Sevinc Elsever

Ögey anaların və qayınanaların qisası

Baxış sayı: 948

Vaxtaşırı ölkə mətbuatında ögey anaların azyaşlı uşaqlara işgəncə verməsi ilə bağlı yazılara rast gəlirik. Ümumiyyətlə,  Azərbaycan qadınlarının böyük əksəriyyətinin içində qəddar bir ögey ana yatır. Onların əllərinə yetim, çarəsiz, köməksiz körpə uşaq düşməyə bilər bir ömür boyu. Amma sonra onlar basdırdıqları, boğduqları istəyi başqa cür həyata keçirməyə çalışırlar. Gəlinlərinə əziyyət eləməklə.

Üç evli qadından birini dindirirsən, qayınanasından narazıdır. Özü də danışdırsan, görəcəksən ki, narazı olmağının da əsası var. Boş yerə narazılıq eləmir. Və məsələnin ən pis tərəfi odur ki, bu gün qayınanasından dad eləyən gəlin sabah özü də pis qayınana olur. O da əlinə düşən başqa bir “Göyçək Fatma”ya zülm edəcək.

Vaxtilə onun qayınanasına da belə zülm eləyiblər. Sanki o qayınanalar əllərinə düşən qurbandan öz acıqlarını çıxırlar , heyflərini alırlar və bu, onlara həzz, təsəlli verir. Keçən, itirilmiş ömrün qisasını bayram edirlər.

Qəddarlıq insanın təbiətində var. Balaca uşaqların heyvanlarla davranışına fikir vermişəm. Onlar heyvancığazları incitməkdən zövq alırlar. Bu onlar üçün çox əyləncəli olur, nəinki heyvanı sığallamaqları.

Hətta böyüklər özləri uşaqların, ən məsum insanları əzizləyərkən onların üzlərini çimdikləməkdən, yanaqlarından dişləməkdən daha çox həzz alırlar, nəinki başlarını tumarlamaqdan. İllah, qışqırdacaqlar, çəkəcəklər balaca körpəni özlərinə sarı, boğmaq istəyirrcəsinə qucaqlayacaqlar, uşağın nəfəsi kəsiləcək,- (böyüyün tərinin, parfümünün , nəfəsinin iyindən), həm qorxacaq əməlli-başlı, – sonra da çimdiyi, ya dişləyi yapışdıracaqlar, incidəcək, həzz alacaq. Bəli, biz beləyik. Amma şüurumuz, aldığımız tərbiyə, zamanla qazanılmış empatiya qurmaq bacarığımız bizə imkan vermir ki, daha irəli gedək. Balasını çox istədiyindən yeyən pişiklər, acığından, forsundan gəmirən dovşanlar kimi hərəkət edək.

Ögey uşaqlarına zülm edən həmin o qadının təbiətindəki qəddarlıq ona görə həm də qol-budaq atıb böyüyüb ki, cəzasız qalacağından arxayın olub. Tərbiyəsi, mənəviyyatı, əxlaqı o səviyyədə olub ki, qəddarlığı münbit şəraitdə intişar tapıb.

İnanın ki, o qadın bu gün ögey uşaqlarını sevgiylə böyütsəydi belə, içindəki qəddarlıq sabahkı “ögey qızlarına”- gəlinlərinə qarşı yönələcəkdi.

Niyə ögey analar qəddar olur? Az qala bütün dünya xalqlarının nağıllarında qəddar bir ögey ana obrazı var. Yüz illərdi yol gələn o nağıllar ögey anaları tərbiyələndirməli deyildimi? “Göyçək Fatma”, “Zoluşka”, “Ağca və yeddi cırtdan balası ” nağıllarını oxuya-oxuya böyümədimi o ögey analar? O nağıllardakı qəddar qadınlara nifrət etmədilərmi? Necə oldu ki, özləri də o qadınlara çevrildilər?

O vaxt “Ögey ana ” filmi ekranlara çıxanda Nəcibə Məlikova çoxlu tamaşaçı məktubu alıbmış. Məktubların birində isə balaca bir qız uşağı yazıbmış: “Mənim də ögey anam var. İstərdim o da sizin kimi mehriban olsun, məni cəzalandırmasın”.

 

Sevinc ELSEVƏR




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir