Sevinc Elsever

Qadınlarımızın Vatsap biabırçılığı – SEVINC ELSEVƏR YAZIR

Baxış sayı: 1. 032

Məşhur “Yalançı çobanın nağılı”nı hamınız bilirsiniz. Qoyunların arasında özünü tək hiss eləyib darıxan çoban bir gün yalandan qışqır-bağır salır ki, ay camaat, qoymayın, canavar gəldi, sürünü basdı. Kənd camaatı tökülüşüb gəlir, məlum olur, canavar-zad yoxmuş.

Bu, bir neçə dəfə beləcə təkrarlanır. Sonuncu dəfə çoban həqiqəti car çəkir. Sürüyə doğrudan da canavar girir, ancaq çoban bu dəfə özünü assa da, kəssə də, ona heç kim inanmır. Çobanın başına əməlli-başlı kül olur. Bu nağılın altında kəsərli bir ata sözü də vardı: “Yalançının evi yandı, heç kim inanmadı!”

Bilmirəm neçənci dəfə baş verir, ancaq dəfələrlə vatsap qruplarında müxtəlif mövzularda müxtəlif xəbərlər yayılır, camaat təşvişə düşür, stressdən əziyyət çəkən kütlə yaman günə qalır. Sonra məlum olur ki, hamısı yalanmış, kiminsə kefi qalxıbmış. Eynən həmin o yalançı çobanın kefi qalxdığı kimi…

Gah birinin şəklini çəkib yayırlar ki, qoymayın, uşaq oğrusudu, balalarınızdan muğayat olun. Gah deyirlər, ölkəni tufan aparacaq, meteorit düşəcək, nə bilim yer kürəsini su basacaq. Nə desən uydururlar.

Sonuncu belə panika yaradan səs yazısı da dünən axşam yayıldı. Səsli mesajda koronovirusun artıq Azərbaycanda da yayıldığı, guya iyirmidən çox adamın Mərkəzi Klinik Xəstəxanaya yerləşdirildiyi xəbər verilirdi.

Uç övladım məktəblidi. Hər uşağın da sinfinin ayrı-ayrı vatsap qrupu. Üstəlik bu qruplardan törəmə qruplar var. Məsələn, “Yeni il şənliyinə qatılanlar qrupu”, “Atıcılığa gedənlər”, “Dəryada üzənlər”, “Odda yanmaz, suda batmazlar” və s ağla gələn, gəlməyənlər… Birindən çıxırsan, səni o birinə daxil edirlər. Özü də o qruplarda heç vaxt görməzsən ki, ciddi bir məsələ müzakirə olunsun, məktəbə, kitaba, dərsin keyfiyyətinə, təhsildəki problemlərə aid fikirlər səsləndirilsin…

Hərdən-birdən kimsə dərsin yerini soruşar, bundan başqa heç bir əhəmiyyətli işə yaramaz. Əslində, bu da uşaqları məsuliyyətsiz öyrədir, dərsin yerini məktəbdə gündəliyinə qeyd eləməyən şagird arxayındır ki, axşam anası vatsap qrupundan öyrənəcək.

Qonşularımızın açdığı “Süd-qatıq” qrupunun adı gülməli olsa da, inandırım sizi, müəllimlərin, valideynlərin açdığı qruplardan daha praktikdir, daha çox işə yarayır. Bir yaşlı ər-arvad köhnə “Jiquli”lərinin arxasında həftədə iki dəfə məhəlləyə süd gətirirlər. Kim nə qədər süd istəyir, qatıq istəyir, əvvəlcədən qrupda yazır, maşın həyətə girən kimi qrupa səs düşür, hərə əlində banka, balon axışır həyətə. Daha qışqırıb heç kimi narahat eləmirlər. Məzəli odur ki, həmin qrupda belə o məşhur səs yazısı, video yayılmışdı.

O qrupdan götürüb bu qrupa atırlar, bu qrupdan götürüb o qrupa atırlar, panika içində qohum-əqrəbanı xəbərdar edirlər.

Dünənki səsin sahibinin kimliyi məlum olub. Saytlardan oxuyanda ki, bu, doğrudan da həkimdir, ağzım açıla qaldı. Bu yalançı çoban səviyyəsində olan həkim hansı ağılla camaatı bu cür panikaya salır?

Bu ağılda adam necə həkim olur? Əgər doğrudan da necəsə həkim olubsa, vay halımıza.

Qorxursan, bir gün axırımız yalançı çobanın axırı kimi ola! Bir gün o vatsap qruplarında hansısa başıdaşlı həqiqəti car çəkəcək, heç kim inanmayacaq. Evimiz-eşiyimiz, kəndimiz-şəhərimiz od tutub yanacaq!




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir