BALIQ

Balıq satışı ilə bağlı ciddi təhlükə: BUNLARA DİQQƏT EDİN

Baxış sayı: 1. 176

Artıq bir neçə aydır ki, Bakıda, eləcə də digər şəhər və rayon ərazilərində balıqların satışı çoxalıb. Sözügedən balıqlar isə mağaza və bazarlardan daha çox fərdi yerlərdə, yol kənarlarında çirkli vannaların içərisində və ya piştaxtaların üzərinə qoyularaq satılırlar.

Azərbaycan İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov bildirir ki, balıqlar və göbələklər birinci risk qrupuna daxildirlər:

“Yəni, onlardan zəhərlənmə riskləri daha çoxdur. Bu səbəblərdən də balıqların satışı buzlu yerdə olmalıdır. Bunun üçün isə ağzı açıq buzlu soyuducular var. Mən bir çox ölkələrdə balıq yarmarkaları görmüşəm. Belə ki, Türkiyədə, Portuqaliyada, Cənubi Afrikada, Fransada və d. ölkələrdə diri balıqlar səhər tezdən saat 11, 12 radələrinədək dəniz kənarlarında satılır. Daha sonra isə aidiyyəti qurumlar tərəfindən həmin ərazilər təmizlənir. Və proses hər gün və ya həftənin müəyyən günlərində yenidən davam edir”.

E.Hüseynov qeyd edir ki, xarici ölkələrdə vannaların içərisində balıq satışının şahidi olmayıb:

“Azərbaycanda balıqlar harada, necə gəldi satılır. Hətta çirkli vannalarda, uşaq arabalarında balıqların satışı baş tutur. Avtomobil şinləri ilə də balıqlarının divara vurularaq satılmasının şahidi oluruq. Bu insanların tədricən zəhərlənməsinə gətirib çıxarır. Əhali bu cür yerlərdən balıq almamalıdır.

Əlavə edim ki, hazırda balıq satışına əməl edən yerlər az olsa da var. Məsələn, balıq satışı ilə ixtisaslaşmış dükanlarda və “Yaşıl” bazarlarda belə yerlər var.

Əslində balıqlara hansı baytarlıq dərmanlarının verilməsi barədə istehlakçılar məlumatlandırılmalıdır və onlar bunu tələb etməlidirlər”.

Əlavə edək ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) bu cür qanunsuz fəaliyyətlərlə məşğul olan şəxslərə bir neçə dəfə xəbərdarlıq edib. Xəbərdarlıqda qeyd olunub ki, bu şəraitdə hazırlanan məhsullar insan sağlamlığına ciddi fəsadlar törədə, hətta əhali arasında ölümlə nəticələnə biləcək hallara səbəb ola bilər.

Agentlik bəyan edir ki, bu cür qanunazidd fəaliyyətlərin qarşısının alınması üçün qanunvericiliyin tələbləri çərçivəsində ən sərt tədbirlər həyata keçiriləcək.

Eyni zamanda istehlakçılara balıq və balıq məhsulları seçərkən daha diqqətli olmaları, məhsulun keyfiyyət göstəricilərini əks etdirən sənədlə müşayiət olunması və normativ qaydalara uyğun şəraitdə saxlanılması və satışına əmin olduqdan sonra istifadə etmələri tövsiyə edilir.

Həmçinin AQTA-nın balıq alarkən nələrə diqqət etməyin vacib olması ilə bağlı tövsiyələrini təqdim edirik:

– Təzə balığın dərisinin səthi təmiz, sərt və parlaq olmalı, az miqdarda şəffaf selik ilə örtülməlidir. Eyni zamanda pulcuqları hamar və parlaq, dərisi isə ətinə möhkəm yapışmış olmalı, quyruğu sallanmamalıdır. Köhnə balıq əti isə yumşaq təbəqəyə malik olur;
– Təzə balığa barmaqla əl vurduqda ət əvvəlki vəziyyətini yenidən alır, köhnə balıqda isə barmaq izi qalır. Bu üsul balığın təzəliyini yoxlamaq üçün ən asan yoldur;
– Balığı dik saxlayaraq duruşuna da fikir vermək lazımdır. Təzə balığın quyruq hissəsi dik, köhnə balıqda isə sallaq olur;
– Təzə balığın qanı açıq qırmızı rəngli və iysiz , köhnə balıqda isə qaraya çalan rəngdə və pis qoxulu olur.
– Balığın gözlərindən də ətin təzə olmasını ayırd etmək mümkündür. Təzə balığın gözü aydın, şəffaf, dolu və göz bəbəyi parlaq, köhnə balığın gözləri isə çökük, göz bəbəyi mat olur;
– Təzə balığın qəlsəməsi tünd qırmızıya, köhnə balıqda isə boz rəngə çalır. Əzələsi bərk, elastik olub, sümükdən çətinliklə ayrılır.
 Yoxlamaq üçün əlinizi balığın üzərində gəzdirin, pullar əlinizə gəlir, lakin tökülmürsə, deməli balıq təzədir.
 Təzə balıqda qəlsəmələrin üzərindəki selik qat şəffaf və rəngsiz olur, köhnə balıqda isə selik şəffaflığını itirərək ağ, sarı, boz və s. rənglərə çevrilə bilər;
 Balıq digər qidalarla eyni yerdə saxlanılmamalıdır. Satış ərazilərində balıqların günəş görməyən və gigiyenik mühitdə, təmiz üsullarla, üzəri buzla örtülü olaraq qorunması önəmlidir.
 Təzə balıqların orqanları dağılmamış, əzələləri möhkəm və gərgin, köhnə balıqların orqanları isə bulanıq rəngdə və asanlıqla bir-birindən ayrıla bilən vəziyyətdə olur.

Balıq istehlak edilərkən taxta dəzgah yerinə düz, plastik materiallar işlədilməli və istifadə etdikdən sonra mütləq şəkildə isti su ilə təmizlənməlidir. Həmin materiallar çiy istehlak ediləcək məhsullarla təmasda olmamalıdır. Balıq məhsullarının qida təhlükəsizliyi göstəricilərinə uyğunluğunu və xüsusiyyətlərini qorumaq üçün soyuq və gigiyenik mühitdə saxlanılması vacibdir. Əgər mühit gigiyenikdirsə, bakteriya yoluxması ehtimalı da azalar. Balıqlar dondurucuda saxlanmalıdır.

Bişmiş balıq olduqca tez bir zamanda istehlak edilməlidir. Ona görə də çalışın balığı istehlak edə biləcəyiniz miqdarda bişirin. Artıq qalan balıq isə bişirilmədən dondurulma, duzlama, konserva və qurutma üsulları ilə saxlanıla bilər.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir