Ətir alarkən seçim etmək heç də asan məsələ deyil. Bir qisim hər zaman istifadə etdiyini alır, bir qisim mövsümə uyğun seçim etməyə çalışır, bir qisim də hər dəfə fərqlisini yoxlayır və s. Əslində seçimi necə etməliyik? Ətir alarkən nələrə diqqət olunmalıdır?
“Shelli” ətir brendinin yaradıcısı Məmməd İsayev deyir ki, bu sualın cavabı hər kəsə görə dəyişə bilir: “Burda konkret nüanslar yoxdur. Niyə ətir alır? Harada istifadə edəcək? Alan şəxs kimdir? Hansı yaş kateqoriyasına aiddir? Bunlar önəm daşıyır. Amma ümumiləşdirmək zəruridirsə, ətir seçimi zamanı diqqət edilməli bir sıra faktorları qeyd edə bilərik.
İlk olaraq ətrin harada istifadə olunacağına fikir vermək lazımdır. Ətri vurub hara gedəcək? Xüsusi yığıncaqlar, əyləncə tipli tədbirlər, iş səfərləri, rəsmi görüşlər və ya ümumiyyətlə, günlük həyatında istifadə edəcək? Buna görə, ətir alan şəxs harda daha çox vaxt keçirdiyinə fikir verməlidir. Əyləncə üçün istifadə olunan ətirlə, iş, işgüzar görüşlərdə istifadə ediləcək ətirlər tamamilə fərqlidir. Biri daha çox duyulan, daha bərk, digəri isə daha az duyulan, belə desək, daha sakit olmalıdır.
İkincisi, alınan ətir hansı geyimi tamamlayacaq? Ümumiyyətlə, ətir geyimin bir parçası və ən önəmli aksesuarlarından biridir. Necə ki, saat, qolbaq, boyunbağı geyimlə uyğunlaşmalıdır, eləcə də ətir geyimə uyğun seçilməlidir.
Üçüncüsü, seçim zamanı hər kəs öz xarakterinə də fikir verməlidir. İnsanın xarakterinin də ətir seçimində xüsusi rolu var. Məsələn, idealist və sərt görünüşlü olmayan insanlar, daha çox açıq və tünd olmayan ətirlərə üstünlük verirlər. Lakin intizamlı iş rejiminə sahib olan, görünüşcə daha sərt və xarakterində ağırlıq hiss olan insanlarda isə ətir seçimi, əsasən tünd olur. Əgər ətir alan şəxs seçimində qərarsızdırsa, bu nüanslara diqqət edərək, seçimini bu yöndə edə bilər”.
Bəzən deyirlər ki, ətir seçimini mütləq fəslə uyğun etməliyik. M.İsayevin sözlərinə görə, bu da önəmlidir, ancaq daha çox, insan özünə uyğunluğa baxmalıdır: “Mövsümə uyğun ətirlər də var. Əlbəttə ki, ətir alan zaman mütəxəssislər hansı ətrin mövsümə uyğun olub-olmamağı haqqında sizə məlumat verəcək. Lakin ətir seçimində diqqət yetirilməli məsələ fəslə deyil, bizə uyğun olub-olmamağıdır. Yəni ətir seçimində əsas olan məsələ seçəcəyimiz hansı ətrin bizim xarakterimizə, günlük həyatımıza uyğun gəldiyidir”.
M.İsayev deyir ki, burda əsas məsələ hər kəsin öz ətrini tapmasıdır: “İnsanın öz ətrini tapması çox mühüm məsələdir. Bəzən elə insanlar elə ətirdən istifadə edir ki, onun ətri olmur. Məsələn, deyək ki, gənc bir tələbə “Hermes” istifadə edirsə, bu, bir az uyğun olmur. Çünki bu ətir daha çox iş adamlarına uyğundur. Yaxud da, “Tomford” ətrinin bəzi növləri var ki, həm qiyməti çox yüksək olur, həm də sinfinə görə də daha çox biznesmen insanlara uyğun sayılır. Məsələn, bu ətri bir məktəbli istifadə etsə, ona uyğun olmaz. Ona görə də, insanın öz ətrini tapması çox mühümdür. Necə ki, qadın ətrini kişi istifadə etsə, uyğun olmaz. Eləcə də, insan öz ətrini seçməyəndə, özünə uyğun olmayan ətir istifadə edəndə, qarşısındakı şəxsdə heç də xoş olmayan aura yarada bilər. Məsələn, təsəvvür edin ki, hər hansı yüksək rütbəli hərbçinin üzərindən “Şanel” ətrinin iyi gəlir. Təbii ki, bu ətir həmin şəxsin obrazı və tutduğu mövqeyə uyğun olmaz. Ona görə də, insan öz ətrini tapıbsa, fəslin önəmi yoxdur. Hətta insanın öz ətrini tapması, onun özünü daha özünəməxsus və xüsusi hiss etməyi baxımından çox vacibdir”.
Cəmil Nağızadə