yaddas

Bədbəxt hadisələri yaddaşdan silə bilərsiz

Baxış sayı: 969

Hər bir insanın həyatında xatırlamaq istəmədiyi, xoş olmayan hadisələr yaşanır. Kədərli və ya dəhşətli xatirələr insanlar arasında ciddi psixoloji problemlər yaradır. Və yaşanan xoşa gəlməz hadisələr gələcək həyatımıza da təsirsiz ötüşmür. Hər kəs keçmişində yaşadığı həmin hadisələrdən uzaqlaşmaq xatırlamamaq istəyir. Bu yaxınlarda maraqlı bir xəbərlə qarşılaşdıq. Məlumata görə, xaricdə pis hadisələrin unudulması üçün yaddaş silmə əməliyyatı həyata keçirilir.

Maraqlıdır, həqiqətən yaddaş silmə əməliyyatı mümkündürmü? Bəs bu cür əməliyyatların insanlara fəsadları ola bilərmi?

Psixiatr Ruslan Əliyev bildirir ki, bu əməliyyatı cərrahiyyə yolu ilə etdirmək olar:

“Yəni beyində olan yaddaş yerini kəsib götürməklə, yaddaşdan xoşa gəlməyən hadisələri silmək olar. Lakin həkim olaraq bu əməliyyatı heç kimə tövsiyə etmirəm”.

Psixoloq Gülnar Orucova isə bildirir ki, bu cür əməliyyatı psixoloqlar hipnoterapiya ilə yerinə yetirirlər :

“Bəzən insan elə hadisə yaşayır ki, onları unuda bilmir və pessimistə qapılır. Məsələn, danışmır, gülmür, ətrafından uzaqlaşır, yuxu yata bilmir tez həyəcanlanır və s. düşünür ki, həmin hadisəni yenidən yaşayacaq. Bu hətta intihara qədər gəlib çata bilir. Bu zaman hipnoterapiya vasitəsi ilə bunu aradan qaldırmaq olur. Hipnoterapiya edən mütəxəssis həmin insanın şüur altına enir və hansı ki, onu üzən, incidən hadisəni bir daha yaranan situasiyaya salır və yenidən o özü bu vəziyyətdən çıxır. Çünki bilirik ki, insanı idarə edən ən çox şüur altıdır. Şüur altında isə bizi narahat edən hansısa problem varsa, o gələcək həyatımıza da təsir göstərir. Bir də posttravmatik dediyimiz hallar olur, hərbi xidmətdə, təbii fəlakətdə yaxud da həyatda hansısa ciddi travmalar almış insanlarda bu hala rast gəlinir. Posttravmatik stress nədir? Hansısa hadisəni yaşayır və həmin an şüur altına elə həkk olur ki, 6-8 ay sonra bir sıra psixi pozuntularla özünü göstərməyə başlayır. Ona görə posttravmatik stress yaşayan, təcavüzə məruz qalmış, zorakılıqla qarşılaşan insanları ən çox hipnoterapiya vasitəsi ilə müalicə edilir. Düzdür bəzi dərmanlar var ki, onlar da yaddaşın silinməsinə kömək edir. Ancaq həmin dərmanların çox zərərli olması aydınlaşdırılıb”.

G.Orucovanın sözlərinə görə, bu prosedura Azərbaycanda hələ ki, inkişaf etməyib:

“Hipnoterapiya mümkündür, ancaq bunun təlimini keçən insanlar bizdə çox azdır. Azərbaycanda bu sahə inkişaf etməyib. Hipnoterapiya altında bəzən insanları aldadırlar, deyə bu sahəyə bizdə güvən yoxdur, amma bu bir elimdir, bunu araşdırmaq öyrənmək və insanlar üzərində tətbiq etmək onlarda özlərinə inam güvən hissi qazandırar”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir