budce - 1

Maaşın 3 günə bitməsinin qarşısını alan 4 sadə qayda

Baxış sayı: 528

Çoxlarımız üçün maaş günü sevinc deməkdir. Lakin bu sevinc çox vaxt cəmi bir neçə gün davam edir. Maaş kartına pul daxil olduqdan qısa müddət sonra hesabın yenidən boşaldığını görürük və ayın qalan hissəsini növbəti maaşı gözləməklə keçiririk.

Maraqlısı odur ki, hər ay eyni ssenari təkrarlanır: maaş gəlir, xərclər artır, pul tez bitir və yenidən gözləmə dövrü başlayır. Maliyyə mütəxəssisləri bildirirlər ki, bunun əsas səbəbi gəlirin az olmasından çox, onun plansız idarə edilməsidir.

 

Bəs maaş alan kimi nə etməliyik ki, bu döngü təkrarlanmasın və pulumuz ayın sonuna qədər çatsın?

Ekspertlər bunun üçün dörd əsas addım tövsiyə edir.

budce

1) İlk növbədə özünüz üçün qənaət edin

Mütəxəssislər “əvvəlcə özünə ödə” prinsipini tövsiyə edirlər. Maaş daxil olan kimi gəlirin müəyyən hissəsini – məsələn, 5%-ni və ya daha çoxunu – ayrıca yığım hesabına köçürmək lazımdır.

Maliyyə təhlükəsizliyi üçün ən azı 3-6 aylıq xərcləri qarşılayacaq ehtiyat fondunun yaradılması tövsiyə olunur. Bu vəsait gözlənilməz hallarda ciddi dəstək rolunu oynaya bilər.

 

2) Vacib ödənişləri dərhal edin

Kirayə, ipoteka, kommunal xidmətlər, kredit ödənişləri və sığorta kimi məcburi xərclər maaş daxil olduqdan sonra ilk ödənilən məbləğlər olmalıdır.

Ekspertlər bildirirlər ki, bu ödənişlərin avtomatlaşdırılması gecikmələrin və əlavə cərimələrin qarşısını almağa kömək edir.

 

3) Həftəlik xərclər üçün limit müəyyənləşdirin

Ərzaq alış-verişi, nəqliyyat, və digər gündəlik ehtiyaclar üçün əvvəlcədən büdcə ayrılması vacibdir.

Maliyyə məsləhətçilərinə görə, həftəlik limit müəyyən etmək və bütün xərcləri izləmək artıq xərcləmənin qarşısını almağın ən effektiv yollarından biridir.

 

4) Əyləncə və istəklər üçün ayrıca büdcə saxlayın

Qənaət və vacib ödənişlərdən sonra qalan vəsaitdən şəxsi istəklər üçün istifadə etmək mümkündür. Bu, həm maliyyə intizamını qoruyur, həm də xərclərə görə sonradan peşman olma riskini azaldır.

Əgər ay sonunda artıq vəsait qalırsa, onun bir hissəsini yığıma yönəltmək tövsiyə olunur. Əks halda, istifadə olunmayan abunəliklər və ya lazımsız xərclər yenidən nəzərdən keçirilə bilər.

Maaş günü verilən düzgün qərarlar zamanla böyük maliyyə nəticələrinə çevrilir. Kiçik dəyişikliklər gələcəkdə daha rahat və sabit maliyyə həyatı qurmağa kömək edə bilər.

 

Sərvanə Rəmixanova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir