirlər Kabineti tərəfindən verdiyindən, hansı qərar qəbul olunarsa, onlar da onu tətbiq etməyə məsuldurlar. “Nazirlər Kabinetinin qərarı ilə məktəbyaşlı uşaqlara sərnişindaşımada güzəşt edilərsə, qərar icra ediləcək” deyə bildirirlər.
Təhsil ekspertləri isə məsələnin xüsusən aztəminatlı ailələrin övladları üçün əhəmiyyətli olduğunu vurğulayırlar.
Təhsil eksperti Məlahət Mürşüdli hesab edir ki, vəziyyəti çətin olan ailələrin uşaqları üçün belə bir güzəştin həyata keçirilməsi çox vacibdir: “Fikrimcə, bunu etmək də mümkündür. Çünki ictimai nəqliyyatdan gündəlik istifadə edən bu cür ailələrin sayı çox deyil. Onları müəyyənləşdirmək, ailə vəziyyətlərini öyrənmək lazımdır”. Ekspertin fikrincə, əgər həmin ailələrin doğrudan da iqtisadi vəziyyəti ağırdır, yol pulunu ödəməkdə çətinlik çəkirlərsə və nəticədə uşaqlar dərsdən qalırsa, bu cür güzəştlərin tətbiq edilməsinin böyük əhəmiyyəti olar. Tutaq ki, Mərdəkan qəsəbəsindən şəhərin mərkəzinə gələn 200 və ya 300 uşaq olacaq və yaxud məhəlləsindəki məktəbi qoyub başqa bir ərazidə oxumağa gedən uşaqlar da çox deyil. Elə ailələr var ki, onların övladları xidməti maşınla gedib-gəlirlər. Elə ailələr də var ki, onların uşaqları “servis” avtobusları ilə məktəbə gedib gəlir. İmkanlı ailələrin öz övladlarını məktəbə aparıb-gətirməklə bağlı problemləri yoxdur. Amma elə aztəminatlı ailələr var ki, onlar uşaqlarını məktəbə göndərməyə pul tapmırlar. Fikrimcə, bu cür ailələr 25-30 min olacaq. Onlara ictimai nəqliyyatdan istifadə üçün xüsusi kartların verilməsi mümkündür. Düşünürəm ki, bu uşaqların sayını müəyyənləşdirmək, sonra güzəşti tətbiq etmək lazımdır”.
Bu günlərdə Türkiyənin paytaxtı Ankaradan qayıtdığını deyən təhsil eksperti Qoşqar Məhərrəmov qonşu ölkənin təcrübəsini bölüşür. Belə ki, şəhərin yeni bələdiyyə rəhbərliyi tərəfindən tələbə və şagirdlərə 60 lirə (0.20 AZN) qarşılığında 200 gediş haqqı verən kart verilir: “Hazırda orada sərnişinlər üçün bir gediş 2.5 lirədir. Yəni bir gedişin haqqı türk pulu ilə 30 kuruş (0.10 qəpik) düşür. Hal-hazırda Ankarada belə bir kampaniya başladılıb. Lüksemburq, İngiltərə, Fransa və Estoniyada isə bəzi şəhərlər var ki, ictimai nəqliyyatı ümumiyyətlə xalq üçün pulsuz ediblər. Şagird və tələbələr üçün ictimai nəqliyyatdan pulsuz istifadə ənənəsi isə daha geniş yayılmış praktikadır. Bu, hər şeydən əvvəl şagird və tələbələrin rahatlığı üçündür. Avropanın bəzi şəhərlərində məktəblərin çox olduğu ərazilərdəki marşrutları, xüsusi avtobusları pulsuz ediblər. Bu da bir praktikadır”. Ekspert hesab edir ki, Azərbaycanda da tələbə və şagirdlərin belə bir sosial paketdən faydalanması zəruridir: “Biz görürük ki, ətrafımızda həqiqətən maddi olaraq məhdud imkanlarla təhsilini davam etdirən tələbə və şagirdlər var. Ümumiyyətlə, dünya praktikasında tələbə və şagirdlərə hər sahədə müəyyən endirimlər tətbiq edilir. Bu güzəştin ictimai nəqliyyata tətbiq olunması yerində atılan bir addım, çağdaş bir yanaşma olar. Bu, hal-hazırda bizim üçün bir ehtiyacdır. Belə bir sosial güzəştin olmasına ümid edək. Məncə, dövlətimizin bu addamı atmağa imkanı çatır. Bu kəsim üçün ictimai nəqliyyat pulsuz olmasa belə, müəyyən endirimlər ola bilər. Məsələn, Ankara praktikasındakı kimi güzəştli kartlar verilə bilər. Bu kartlara müəyyən güzəştli qiymət də tətbiq oluna bilər və ya pulsuz da ola bilər. Eyni zamanda, bu kartlardan sui-istifadə qapısını bağlamaq, yəni başqalarının istifadə etməməsi üçün müəyyən barkotlar və s. kimi sistem qurulub metroda və digər ictimai nəqliyyat vasitələrində tətbiq oluna bilər”.
Hələlik səslənən fikirlər təklif səviyyəsində qalır. Məsələyə qanunvericilik çərçivəsində müdaxilə üçün nə qədər zamanın lazım olduğu isə məlum deyil…
Təranə Məhərrəmova