is

Köhnə iş yerinə qayıtmağın üstünlükləri

Baxış sayı: 1. 023

Yeni bir işin köhnəsi ilə dəyişdirilməsi elə də pis fikir deyil. Nə vaxtsa öz istəyinizlə tərk etdiyiniz ofisdə sizi, bəlkə də, xoş sürprizlər gözləyir.

Təsəvvür edin ki, günlərin bir günü cəsarətinizi toplayıb müdirə işdən ayrıldığınızı söyləmisiniz. İki həftə o qədər də intensiv olmayan, lakin əmək qanunvericiliyində nəzərdə tutulmuş işlərdən sonra çoxdan gözlədiyiniz azadlığa qovuşmusunuz. Daha sonra yenidən iş tapmısınız. Sonra o işi də başqasına dəyişmisiniz, vəzifədə yüksəlib stresə və gündəlik işlərə qərq olmusunuz. Və nəhayət, bir gün illər əvvəl tərk etdiyiniz iş yeri yadınıza düşüb və onu tərk etdiyiniz üçün peşman olmusunuz.

Bu zaman sabiq rəhbəriniz sanki bunu hiss etmiş kimi keçmiş işinizə qayıtmaq istəyib-istəmədiyinizi soruşur. Siz də əslində bunu istəyirsiniz, lakin fikrin özü sizə bir az qəribə görünür. Görünməsin! Əvvəlki iş yerinə qayıtmağın bir çox üstünlükləri var:

 

İşədüzəlmənin asanlığı

Müsahibələrdən və test imtahanlarından keçməyinizə ehtiyac görməyə də bilərlər. Çünki şirkət sizin nəyə qadir olduğunuzu bilir.

 

Stressiz adaptasiya

İş proseslərinə tez və asanlıqla keçəcəksiniz, sınaq müddəti də qısaldıla bilər. Sınaq müddətini, ümumiyyətlə, təyin etməyə də bilərlər.

 

Sıfır xoşagəlməz sürpriz

Yeni iş — özündə həmişə müəyyən risk daşıyır. Rekruter səriştəli rəhbər, mehriban kollektiv, maaşların vaxtında ödənilməsi barədə reallığı bəzəmiş də ola bilər. Nəticədə yeni iş yerində məyus olmaq ehtimalınız var. Keçmiş iş yerinizə qayıdarkən isə bilirsiniz ki, sizi nə gözləyir.

Vəziyyətdən məmnun rəhbər

Sürprizlərin olmamasına sizinlə yanaşı rəhbər də sevinəcək. İşdən ayrılmağınızdan sonra rəhbər qayıtmağınızı təklif edirsə, deməli, sizə münasibəti yaxşıdır. Yeni əməkdaşa şirkətdə nəyin necə olduğunu izah etməyə bir neçə həftə sərf olunur. Köhnə işçi isə bütün daxili qaydalara, iş prinsiplərinə və s. bələddir.

 

Həmkarlarla qovuşma

İş yerini dəyişdirərkən ən çətin məqamlardan biri artıq dostlaşdığınız həmkarlarınızdan ayrı düşməkdir. İndi təsəvvür edin: Dostlaşmağı, birlikdə işləməyi və ortaq dil tapmağı bacardığınız insanlarla təzədən eyni komandada işləyəcəksiniz. Şübhəsiz, köhnə-yeni iş yerinizdə gülərüzlə qarşılanacaqsınız. Təbii ki, işdən ayrılarkən körpüləri yandırmamışdınızsa.

 

Karyera inkişafı

Köhnə şirkətinizdə sizə daha yüksək vəzifənin təklif olunması şansı da var: Müəyyən müddət keçib, siz peşəkar cəhətdən püxtələşmisiniz və karyera yüksəlişi məntiqli addımdır.

 

Yeni layihələr

Yeni işçi ilə müqayisədə geri qayıtmış əməkdaşla çalışmaq qat-qat rahatdır. Məsuliyyət tələb edən tapşırıq və layihələr həvalə olunduqda köhnə işçiyə nəzarət etmək lazım gəlməyəcək.

 

Sizin şərtləriniz

Şirkət qiymətli bir işçi olaraq sizə dəyər verirsə, iş şərtləri üçün xüsusi istəkləriniz olduğu təqdirdə güzəştə gedə bilər. Daha rahat iş cədvəli, daha komfortlu bir iş yeri və ya yeni bir əmək vasitəsi (məsələn, yeni noutbuk) və s.

 

Pul

Yuxarıda sadalananlardan savayı köhnə işə qayıtmağın maddi qazanc cəhətdən də üstünlüyü mövcuddur. Axı bir və ya bir neçə şirkətdə əvəzolunmaz təcrübə qazanmısınız. Bütün bu müddət ərzində işləməmisiniz, vaxtınızı ancaq təlimə və özünüinkişafa həsr etmisiniz? Yenə də əladır!

Əlbəttə ki, bir dəfə tərk etdiyiniz şirkətə geri çağırılmaq və ya ən azından öz təşəbbüsünüzlə qayıtmağa icazə verilməsini istəyirsinizsə, işdən ayrılarkən bunu düzgün şəkildə edin: İşi vaxtında təhvil verin, kritik anda komandanı atmayın, hətta əvəzinizə yeni işçinin tapılmasına kömək edin. Əbəs yerə deyilmir ki, işgüzar sferada həmişə hər kəslə xoş münasibətləri qorumağa çalışın.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir