evdar

Evdar qadınlara müavinət hansı halda veriləcək?

Baxış sayı: 1. 004

“Dövlət qurumları tərəfindən evdar qadınlara müavinətin verilməsi ilə bağlı təklif verilərsə, bu məsələ müzakirə oluna bilər. Çünki növbəti ilin büdcə müzakirələri hələ davam edir”.

Bu sözləri əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin keçmiş sədri Hicran Hüseynovanın evdar qadınlara dəstək verilməsi ilə bağlı təklifinə münasibətində bildirib.

Nazir müavini qeyd edib ki, evdar qadınlar ailələrin möhkəmləndirilməsində mühüm rol oynadığından, onların sosial təminatlarının gücləndirilməsi lazımdır.

Onun sözlərinə görə, müavinət, təqaüd əsasən həssas qruplara, pensiya ala bilməyən işsiz insanlara verilir: “Evdar qadınlara müavinətin verilməsinə sistemli yanaşmaq lazımdır ki, digər müavinətlərlə uzlaşsın, mütənasiblik nəzərə alınsın. Bundan əlavə, qabaqcıl təcrübələri də gözdən keçirmək lazımdır”.

Milli Məclisin Sosial siyasət komitəsi sədrinin müavini, V çağırış üzrə deputat Musa Quliyev bildirdi ki, əhalinin sosial müdafiəsi üçün istənilən layihəni dəstəkləyir.

Onun sözlərinə görə, evdar qadınlara müavinət nəzərdə tutulacaqsa, bunun kriteriyaları müəyyənləşdirilməlidir: “Əgər qadının uşağı böyükdürsə, əri onu saxlayırsa, mən bu kateqoriyalı insanlara müavinətin verilməsinin tərəfdarı deyiləm. Ona görə bu istiqamətdə qanun layihəsi hazırlanarsa, seçim olmalıdır. Dünyada hamıya eyni sosial müdafiə tədbirləri görülmür. Bu baxımdan ünvanlı olmalıdır, kateqoriyalar müəyyənləşməlidir. Varlı bir kişinin xanımı işləmirsə, ona sosial müavinət nəzərdə tutulmamalıdır. Yəni hər evdar qadına sosial müavinət verilə bilməz. Sosial müdafiə cəmiyyətdən gələn sosial sifarişdir. Bu mənada dəyərləndirmə aparılmalıdır”.

M.Quliyevin sözlərinə görə, hazırda uşaq pulu müavinəti gündəmdədir: “Maliyyə hesabatı verilməlidir. Bəziləri seçki dövründə populist şüarlar irəli sürür, vədlər verir, sonra reallaşmır. Ancaq bütün sosial ehtiyacların ödənilməsi istiqamətində layihələrin olmasını təqdir edirəm”.

İngiltərədə aparılan bir araşdırmaya görə, evdar qadınlar çalışan qadınlara nisbətən daha xoşbəxtdirlər.

Araşdırma göstərir ki, evdar qadınlar evdə vaxt keçirərkən daha az sıxılır və özlərini daha dəyərli hiss edirlər. Qadınlar evdə uşaqları ilə vaxt keçirərkən özlərini daha xoşbəxt hiss edir və işə dönmək istəmirlər.

Hətta İngiltərədə qadınların iş sahəsində daha çox rol almasını istəyən yeni bir qayda hazırlanır ki, burada kişi və qadının çalışması şərtilə 5 yaşdan aşağı uşaqların xərcləri üçün aylıq 1200 funt-sterlinq ödənməsi nəzərdə tutulur.

Türkiyədə aparılan araşdırmada da çalışan qadınların xoşbəxt olmadıqları və gələcəyə inamla baxmadıqları müəyyən edilib. Qadınların xoşbəxt olmamağının səbəbləri arasında işə yönəlmək və ailə qurmaqda gec qalmaq, hələ də kişilərin təzyiqinə məruz qalmaq kimi səbəblər göstərilir.

 

Emil SALAMOĞLU




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir