KITAB

Bədii zövqü necə formalaşdırmalı?

Baxış sayı: 1. 210

“Bədii zövqü necə formalaşdırmaq olar?” Bu suala “Klassik yazıçıların əsərlərini oxumaqla”, “Xarici əsərləri mütaliə etməklə”, “Çağdaş ədəbiyyatı izləməklə” və s. cavablar verilir. Əksər fikirlər isə bədii zövqün uşaqlıqdan formalaşdırılması ilə bağlıdır.

“Müzakirə”mizdə iştirak edən ədəbiyyat adamlarının bu konteksdə fikirləri maraqlıdır.

 

Kimdə bu zövq kəmdirsə…

Filologiya elmləri doktoru, professor Buludxan Xəlilovun fikrincə, bütün zamanlarda olduğu kimi, indiki dövrdə də bədii zövqün formalaşmasına ehtiyac var: “Dünya o qədər sürətlə inkişaf edir, həyatımıza elmi-texniki tərəqqinin nailiyyətləri o qədər tez gəlib daxil olur ki, insanlar az qala qurulaşırlar. Onlar bədii zövqün mahiyyətinə varmaq imkanını əldə edə bilmirlər. İnsan bu quruluq nəticəsində zövqünü itirə bilir. Tarix boyu belə olub. Əgər elmi-texniki tərəqqi bir tərəfdən insanlara fayda verirsə, onların zəhmətini asanlaşdırırsa, digər tərəfdən onlara ziyan gətirir. Bu mənada dünya bu gün bədii zövqün necə formalaşdırılması sualı qarşısındadır. Bu, təkcə Azərbaycanın deyil, dünyanın problemidir”. Filoloq hesab edir ki, bədii zövqün formalaşması birtərəfli götürülə bilməz: “Yəni təkcə ailəni, bağçanı, orta və ali məktəbi, klassik və ya müasir ədəbiyyatı nümunə götürüb “bununla bədii zövq formalaşacaq” desən, bu, mümkün olan şey deyil. Məsələyə kompleks yanaşmaq lazımdır. Bədii zövq insan üçün hər an, hər dəqiqə formalaşmağa ehtiyacı olan bir mənəvi dəyərdir. İnsan hər an bədii zövqünün formalaşdırılması üçün faydalanmalıdır. Bu, ailədən başlanmalıdır. Məsələn, əvvəllər ailədə bədii zövqü formalaşdırmaq üçün uşaqlara laylalar, oxşamalar, nanaylar söyləyirdilər. Uşağın özü də bilmədən, o nümunələrin hesabına zövqü formalaşırdı. Nənələr, babalar, ata-analar övladlarına eyni zamanda nağıllar danışardı. Bu nağıllar uşaqların zövqünü formalaşdırırdı. Eyni zamanda, uşaqların səviyyəsinə uyğun uşaq kitabları çap olunardı. O bədii kitabları uşaqlar hətta kiçik yaşlarından oxuyardılar. Həmin bədii kitablar həm uşaqların lüğət fondunun, həm də bədii zövqünün formalaşmasında rol oynayardı. Yəni uşaq özü bilmədən bədii əsərlərə müdaxilə etməklə, onu oxumaqla, ailədəki valideynlərin ona təbliğ etdiyi ədəbiyyatı mənimsəməklə, zövqünü formalaşdırardı və uşaq, artıq müəyyən müddətdən sonra ədəbiyyatla bağlı bir zövq sahibi ola bilərdi. Əslində zövq sahibi olan uşaq başqa zövq sahibi olmayan uşaqlardan fərqlənə bilərdi. Təəssüflər olsun ki, bu məsələlər bu gün cəmiyyətin çox ciddi, problemli məsələləridir. Babaların, nənələrin, valideynlərin uşaqlarına nağıl danışması, laylalar söyləməsi vaxtı keçib. Bu, bir tərəfdən elmi-texniki tərəqqinin nailiyyətidir, digər tərəfdən insanların vaxtı o qədər boş yerə xərclənir ki,  çatdıra bilmirlər. Nəticədə baba, nənə nəvəsi ilə, valideyn övladı ilə məşğul ola bilmir. Bədii zövq də formalaşmır”.

Nisbətən yuxarı siniflərdə bədii zövqün formalaşmasına gəlincə, B.Xəlilov hesab edir ki, bu sahədə ciddi iş qurmaq lazımdır: “Təəssüf ki, bu gün orta məktəblərimizdə bədii ədəbiyyatın oxu mədəniyyəti aşağı səviyyədədir. Yəni vaxtilə biz XIX və XX əsr klassik ədəbiyyatı, müasir ədəbiyyatı ayrı-ayrı siniflərdə keçir, bədii ədəbiyyatı oxuyur, dünya ədəbiyyatına baş vururduq. İndi bu məsələlər o qədər məhdudlaşıb ki, uşaqların həm imkanı yoxdur, həm də hər əsəri oxu ədəbiyyatı kimi ortaya gətirmək olmaz. Dərsliklərin özünü mükəmməlləşdirmək lazımdır. İndi zaman bizi o qədər sıxır ki, fikrimcə, dərsliklərdə bir müəllifin bir neçə əsərini yox, bir kamil əsərini verib uşağa oxutdurmaq lazımdır. Bunun yolunu tapmağa ehtiyac var. Təəssüf ki, təhsil sistemində gedən proseslər müsbət cəhətləri ilə yanaşı, o qədər dinamikdir ki, uşaqlar bədii əsərləri oxumağa vaxt tapmırlar. Dərsliklərin özünün və məzmununun dəyişməsi, şair və yazıçıların hansı əsərlərinin dərsliyə salınması məsələsi o qədər dəyişkən oldu ki, vaxt çatdırmaq, onları oxumaq olmur. Həm zaman imkan vermir, həm də tez-tez dəyişən dərsliklər uşaqların həmin ədəbiyyatı oxumasına mane olur. Digər tərəfdən, biz açıq cəmiyyətdə yaşayırıq. İnsanlar internet resurslarından o qədər faydalanırlar ki, bu, uşaqlara bədii əsərləri oxumağa imkan vermir. Məsələn, sovet dövründə indiki qədər resurslar sistemi zəngin deyildi. İndi uşaqlar “facebook”da yazışır, “youtube”dan  istifadə edir və müxtəlif məlumatları alırlar. Onların bədii əsər oxumaq imkanları olmur. İnternet üzərindən əldə etdiyi materiallar uşaqların zövqünü korşaldır. Uşaqlar nəyin dəyərli olduğunu bilə bilmirlər. Bir müddətdən sonra ayılıb görürlər ki, onların nə Azərbaycan, nə də dünya ədəbiyyatından xəbərləri var. Dünya və Azərbaycan ədəbiyyatından bixəbər olanların isə bədii zövqü ola bilməz. Mənə elə gəlir ki, biz bu istiqamətdə də işlər görməliyik. İnternet resurslarında xüsusi layihələr hazırlanmalıdır. O layihələrə müxtəlif adlar qoymaq olar. Bunlar bədii ədəbiyyatın «Oxu» layihəsi, «İfadəli oxu», «Bədii qiraət» və s. layihələri ola bilər. Onları “youtube” səhifələrində yerləşdirməklə uşaqları məktəbdə bu istiqamətə yönləndirmək olar ki, bədii ədəbiyyat oxumağa həvəslənsinlər. Yığcam süjetli bədii əsərlər vasitəsi ilə uşaqların bədii zövqünü formalaşdırmaq olar”.

Professor hesab edir ki, bədii zövqün formalaşdırılması istiqamətində sinifdənkənar oxu işlərinin təşkili də çox zəifdir. Belə ki, əvvəllər sinifdənkənar oxu işləri məktəbin özündə həyata keçirilirdi: “Dərsliklərdə sinifdənkənar oxu işlərinə daxil olan şair və yazıçıların əsərləri verilir və onlara saat ayrılırdı. İndiki dövrdə bu saatlar da o qədər mükəmməl deyil. Ümumiyyətlə, sinifdənkənar işlərin özü çox zəifdir”.

B.Xəlilovun fikrincə, bədii zövqün formalaşmasına maneçilik edən digər bir cəhət orta məktəb şagirdlərinin teatr tamaşalarına getməmələri, kinofilmləri az seyr etmələridir: “Uşaqlar əvvəllər uşaq teatrlarına və filmlərinə baxmağa gedərdilər. Artıq internet resurslarının çoxalması nəticəsində o imkanlar uşaqlardan alınıb. Bu istiqamətdə də heç bir iş görülmür. Teatr rejissorları və aktyorları da təəssüflə qeyd edirlər ki, uşaqların teatra münasibəti aşağı səviyyədədir. Bu istiqamətdə də işlərin görülməsinə ehtiyac var”.  Professorun fikrincə, bədii zövqü olmayan insan mükəmməl insan ola bilməz: “Həmçinin istənilən sahədə bədii zövqü olmayan, yaxşı mütəxəssis ola bilməz. Yaxşı riyaziyyatçı, peşəkar həkim, ixtisasını gözəl bilən peşəkar maliyyəçi ola bilər, ancaq onun bədii zövqü yoxdursa, bir vətəndaş kimi özünü təqdim edə bilməyəcək. Bədii zövqə hamının ehtiyacı var. Kimdə bu zövq kəmdirsə, onda humanizm, insanlıq, dünyəvi hisslər kəmdir. Bu cür insanlar quru insanlardır. Statistik hesablama aparsaq, son illərdə yetişən kadrlarda bu quruluğu hiss edirik. Səbəb, onlardakı bədii zövqün zəifliyidir”.

Süjet, təhkiyə, dil və üslub

“Ümumiyyətlə, belə bir fikir var ki, pis ədəbiyyat yoxdur” deyən yazıçı Elçin Hüseynbəylinın fikrincə, ədəbiyyat ortaq olmalıdır: ” Bir var, oxunaqlı əsər, bir də var çətin qavranılan ədəbiyyat. Bu, xüsusi zövqlər üçün hesablanır. Ancaq mən düşünürəm ki, ədəbiyyat ortaq olmalıdır. Nə xüsusi bir kütlə üçün olmalıdır, nə də kütləvi. Yəni müxtəlif təbəqələrin onu qavraması vacibdir. Bu da “mən bu cür yazım və ya belə yazmayım”- resepti ilə olmur”. Yazıçı hesab edir ki, bədii zövqün formalaşması üçün yaş kateqoriyası da nəzərə alınmalıdır: “Məsələn, klassik ədəbiyyatı daha çox yaşlı adamlar bəyənir və ya detektiv ədəbiyyatın öz oxucuları var. Müəyyən insanlar istəyirlər ki, sosial qayğılardan azad olmaq üçün detektiv ədəbiyyatı oxusunlar və ya bu janrda filmlərə baxsınlar. Bir də ədəbiyyat zövqü yüksək olan adamlar var ki, onlar müxtəlif ədəbi cərəyanlara məxsus olan əsərlər oxumaq istəyirlər. Əsas odur ki, ədəbiyyat ədəbi kriteriyalara cavab versin. Ədəbi kriteriya süjet, təhkiyə, dil və üslubdur. Bunlar vacib amillərdir. Bəzən adamlar cümlə qura bilmirlər, deyirlər ki, bu, mənim üslubumdur. Bu cür ola bilməz”.

Yazıçının fikrincə, oxu vərdişi, bədii zövq məsələsi uşaqlıqdan formalaşmağa başlamalıdır: “Yadınızdadırmı, bir ara ümumiyyətlə, uşaq ədəbiyyatı yox idi. İndi artıq uşaq ədəbiyyatı yazılır və kifayət qədər də geniş tirajlanır. Məsələn, mən bilirəm ki, «Qələm» nəşriyyatı bununla məşğuldur. Yəni bəzi nəşriyyatlar var ki, sırf uşaq əsərlərinin çapı ilə məşğuldurlar. Ona görə, bədii zövqün uşaqlıqdan formalaşması fikri tamamilə doğrudur”.

 

Pedaqoji fəaliyyət

«Altun» kitab nəşriyyatının direktoru Rafiq İsmayılov da hesab edir ki, bədii zövqün formalaşmasına uşaqlıqdan başlanmalıdır. Belə ki, şeirlərin vəznini, qafiyəsini uşaq şüuraltı olaraq dərk edir: “Orta məktəbdə bu zövq addım-addım inkişaf etdirilməlidir. Bu məsələdə, xüsusən, Azərbaycan dili və ədəbiyyat fənninin üzərinə böyük yük düşür. Burada hər bir fənnin öz xüsusiyyəti var. Orta məktəbdə sinifdənxaric oxunun böyük rolu var ki, müəllimlər daim uşaqlara mütaliə etmək üçün ədəbiyyat tapşırmalıdırlar. Bu siyahı yaş qrupları üzrə tərtib olunmalıdır”. Naşirin fikrincə, bədii zövqün formalaşdırılması, əslində pedaqoji fəaliyyətdir: “Düzdür, indiki dövrdə bu, bir qədər çətindir. Texnologiyalar uşaqlar üçün kitab oxumaqdan daha maraqlıdır. Müşahidələr göstərir ki, uşaqlar üçün rus dilində təqdim olunan ədəbiyyat daha çeşidlidir. Həm də onların alıcılıq qabiliyyəti daha yüksəkdir. Baxmayaraq ki, statistika uşaq kontingentinin cəmi 8-9 faizinin rus dilində təhsil aldığını göstərir, ancaq onların oxuculuq potensialı faiz etibarı ilə daha yüksəkdir. Yəni onların valideynləri və müəllimləri buna daha çox əhəmiyyət verirlər. Ona görə, onlar kitaba daha çox meyillidirlər. Hesab edirəm ki, bu, pedaqoji fəaliyyətdir və müəllim və valideynlər tərəfindən həyata keçirilməlidir”.

 

Həm klassik, həm xarici, həm də müasir ədəbiyyat

Yazıçısı Reyhan Yusifbəyli bədii zövqün uşaqlıqdan formalaşdığını deyir. Bu məsələdə həm klassik, həm xarici, həm də müasir ədəbiyyatın təsiri var: “Hətta deyərdim ki, müasir ədəbiyyat daha vacibdir. Çünki müasir ədəbiyyatda uşaqların öz həyatı yer alır və onlar burda özlərini görürlər. Çünki uşağa oxumağa nə verirsənsə, uşaq da elə böyüyür. Bu, çox zaman valideynlərin zövqündən asılıdır. Əgər valideynlər bayağı musiqiyə qulaq asırsa, kitab oxumursa, təbii ki, uşaq da belə olacaq. Bəzən valideynlər özləri uşaq üçün kitab seçimində çətinlik çəkirlər və onların özlərinin məsləhətə ehtiyacı olur”. Yazıçının fikrincə, uşağa, yaşına uyğun ədəbiyyat verilməlidir: “Əsər uşağın yaşına uyğun olmayanda, o, əks-təsir göstərəcək. Uşaqlara kitab oxumaq üçün seçim edəndə, həm xarici, həm müasir ədəbiyyat seçilməlidir. Çünki xarici ədəbiyyatda elə məşhur insanlar var ki, onları bütün dünya uşaqları oxuyur. Bu da onların bədii zövqünün formalaşmasına kömək edir. Bizdə yaxşı tərcümələr çox deyil, amma var. Xüsusən son illər uşaqlar üçün çoxlu kitablar yazılıb. Bu seçim zamanı kitabın dilinə, məzmununa, dizaynına, tərcümənin səviyyəsinə fikir vermək lazımdır”.

 

Təranə Məhərrəmova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir