tv

Efirdən ailə dərsi keçən ekspert-müğənnilər

Baxış sayı: 1. 111

Son illər telekanallarda ailədaxili münaqişələrin müzakirəsinə həsr edilən verilişlərin sayı xeyli artıb. Əsasən şou xarakterli olan bu proqramlar ucuz sensasiyalarla tamaşaçıları qıcıqlandırır və əsəblərini tarıma çəkir. Özü də verilişlərin əksəriyyətində ya müğənnilər, ya da aktrisalar aparıcılıq edirlər.

Ömründə bir neçə dəfə evlənib-boşanan, ailə müqəddəsliyinin qədrini bilməyən, dünyaya qanunsuz övlad gətirən, məişət pozğunluğunda ad çıxaran, gecə barlarının daimi sakininə çevrilən qeyri-sənət adamları camaata ailə dərsi keçir. Tövsiyə edir ki, ailə müqəddəsdir, onun qədrini bilin, ailəni qorumaq lazımdır, filan hərəkətləri etmək düzgün deyil və sair. Amma halbuki, özləri dediklərinin heç birinə vaxtında əməl etməyib. Ailə məsələləri ilə bağlı teleproqramlara çağırılan ekspertlərin əksəriyyəti də ailə məsələsində kifayət qədər nöqsanı olan şəxslərdir. Öz ailəsini qoruya bilməyən, ərinə, yaxud arvadına ömrü boyu xəyanət edən şəxslər çıxıb efirdə ailə paklığından, ər-arvad sədaqətindən danışırlar… “Ailəşünas” kimi meydanda görünənlərin əksəriyyətinin dünyagörüşü, tərbiyəsi bir ictimai sima kimi ictimaiyyəti qətiyyən qane etmir.

Mütəxəssislər də televiziyalarda ailə məsələləri ilə bağlı həm aparıcı, həm də ekspert qismində çıxış edənlərin əksəriyyətinin normal ailə haqda təsəvvürü olmadığını deyirlər. Bəzi psixoloqlar isə müğənnilərin sözlərinin tamaşaçıya daha tez təsir etdiyini söyləyərək, onlara haqq qazandırdılar.

 

Adam baxanda özü də utanır

Filologiya elmləri doktoru, professor Məhərrəm Qasımlının fikrincə, ailə məsələlərindən danışan adamlar seçilmişlər olmalıdır. Televiziyalar populyar adamları ekspert kimi təqdim etmək istəyirsə, şou müğənnilərini deyil, ciddi sənət adamlarını seçsin: “Azərbaycan səhnəsində olan qadın və kişilər yalnız yüngül həyat tərzi keçirənlərdən ibarət deyil. Bizdə kifayət qədər ciddi təməl üzərində qurulan ailəyə sahib olan tanınmışlar var. Bu cütlüklər 40-50 ildir ki, problemsiz bir yerdə yaşayır, pis gündə də, yaxşı gündə də bir yerdə olurlar. Oğul-uşaqları, nəvə-nəticələri var. Hər kəs onların ailəsini nümunəvi ailə kimi tanıyıb qəbul edir. Xoşbəxt ailənin reseptini onlardan yaxşı bilən yoxdur. Yaxud uzun illər bir yerdə yaşayan nənə-babalarımız var. Onların da həyat tərzi böyük bir məktəbdir. Bu cütlüklərin tövsiyəsi gərəkdir cavanlara. Ailə həyatında böyük təcrübə sahibi olanlar efirə dəvət edilməlidir. Təklif olunduğu kimi, ailələrin qorunması ilə bağlı məsləhət verənlərin həyatı haqda tamaşaçılara məlumat verilməlidir. Güman edirəm ki, televiziyalarımız bu təklif əsasında düşünəcək”.

 

Ayıbdır vallah

Müğənni Əlikram Bayramov müğənnilərin öz problemlərini həll edə bilmədiklərini, başqalarına yol göstərməyin asan olduğunu zənn etdiklərini söylədi: “Özünə umac ova bilməyən, başqalarına isə ərişdə kəsən müğənnilərimiz çoxdur. Mən kiminsə ailə problemlərini ekran qarşısında yayımlamağın və orada müğənnilərin rəy bildirməyinin tərəfdarı deyiləm. Adam baxanda özü də utanır. Orada münasibət bildirənlərin əksəriyyəti mənim sənət dostlarımdır, xatirlərini də çox istəyirəm. Müğənnini də qınamaq olmur. Onları televiziyalar dəvət edir, müğənni də qalır çıxılmaz vəziyyətdə. Televiziyada verilişləri tərtib edən şəxs düşünməlidir ki, mən sənətçini nəyə görə bu mövzu üçün dəvət edirəm? Məni proqrama dəvət etdikdə, əvvəlcə mövzu ilə maraqlanıram, mövzu mənə yaxındırsa gedirəm, yox əgər məni danışmaq üçün çağırırlarsa, heç o verilişə getmirəm. Gedib özümü niyə biabır edim ki? Məni “Bizi barışdırın” proqramına dəvət etmişdilər. Orada Cəlilabaddan olan bir qızı müdafiə etdim, sən demə, qız ruhi xətə imiş. Sonradan cəlilabadlılarla düşmən oldum. Verilişdən sonra ailəm mənə hər söz dedi ki, sənin nə işinə qalıb?.. Müğənnini belə yerlərə dəvət etməzlər. Ondan sonra and içdim ki, mən ailə-məişət mövzulu proqramlara getməyəcəm. Getmişəm, görmüşəm, heç kimə də məsləhət görmürəm. Ümumiyyətlə, müğənniləri danışdırmazlar. Əgər müğənnini verilişə dəvət edirlərsə, ancaq oxutdurmaq və yeni layihələri haqda danışdırmaq lazımdır. Günah müğənnini dəvət edənlərdədir. Sənətçilər öz problemlərini həll edə bilmirlər, başqasının işini həll edirlər. Ayıbdır, vallah. Bir də son zamanlar “ağsaqqalları” dəvət edirlər. Onlar da nə gəldi danışırlar. Özlərini də gülünc vəziyyətə qoyurlar. Sənətçilər tanıyıram ki, proqrama çıxmamışdan əvvəl güzgünün qarşısına keçib məşq edirlər. Təki, ona baxanlar desin ki, necə də natiq və savadlıdır”.

 

Televiziyalar bunu etmək istəmir

Psixoloq Nərgiz Allahverdiyeva mətbuata bildirib ki, televiziya ekspertlərinin əksəriyyəti qeyri-sağlam düşüncə sahibidir. Onun sözlərinə görə, televiziyalarda ailə haqda danışan adamların həyatı haqda tamaşaçılara arayış verilməlidir: “Ailə məsələləri ilə bağlı proqramları izləyirəm. Bu verilişlərə ekspert qismində çıxan adamların bəzilərini şəxsən tanıyıram. Doğrudan da onların çoxunun həyat tərzi normal deyil. Bu adamlar əri tərəfindən döyülən, qayınanası tərəfindən incidilən qadınlara elə tövsiyə verir ki, adam təəccüblənir. Onları tanımayan adam olsa, deyər ki, nə saf, nə təmiz adamlardır. Qoy gənclərə məsləhət verənlər əvvəlcə öz həyatları haqda heç nəyi gizlətmədən açıqlama versin. Tamaşaçı da görsün ki, onların yeni ailə quranlara məsləhət verməyə mənəvi cəhətdən haqqı çatır, yoxsa çatmır. Bizim Bakı Dövlət Universitetində, Pedaqoji Universitetdə, Milli Elmlər Akademiyasında o qədər gözəl mütəxəssislərimiz var ki, onları yada salan yoxdur. Bu mütəxəssislərin həm həyat tərzi, həm fəaliyyətləri şəffafdır. Onlar gənclərə daha yaxşı məsləhət verə bilər. Amma onların efirdəki yerlərini saxtakarlar tutub. Azərbaycan ailəsi, cəmiyyəti bu gün özünün çox təlatümlü çağını yaşayır. Ənənəvi ailə modelini dağıdıb yerində yeni bir ailə modeli qurmaq istəyirlər. Ailələrimizə kənardan təzyiqlər var. Bu səbəbdən də boşanmalar, ailədaxili münaqişələr səngimək bilmir. Azərbaycan ailəsinin həqiqi mütəxəssislərə böyük ehtiyacı var. Bunu televiziyalar nəzərə almalıdır. Hansı ekspert dəvət edilirsə, əvvəlcə bir neçə dəqiqəlik onun həyatı haqda informasiya verilsin, sonra onu danışdırsınlar. Amma televiziyalar bunu etmək istəmir”.

N.Allahverdiyevanın sözlərinə görə, aktrisa və müğənnilərin ekspert kimi bu verilişlərə cəlb edilməsi gülünc görünür: “Anlaya bilmirəm ki, bizdə bu qədər peşəkar ola-ola, iki gündən bir ərə gedən müğənnini niyə ekspert kimi dəvət edirlər? Ərindən boşanıb, başqa işlə məşğul olan aktrisalar niyə ailə müqəddəsliyindən dərs keçir camaata? Siz ekspert qismində dəvət edilən QHT nümayəndələrinə baxsanız, görərsiniz ki, onların arasında da kifayət qədər ailə institutundan xəbərsiz olanlar var. Özü ailə dağıdıb, ər sözünü götürməyib, amma başqasına deyir ki, dözməlisən. Yaxud əksinə, məsləhət üçün müraciət edənə boşanmanı təklif edir. Bizim filosoflar, sosioloqlar, psixoloqlarımız var ki, illərdir ailə məsələlərini araşdırır, dərdlərə çarə tapmağa çalışır. Onların sözünə ciddi ehtiyac var. Ailələr qorunmalıdır. Çünki dövlətin tərəqqisində sağlam ailələrin rolu danılmazdır”.

Göründüyü kimi, ailənin qorunması, müdafiə olunması, sağlam özüllər üzərində necə qurulması haqda ağızdolusu danışan ekspertlərin ailə vəziyyəti, keçdiyi həyat yolu barədə tamaşaçılara arayış verilməsi kimi təkliflər irəli sürülür. Axı, doğrudan da, gənclər onlara məsləhət verənlərin kim olduğunu, buna haqqının çatıb-çatmadığını bilməlidirlər, ya yox?..

 

Xəyalə Rəis




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir