Ramil Y

“Diş həkimi həm də psixoloq olmalıdır ki…” – STOMATOLOQLA MÜSAHİBƏ

Baxış sayı: 6. 184

“Gencaile.az” saytının “Həkimim” rubrikasının budəfəki qonağı “Dent Stom” diş klinikasının direktoru və baş həkimi kimi fəaliyyət göstərən stomatoloq Ramil Yusubovdur.

 

– Necə oldu ki, diş həkimi olmaq qərarına gəldiniz?

– Həkim olmaq hər zaman arzum olmuşdu. Lakin hansı istiqaməti seçəcəyimi qərarlaşdıra bilmirdim. Elə bir zəmanəyə gelmişik ki, insanlar hər xırda detala diqqət edir. Çox vaxt qarşılıqlı ünsiyyət zamanı nəzərlərin dişlərdə cəmləndiyinin şahidi olurdum. Mən deyəsən insanların kompleksiz, öz güvənlə gülümsəmələrinə yardımcı olmaq üçün bu sahəni secdim.

 

– Sizcə, diş həkimi olmaq üçün insanda hansı xüsusiyyətlər olmalıdır?

–  Birinci növbədə təmizlik, daha sonra səliqə, səbr və fiziki güc. Ən əsasıda hər bir pasienti öz doğması kimi görməlidir.

 

– Son zamanlar xəstələr sizə ən çox hansı şikayətlərlə müraciət edirlər?

– Son zamanlar dişlərin tez çürüməsi xəstələri narahat edir. Əsas müraciətlər bu problemlə bağlı olur. Dişlərin çürüməsinə isə daha çox hazırda qəbul etdiyimiz qidaların tərkibinin istənilən səviyyədə olmaması səbəb olur. Ümumiyyətlə, bir çox xarici və daxili amillərin təsiri var. Məsələn, içdiyimiz sudan, onun tərkibindəki ftordan, yoddan və s. çox şey asılıdır.

RAMIL Yusubov

– Diş əti xəstəliklərinin yaranma səbəbləri nədir və bu xəstəliklərin qarşısının alınması üçün hansı tədbirlər görülməlidir?

– Diş əti xəstəliklərinin əsas səbəbi gigiyenaya tam əməl olunmaması ilə əlaqədardır. Gigiyena ilə bağlı hər şey qaydasında olarsa, diş əti xəstəlikləri də yaranmaz. Tutaq ki, ağızdakı körpüyə bənzər protezlər və ya qapaqlar yaxşı yuyulmasa və orada qida qalıqları qalsa, bu da diş əti xəstəliyinə zəmin yarada bilər. Bu məsələdə pasientlərin hansı qidalardan istifadə etməsi də önəm daşıyır. Məsələn, sərt qidalar diş ətini sağlam saxlayırsa, yumşaq qidalar get-gedə diş ətini zəiflədir.

 

– Ümumilikdə, sağlam dişlərə sahib olmaq üçün nələrə riayət etməliyik?

– İlk növbədə dişlər gün ərzində iki dəfə yuyulmalıdır. Bununla yanaşı, hər altı aydan bir həkim müayinəsindən keçmək məsləhətdir. Əgər stomatoloqa vaxtında və mütamadi şəkildə müraciət olunsa və ağız boşluğunda olan problemlər aradan qaldırılsa, sağlam dişlərə sahib olmaq mümkündür.

 

– Diş məcununun dişdəki xəstəliklərin qarşısının alınmasına təsiri danılmazdır. Bəs diş məcunu seçimini necə etməliyik?

– Diş məcunu və diş fırçası hər kəs üçün individual olaraq seçilməlidir. Yaxşı olar ki, bunu həkim hər kəsin orqanizminə, fizionomiyasına uyğun olaraq təyin etsin.

ramil y 1

– Əksər adamlar breketlərin bizi dişsiz qoya biləcəyini düşünür. Həqiqətən breketlərin ziyanı varmı?

– Breketlərin diş üçün heç bir ziyanı yoxdur. Əgər bunun hər hansı bir zərəri olsaydı, Dünya Stomatoloqlar Assosiasiyası breketlərin tətbiqini qadağan edərdi. Ümumiyyətlə, istər breketlərin, istər plomb qoyulmasının, istərsə də kanal müalicəsinin ancaq o vaxt ziyanı ola bilər ki, həmin prosedurlar düzgün icra olunmasın. İşini bilən mütəxəssislər icra etdikdə bu prosedurlar heç bir problem yarada bilməz.

 

– Adətən bir çox insanlar diş həkiminə getmək istəmir. Belə demək mümkünsə, qorxurlar. Bu cür xəstələri necə sakitləşdirirsiniz?

– Təbii, belə pasientlərlə rastlaşırıq. Bu cür hallarda həmin xəstələrə xüsusi vaxt ayırmaq və dişlə bağlı prosedurların tam ağrısız olduğunu izah etmək lazımdır. Adətən, uşaqlar daha çox qorxur ki, onları da hətta müəyyən videoları izlətməklə sakitləşdirmək olar. Hansı ki, həmin videolarda dişini müalicə edən pasientlərin necə rahat olduğu, hətta üzündən təbbəssümün əskik olmadığı görünür. Bir sözlə, həkim gərək xəstənin psixoloji vəziyyətini duysun və ona uyğun hərəkət etsin. Diş həkimi həm də psixoloq olmalıdır ki, xəstə ilə dil tapsın, onun sakitləşməsinə yardım etsin.

 

– Diş həkimi olmaq istəyən gənclərə hansı tövsiyələri vermək istərdiniz?  

– Stomatoloq olmaq istəyən gənclər bu işi sırf maddi maraqlar səbəbindən seçəcəksə, onda uğur qazanmaq mümkün olmayacaq. Bu halda digər stomotoloqlarla rəqabətdə də uduzacaqlar ki, bu da onların xoşbəxt olmasını əngəlləyəcək. Bir sözlə, işlərini sevməli, sənətlərinin fanatı olmalıdırlar. Fanat olsalar, işləyə biləcəklər.

 

 

Söhbətləşdi: MƏTİN

ramil y 2




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir