usaqpulu

Uşaqpulu necə verilsin? – İqtisadçıdan TƏKLİF

Baxış sayı: 974

“Uşaqpulunun bərpası ilə bağlı müxtəlif mexanizmlər tətbiq edilməlidir. Uşaqlara sözügedən ödəniş 18 yox, 16 yaşa qədər verilsə, daha məqsədəuyğun olar”.

Bu sözləri iqtisadçı-ekspert Rəşad Həsənov deyir. O bildirib ki, hazırda Azərbaycanın əmək qanunvericiliyinə əsasən 15 yaşdan yuxarı şəxslər əmək bazarına atıla bilərlər:

“Düşünürəm ki, 16 yaş da daxil olmaqla, uşaqların orta təhsili bitirmələrinə qədər uşaqpulu verilməlidir.

Bu gün ölkədə kiçik ailə modeli (1-2 uşaqlı) artıq oturuşmaqdadır. Burada demoqrafik siyasətlə sosial siyasət uyğunlaşdırılmalıdır. Ən son vəziyyətdə ailədə doğulan ilk uşağa uşaqpulu verilməyə, iki və daha çox uşağa isə verilə bilər.

Uşaqpulu ilə bağlı təklifim isə ondan ibarətdir ki, ailədə doğulan birinci uşağa hər ay 50 manat, ikinci uşağa 75 manat, üçüncü uşağa görə 110 manat vəsait verilə bilər. Burada üçüncü uşaq məsələsi olduqca həssasdır, çünki artıq ailələr iki uşaqdan sonra üçüncü barədə düşünmür. Ödənişlər qeyd etdiyim formada olarsa, büdcəyə yük çox düşməz”.

Ekspert qeyd edir ki, hazırda müəyyən qədər qeyri-neft iqtisadiyyatının leqallaşdırılması prosesi gedir və bunun hesabına artıq ilin 9 ayında büdcəyə əlavə olaraq 800 milyon vəsait daxil olub:

“Nəzərə almaq lazımdır ki, hazırda iqtisadiyyatın 63-65 faizi illeqaldır. Bu o deməkdir ki, iqtisadiyyatı leqallaşdırmaqla milyardlarla vəsaiti dövlət büdcəsinə yönəltmək olar.

Eyni zamanda, hazırda müxtəlif proqramlar adı altında uşaqlara müavinətlər verilir və onların arasında çox aşağı ödənişlər də var. Bu məsələ ilə bağlı düşünürəm ki, uşaqpulu alacaq şəxslərə verilən ödənişlə müavinətlər də birləşdirilməlidir. Çünki fiziki məhdudiyyətli uşaqlarla digərlərinin həyat şərtləri eyni deyil”.

R.Həsənov əlavə edir ki, uşaqpulunun verilməsi həm keyfiyyətli təhsilə, həm də ən əsası insan kapitalına ödənişdir:

“Azərbaycanda hazırda dövlət büdcəsinin 30 faizdən artığı infrastruktura ayrılır və bunun böyük qismi korrupsiya predmeti olur. Buna və dövlət satınalmalarında nəzarət artırılsa, şəffaflaşmadan əldə edilən qənaət uşaqpulu üçün problemi aradan qaldıracaq. Digər tərəfdən, əlavə vəsaitin əldə edilməsinə də səbəb olacaq”.

Xatırladaq ki, bir neçə gün əvvəl deputat Əli Məsimli parlamentdə təklif edib ki, yeni doğulan uşağa 200 yox, 500 manat verilsin və bu, uşaqpulu məsələsində müəyyən bir addımın atılmasına gətirib çıxaracaq:

“Bunun üçün əvvəlki variantda haradasa 16 milyon manat, təklif etdiyim variantda isə 40 milyon manat pul lazımdır. Büdcəsinin gəlirləri 27 milyard manata çatan bir ölkədə o qədər pul deyil ki, bu məsələyə diqqət yetirilməsin”.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev isə bildirib ki, Azərbaycanda “uşaqpulu ödənilmir” demək düzgün deyil:

“Bu gün Azərbaycanda 600 min uşağa müxtəlif növ müavinətlər ödənilir. Təkcə sağlamlıq imkanı məhdud olan uşaqlara ödənilən vəsaitlərin aylıq məbləği özlərinə 150 manat, onların valideynlərinə, qəyyumlarına isə 200 manatdır. Yəni, o dövrdə ödənilən 2 manat hara, bu gün ödənilən 200 manat hara. Bu gün ünvanlı sosial yardım alan 280 min insanın 160 mini uşaqdır. Bu gün ən həssas kateqoriyadan olan 600 minədək uşağa bu vəsait ödənilir və ödənilən orta məbləğin rəqəmi 100 manatın üzərindədir. Bu, kifayət qədər ciddi rəqəmdir. Bəzən bu addımların atılması səsləndirilir, bu gün Azərbaycanda 18 yaşınadək 2 milyon 700 min, 15 yaşınadək 2 milyon 200 min, 6 yaşınadək 1 milyon 200 min uşaq var. Söylənilən məbləğ də 100 manatdır və 18 yaşınadək hər kəsə şamil edilsə 3,3 milyard manat vəsait edir. “Uşaqpulu” kimi proqramlar isə 1,2 illik olmur, ən azı 5 illik olur. Bu o deməkdir ki, bu işə 18,35 milyard manat vəsait xərclənməlidir”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir