Qış obrazında yol verilən tipik səhvləri araşdırırıq. Nə qədər bəsit görünsə də, əksər xanımlar bu səhvlərə yol verir. Onlardan yayınmaq istəyirsinizsə, bizi oxumağa davam edin.
Təzad yaradan uzunboğaz çəkmələr
Parlaq rənglərdə çəkmə geyinməyi heç kəs sizə qadağan etmir. Amma gündəlik tərz üçün neytral çalarda, universal uzunboğazları seçmək daha yaxşıdır. Ya da obraz seçə bilərsiniz, yeganə və əsas aksent məhz çəkmələrdə olsun. Belə halda onlar daha lakonik və bahalı görünəcək.
Dar cinslər əksəriyyətin düşündüyü qədər də praktik deyillər. Qışda onlardan qurtulmaq və onları düz biçimli, sərbəst modellər ilə əvəz etmək olar. Bu gün stilistlər enli cinsləri kovboy çəkmələri ilə kombin etməyi tövsiyə edirlər. Dar mavi cinlər ilə botfortların ahəngi isə artıq aktual deyil.
Günün qalan hissəsini korlanmış bir saç düzümü və alnında rezin izləri ilə keçirmək heç kəsin ürəyincə olmayacaq. Buna görə də nazik, başa tam oturan papaqları tərk etməyi məsləhət görürük. Mövcud alternativ iri həcmli, toxunma, qalın papaqlardır. Bu model saç tərzinizi qoruyacaq, istilik və rahatlıq hissi verəcək.
Yalın topuqlar
Şiddətli şaxta zamanı obrazda böyük boşluqlar (deşiklər) buraxmaq xüsusilə gülünc görünür. Bundan əlavə, bu, sağlamlıq üçün də təhlükəlidir. Müasir bir görünüş yaratmaq istəyirsinizsə, uzunluğu topuq civarında kəsilmiş düz cinslərə diqqət yetirmək daha yaxşıdır. Ən müvəffəqiyyətli modellərdən biri isə topuqların heç bir şəkildə açıq qalmayacağı, balaqların kənarı tikilməmiş düz biçimli uzun cinslərdir.
Nazik dikdabanlar
Hündür və nazik dikdabanlar kifayət qədər narahatdır və qəti praktik deyil. Hələ üzərində doğru-dürüst gəzməyi bacarmırsınızsa, onlardan uzaq durun, xüsusən də yolların buz bağladığı və sürüşkən olduğu dövrlərdə. Onları enli və dayanıqlı topuqları olan çəkmələr ilə əvəz etmək olar. Belə ayaqqabılar iş həyatının qaçaqaçına və şəhər gəzintilərinə uyğun olacaq.
Snud şərflər
Əgər snud şərfləriniz varsa, onları dolaba qoyub, yenidən dəbə qayıdacağı zamanı gözləyin. Bu mövsümdə uzun, enli və ənənəvi şərflər dəbdə olacaq. Neytral çalarlara üstünlük verin, belə şərfləri sadəcə açıq şəkildə boyununuza sala və ya bir çiyin üzərindən aşıra bilərsiniz.
Hündür pəncə platformalı uzunboğazlar
Qış mövsümünün son anti-trendi isə pəncə plaftorması olan boğazlı çəkmələrdir. Belə çəkmələrin heç kəsə xeyri yoxdur. Onlar insanın yerişini yetərincə ağırlaşdırır, çox zaman kürəkdə və ayaqlarda ağrılara səbəb olur. Daha yaxşı olar ki, sivri burunlu, adi pəncəli botlara və ya uzunboğazlara üstünlük verəsiniz.