online alis-veris

Karantin dövrünün çağırışlarından biri: Onlayn ticarəti necə təşviq edək?

Baxış sayı: 988

Koronavirusla bağlı ölkədə karantin elan olunması və insanların ehtiyac olmadıqca evlərindən çıxmaması tələbi onlayn ticarəti də gündəmə gətirib. Gündəlik tələbat malları və əczaçılıq məhsulları istisna olmaqla, digər bütün mal və xidmət növləri üzrə xidmət göstərən obyektlərin fəaliyyəti dayandırılıb. İnsanlar ehtiyac duyduqları məhsulu daha çox onlayn almağa çalışırlar. Digər tərəfdən, marketlərə getməyə belə ehtiyat edənlər var. Bu mənada onlayn ticarətin ölkəmizdə inkişafı üçün əsl məqamdır. Hökumət belə bir məqamdan istifadə edərək müxtəlif iqtisadi rıçaqlarla onlayn alış-verişi təşviq edə bilər ki, onlardan biri də ƏDV-nin ləğvidir.

Doğrudur, hazırki qərara görə, vətəndaş aldığı mala görə əgər, ödənişi nağdsız həyata keçiribsə, əldə etdiyi çekləri təqdim etdiyi zaman ƏDV-in 15 faizini, nağd şəkildə edibsə, 10 faizini geri ala bilər. Ancaq burada çox cuzi məbləğdən söhbət getdiyi üçün təşviq baxımından yetərli deyil. Bu mənada güzəştin daha böyük olması məqsədəuyğun olardı.

Digər tərəfdən, hökumətin bu məsələdə qazancı ticarət əməliyyatlarının böyük bir hissəsinin kölgədən çıxması ola bilər ki, növbəti mərhələdə tədricən nağd alış-verişlə müqayisədə daha aşağı həcmdə bərpa edilə bilər.

Image result for iqtisadçı ekspert Natiq Cəfərli

 

Məsələ ilə bağlı danışan iqtisadçı ekspert Natiq Cəfərli bildirdi ki, onlayn ticarətin inkişafı üçün başlıca şərt vergi yükünün azaldılmasıdır: “ƏDV-nin ləğv olunması çoxdandır ki, müzakirə mövzusu idi. Biz onlayn ticarəti inkişaf etdirmək istəyiriksə, nağdsız ödənişlərdə irəliləyiş əldə etmək istəyiriksə, onlayn ticarətdə ƏDV-ni ləğv etməliyik. Bu həm də kölgə iqtisadiyyatının ağardılması istiqamətində mühüm addım ola bilər. İndiki şəraitdə ölkə iqtisadiyyatında durğunluq yaşanır. Ərzaq, gündəlik tələbat və əczaçılıq məhsulları istisna olmaqla digər bütün sahələrdə ticarət dayanıb”.

Ekspertin sözlərinə görə, indi insanların daha çox onlayn ticarət vasitəsilə alış-veriş etməyə meylli dövrüdür: “Çünki karantin tədbirlərinə görə vətəndaşlar evdən çıxmırlar. Belə bir şəraitdə ƏDV-nin ləğv olunması daha məqsədəuyğun olardı. Bu həm də ticarət dövriyyəsinin kölgədən çıxarılması istiqamətində mühüm addımdır. Lakin bu təkcə daxili ticarətlə bağlı deyil, həm də xaricdən onalyn qaydada alınan məhsullarla bağlı tətbiq olunmalıdır. Ümumiyyətlə, qaydaların hamıya, bütün istiqamətlər eyni şəkildə tətbiq olunması çox mühümdür”.

 

Nərgiz Liftiyeva




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir