PUL

Xəsislik, yoxsa planlama? – ARAŞDIRMA

Baxış sayı: 1. 464

Hər birimizin gündəlik xərcləri olur. Necə deyərlər, azın az, çoxun çox dərdi var. Bəs bu xərclərimizin haqq-hesabını aparmalıyıqmı? Mövzunu araşdırarkən əvvəlcə sosial şəbəkə vasitəsilə kiçik bir sorğu təşkil etdik. Əsasən gənclərin iştirak etdiyi sorğuda verilən cavablar müxtəlif oldu. Bəziləri xüsusi qeyd aparmadığını, amma gündəlik olaraq bəlli miqdardan kənara çıxmadığını söylədi, bir qisim “xərclərimi hesablasam, gərək pul xərcləməyim” dedi. Öz xərclərini hesablamaq üçün  müxtəlif tətbiqlərdən istifadə etdiyini deyənlər də oldu. Sorğuda iştirak edənlər arasında “Excel” proqramında günlər, həftələr, aylar üzrə xərclərini qruplara bölüb təhlil edənlər, yaxud texnologiyanın digər imkanlarından yararlandığını bildirənlər də var idi.

Xərclərə nəzarət etməklə optimallaşdırma aparmaq olur

“Technote.az” saytının təsisçisi, texno-bloqqer Fərid Pərdəşünas müxtəlif tətbiqetmələrin köməyindən faydalandığını söylədi. Texno-bloqqer bizimlə söhbətində “Monefy” tətbiqetmənin faydalarından söz açdı: “Appstore” və “GooglePlay” onlayn platformalarında pul əməliyyatlarını tənzimləyən bir neçə proqram var. Ümumiyyətlə, xərclərin hesablanması üçün tətbiqetmələrin sayı həddən çoxdur. İstifadəsi ən rahat tətbiqetmələrdən biri kimi “Monefy” proqramını misal göstərə bilərəm. Tətbiqetməmin köməyi ilə öz xərclərini hər gün siyahıya daxil edərək, dövri olaraq hesablamalarını apara bilərsən. Məsələn, gediş haqqı, əyləncə, qida və digər bölmələr var. Tətbiq, sənə həftəlik və aylıq olaraq hesabat verə bilir. Beləliklə, öz xərclərini qrafikdə daha aydın görmək imkanın olur. Ay sonunda xərclərə nəzarət edərək, sənə öz xərclərini optimallaşdırmağa imkan yaradır. Mən daha çox əyləncə kateqoriyasını diqqətdə saxlayıram. Çalışıram ki, vacib xərclərimlə müqayisədə, əyləncəyə ayırdığım məbləğ daha az olsun. Əgər kimsə öz hesabatını aparırsa, həmin insana xəsis demək olmaz. Bu, düzgün yanaşma deyil. İstər böyük şirkət, istərsə də fiziki şəxslər öz gəlir və xərclərini düzgün planlaşdırmağı bacarmalıdır”.

Hər qəpiyin hesabını aparmaq olmaz

“Orkhanway Coaching” şirkətinin təsisçisi, Beynəlxalq Əmək Təşkilatının biznes təlimçisi Orxan Şahbaz düşünür ki, gündəlik xərcləri hesablamaq düzgün deyil: “Gündəlik pul xərclədiyim hər şeyin hesabatını aparmağı doğru hesab etmirəm. Həftəlik, aylıq xərcləri hesablamaq anlaşılandır. Həftəlik və aylıq plan olduqda, gündəlik xərcləri də hesablamağa ehtiyac qalmır. Ancaq hər qəpiyini hesablayan insanlar var ki, mən bunu düzgün hesab etmirəm. Yəni gündəlik xərclədiyin hər qəpiyin, manatın hesabını aparmaq, artıq psixoloji problemdir. Bir şeyi də qeyd edim ki, bizim cəmiyyətdə insanlar ən çox, kütləvi şəkildə xərcləri idarə edə bilməmə problemini yaşayır. Düşünürəm ki, ehtiyac olana  pul xərcləmək lazımdır. Ümumi olaraq əgər xərclədiyin pul sənə gələcəkdə əlavə pullar gətirməyəcəksə, o xərc yararsız olur. Adətən insan ona zərərli olan şeylərə daha çox pul xərcləyir. Ona görə də, bazarda zərərli ola biləcək qidalar daha bahalı satılır.  Maraq ehtiyacı üstələyirsə, bu zaman bədxərclik yaranır. Ümumiyyətlə, pul xərcləmək üçün öncə ehtiyac yaranmalıdır”.

İzafi xərclərinizi daha aydın görə bilirsiniz

Sosial-psixoloq Əhəd Kazımov deyir ki, hər kəs özünün maliyyə inzibatçısı olmalıdır: “ABŞ və bir sıra inkişaf etmiş ölkələrdə uzun illərdir ki, gənclər müxtəlif üsullardan istifadə edərək öz xərclərinin hesabatını aparırlar. Bizdə isə bu hələ tam formalaşmayıb. Həmin ölkələrdə bu ənənə hələ kiçik yaşlardan təlqin edilir. Hətta azyaşlı məktəblilər belə, öz xərcliklərinin hesabatını aparırlar. Böyük əksəriyyət, hətta gündəlik olaraq pul xərclədiyi hər şeyin hesabatını verir. Əvvəllər bunun üçün ya ayrıca dəftər tutmalı, yaxud “Excel” hesablama proqramında səhifə açmalı idin. İndi isə texnologiya inkişaf edib və müxtəlif tətbiqlərin köməyi ilə öz xərclərinin hesabatını apara bilərsən. Həmçinin, dədə-baba qaydası hesab olunan dəftərçələrin də köməyindən istifadə edənlər var.  Bu, bir qədər vaxt alır və bəzən dəftərçə yanında olmaya bilər. Bu zaman xərcləri qeyd etmək yaddan çıxır. Amma mobil telefon demək olar ki, daima üstümüzdə olur. Önəmli olan, gündəlik, həftəlik, yaxud aylıq nə qədər pulu nəyə xərclədiyini bilməkdir. Bu hesabatı apardıqdan sonra hər ay öz xərclərinizə qənaət edə bilərsiniz. Çünki belə olduqda siz öz izafi xərclərinizi daha aydın görə bilirsiniz. Əgər öz büdcənin hesabatını aparmasan, qazandığın pulun haradan gəlib hara getdiyini bilməyəcəksən”.

Ə.Kazımov qeyd etdi ki, bu məsələdə yanaşma iki cürdür: “Bəziləri öz xərclərinin hesabatını aparmaq istəmir. Bu da ondan irəli gəlir ki, öz xərclərini hesablayan şəxsləri cəmiyyətimizdə xəsis adlandıranlar var. Amma təbii ki, bu, belə deyil. Əgər öz gəlirini xaotik olaraq hara xərclədiyini bilmədən yaşamağa davam etsən, heç nə əldə edə bilməyəcəksən. Öz büdcəsini düzgün idarə edə bilməyən insanlar həyatda da uğur qazana bilməz. Xüsusilə, uğurlu karyera qurmaq istəyən gənclər bu məsələyə diqqət etməlidir”.

Aylıq hesabat daha faydalıdır

“Azərconnect LLC”-nin insan resursları üzrə böyük mütəxəssisi Tural İslamov deyir ki, öz büdcəsini idarə edə bilməyən şəxs heç nəyi idarə edə bilməz: “Bu məsələdə fikir birmənalıdır. Xüsusilə indiki dövrdə hesabatlılıq çox mühüm məsələdir. Hər birimiz gündəlik, həftəlik, yaxud aylıq olaraq özümüzə hesabat verməliyik. Düşünürəm ki, aylıq hesabat daha faydalıdır. Çünki ay ərzində xərclədiyimiz məbləğə əsasən növbəti ayın xərclərini müəyyən edə bilərik və bu, daha məqsədəuyğun olar. Hər kəs ayın sonunda mütləq səmimi olaraq özünə hesabat verməlidir. Yalnız bu halda faydasız xərclərdən qurtula bilərik. Professional və şəxsi həyatda planlı olmaq vacib məsələdir. Bəzən buna tənbəllik edirik. İndi artıq işimizi asanlaşdırıblar. Müxtəlif aplikasiyalar vasitəsilə nəyə, nə qədər xərclədiyimizi daha aydın görə bilərik. Mən özüm daha çox gündəlik xərclərimi “Excel” proqrammı vasitəsi ilə hesablayıram. Çalışaram ki, gündəlik olaraq xərclərimi qeydə alım. Çünki iki gün keçdikdən sonra xərclədiyim məbləğ yadımdan çıxır. Həmçinin, onlayn ödəmələr zamanı öz ödəmə tarixçəmi çıxararaq nəticələri qeydə alıram.

Xərclərin hesabatını aparmaqda bir neçə məqsəd ola bilər. Məsələn, öz xərclərimi düzgün idarə etmək istəyirəmsə, deməli, özümə hesabat verməliyəm. Həmçinin xərclərimi azaltmaq istəyirəmsə, izafi xərclərimə nəzər yetirməliyəm. Belə olduqda öz hədəf və məqsədlərini daha yaxşı təyin edə bilirsən. Artıq xərcləri çıxmaqla, qarşına qoyduğun məqsədə daha rahat çatmaq olur. Gənclərə isə tövsiyə edərdim ki, əyləncə xərclərini optimallaşdırmağı bacarsınlar. Yaxşı olardı ki, təhsil və özünüinkişaf xərcləri digərləri ilə müqayisədə daha çox olsun. Bu, onların gələcək karyeraları üçün də faydalıdır”.

Müsahibim deyir ki, bəzən xəsis insanla özünə hesabat verən insanı səhv salırıq: “Bu, qətiyyən doğru deyil. Əgər biz gündəlik, aylıq  xərclərimizi hesablayıb aya və ilə vursaq, böyük məbləğ əmələ gəlir. Ona görə də bu hesabatı aparan insanları məsxərəyə qoymaq olmaz. Xərclənən hər bir qəpik diqqətli və planlaşdırılmış şəkildə bölünməlidir. Xərclərə yanaşma yalnız bu halda düzgün aparıla bilər”.

 

 

Şəbnəm Mehdizadə




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir