Artıq sabah Sevgililər günü qeyd olunacaq. Bu gün xüsusilə qadınlar diqqət və qayğı ilə əhatə olunmağı sevir. Lakin bəylər də belə xüsusi günlərdə nə qədər çox sevildiklərini bilmək istəyirlər.
Onları sevindirməyin və sevginizi göstərməyin ən yaxşı yolu isə zövqlə seçilmiş hədiyyələrdir. Hədiyyə seçimlərini müəyyənləşdirərkən dostlarımıza, atalarımıza, həmçinin iş yoldaşlarımıza eyni sualı ünvanladıq.
Bu bayram, ən çox hansı hədiyyəni istəyərsiniz? Beləliklə, kişilərin bəyənə biləcəyi 10 hədiyyəni seçdik.
1. İçki dəsti. Əgər hədiyyə etməyi planlaşdırdığınız şəxs içkiləri sevirsə, onda bu hədiyyə məhz onun üçündür. Müxtəlif ölkə istehsalı olan 5 içki növü (viski, çaxır və s.) yəqin ki, onun sevinməsi üçün əla səbəb olacaq.
2. Isti, kaşmir sviter. Oğlanlar daha çox istifadə edə biləcəkləri, yəni işlərinə yaraya biləcək hədiyyələri sevirlər. Rəngi hədiyyə verdiyiniz şəxsin yaşından və zövqündən asılı olaraq dəyişə bilərsiniz.
3. Zövqlü, kiçik yük çantası. Əgər sevdiyiniz şəxs səyahət etməyi sevirsə, bu seçimi mükəmməl adlandırmaq olar. O, bu hədiyyəni həftəsonu səyahətləri zamanı, həmçinin idman zalına gedərkən geyimlərini qoymaq üçün istifadə edə bilər.
4. Əla hazırlanmış şam yeməyi və ya onun çox sevdiyi restorana masa rezervasiyası da maraqlı seçim ola bilər. Heç olmazsa, hesabı bir dəfə də siz ödəyin.
5. Onu ən sevdiyi şirniyyata qonaq edin. Bunu öz əllərinizlə hazırlamış olsanız onun qəlbini bir daha fəth edəcəksiniz. Hazırlaya bilmirsinizsə, xəsislik etməyin, 14 fevral səhərində ona ən dadlı sürprizi bəxş edin.
6. Onu idman yarışına və ya hansısa konsertə olan biletlə təccübləndirin. Əşyaları deyil, xatirələri toplayın! Birlikdə əyləncəli zaman keçirməkdən daha dəyərli nə ola bilər ki? Siz həmçinin bura səyahət turu biletini də əlavə edə bilərsiniz.
7. Qulaqcıq. Bu qulaqcıqlarla ona sizi xatırladacaq musiqiləri dinləyə biləcəklər. Keyfiyyətli səsləndirmə sisteminə sahib olan qulaqcıqlar onun könlünü oxşayacaq.
8. Fotoaparat vasitəsilə birlikdə yaşadığınız macəraları əbədiləşdirin. Yəqin ki, bir çox səyahət və adrenalin aşiqləri bu hədiyyənin nə qədər möhtəşəm olduğu fikri ilə razılaşar.
9. Piknik səbəti dəsti. Açıq hava qonaqlıqlarını eləcə də, pikniki sevən bəylər üçün unikal hədiyyədir. Fevraldan sonra isti havalar gəlir. Belə havalarda piknikə getməyi arzu edirsinizsə, bunu ona belə bir hədiyyə ilə izah edə bilərsiniz. Bundan sonra, piknik etmək üçün səbəbləriniz çoxalacaq və dadlı istirahətdən zövq alacaqsınız.
10. Səyahət idmanını sevənlər üçün bir neçə hədiyyə seçimi fikirləşmişik. Buraya çadır, yaxşı idman ayaqqabıları və ya gecələmək üçün xüsusi yataq dəsti daxildir. Seçim etməyi isə siz xanımların öhdəsinə buraxırıq.