XESTELİK

Koronavirus qulaq, burun, boğazda bu FƏSADLARI yarada bilir

Baxış sayı: 965

“Yaşadığımız zaman və məkan reallığı, COVİD-19 pandemiyası tənəffüs yolları viruslarına açıq qapı olaraq davam etməkdədir. Bu virusların ən başlıca özəlliyi yuxarı və aşağı tənəffüs yollarında iltihabi prosesə yol açmasıdır. Bu iltihaba eyni zamanda digər mikroorqanizmlər də qoşula bilir ki, belə halda fəsadlar müşahidə edilir”.

Qulaq, burun, boğaz, baş və boyun cərrahı, uzman həkim Elnur Əkbərov deyir ki, rast gələn fəsadlar tənəffüs orqanları ilə əlaqəli və ya əlaqəsiz ola bilər. Tənəffüs orqanları ilə əlaqəsi olmayan fəsadlar: otitlər, endokardit, miokardit, meningit və s. Tənəffüs sistemi ilə əlaqəli olanlar isə: bakterial rinit, faringit, sinusitlər, bronxitlər, pnevmoniya, emfizema, pnevmotoraks və sairə”.

Virusların qulaq, burun və boğazda rastlanan fəsadlar hansılardır?

Mütəxəssis vurğulayıb ki, təbil (qulaq) pərdəsinin iltihabı-miringit olaraq adlanır və qulaqda kəskin ağrı, eşitmənin azalması, yüksək bədən hərarəti ilə müşahidə olunur: “Adətən, təbil pərdəsinin üzərində mənfəzində qan yığılmış suluq izlənir. Təyin olunmuş müalicə nəticəsində və ya özbaşına bu suluq partladıqda ağrı azalır və qulaqdan az miqdarda qanlı axıntı olur. Xəstəlik, bir qayda olaraq dərmanla müalicə olunur və 3-5 gün ərzində sağalma mümkündür.

Orta və daxili qulaqda rastlanan fəsadlara otit deyilir. Orta otit, qulaq pərdəsi arxasında seyr edən iltihabi prosessdir. Bu prosess kataral (irinsiz), irinli və eksudativ ola bilir. Hər halda, orta otitlər qulaqda ağrı, dolğunluq hissi, eşitmənin azalması, bəzən başgicəllənməsi ilə müşahidə olunur. Vaxtında başlamış müalicə prosesin 7-10 ərzində geriləməsi ilə nəticələnir. Lakin, dərman müalicəsi effektsiz olduqda cərrahi müalicəyə ehtiyac yarana bilər. Əməliyyat həcmi, təbil pərdəsinə bəsit kəsik icra edilməsindən (parasentez) başlamış-orta qulağın geniş təmizlənməsinə (mastoidektomiya) qədər dəyişə bilər”.

E. Əkbərov deyir ki, daxili qulaqda ən çox rastlanan fəsadlar-labirintit və vestibulokoxlear nevritdir: “Labirintit, daxili qulağın əsas anatomik vahidini təşkil edən eşitmə ilbizinin iltihabıdır. Bu iltihabi prosess irinli və irinsiz olmaqla iki şəkildə seyr edir. Hər iki halda şikayətlər şiddətli başgicəllənməsi, ürəkbulanma, qusma, qulaqda küy, eşitmənin zəifləməsi və yüksələn bədən hərarəti ilə səciyyələnir. Müalicə, ən qısa müddət ərzində geniş spektrli antibiotiklər, ağrıkəsicilər, qusmaəleyhinə dərmanlar və s. ilə həyata keçirilir. Müalicənin effektliyi üçün xəstəxana şəraitində aparılması vacib şərtlərdəndir.

Baş beyinin əsas sinirlərindən biri olan vestibulokoxlear sinir-insanın eşitmə və müvazinətini təmin edir. Təbii olaraq, bu sinirin iltihabı zamanı hər iki funksiya pozulmuş olur. Nəticə etibarən şikayətlər hərəkətlə tətiklənən baş gicəllənməsi, ürəkbulanma, qusma, eşitmənin pozulması, şiddətli dayanıqsızlıq, qulaqlarda küy və s. ola bilər. Müalicə, adətən, yataq rejimində dərmanlar və yüksəktəzyiqli oksigen vasitəsilədir”.

Həkimin sözlərinə görə, daha çox rastlanan rinitlər (burun boşluğu iltihabı) və sinusitlər (burunətrafı ciblərin iltihabı-haymorit, etmoidit, sfenoidit, frontit)-burun tənəffüsü və iybilmənin pozulması, baş və üz ağrıları, burundan axıntı (şəffaf, irinli, qanlı), yüksələn bədən hərarəti, ümumi zəifliklə xarakterizə olunur. Müalicədə, iltihabəleyhinə dərmanlar, yerli damarbüzücülər və steroidlər, bəzən antibiotiklər və s. istifadə olunur. Lakin, sinusitlərin ağırlaşmış gedişatı cərrahi müdaxilələrə zərurət yarada bilər.

Lor-cərrah qeyd edib ki, tənəffüs yolları virus infeksiyalarının bir digər fəsadı faringitdir: “Faringit, udlağın arxa və yan divarlarının iltihabıdır. Bu patologiya zamanı boğazda quruluq, qıcıqlanma, quru öskürək rastlanır. Xəstəlik yerli antiseptiklər, nadir hallarda antibiotiklər və simptomatik dərmanlarla müalicə olunur”.

Həkim vurğulayır ki, viruslara yoluxduqda vaxtında və düzgün təyin edilmiş müalicə mümkün fəsadlardan qorunmanın ən effektiv yoludur.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir