ilqar Y

Tibb üzrə fəlsəfə doktoru: “Ən optimal variant evdə qalmaqdır”

Baxış sayı: 1. 471

Son aylar bütün dünya eyni təhlükə ilə – koronavirus pandemiyası ilə mübarizə aparır. ÜST insanlara tövsiyələr verir, ayrı- ayrı ölkələrdə profilaktik tədbirlər həyata keçirilir.

İnsanların sağlamlığının qorunması üçün azərbaycanlı həkimlər də əllərindən gələni edir, məsləhətlərini ictimaiyyətdən əsirgəmirlər. Onsuz da həmişə insanlara qayğı ilə yanaşan səhiyyə işçiləri indi daha ayıq- sayıq olmağa çalışırlar.

Onlardan biri də “Xəzər” klinikasının baş həkimi, Tibb üzrə fəlsəfə doktoru İlqar Yusibovdur. Yayılmış infeksiya ilə əlaqdər  tanınmış təbiblə həmsöhbət olduq:

 

– İnsanların maariflənməsi üçün pandemiya haqqında, o cümlədən infeksiyanın göstəriciləri barədə nə deyə bilərsiz?

– Bəşəriyət tarixində müxtəlif epidemiologiyalı pandemiyalara bir neçə dəfə rast gəlinib və tarix onun ağır nəticələrini görüb. Hazırda dünyanı lərzəyə salan COVİD-19 virusu da 200-ə yaxın ölkəyə yayılıb. Yüksək virulentliyə malik olduğu üçün insanların həyatında böyük təhlükə yaradır. Xəstəlik insanların ağ ciyərlərinin alveollarını zədələyərək fibrozlaşdırır, kəskin tənəffüs çatışmazlığına səbəb olur. Xəstəlik yüksək hərarət, quru öskürək, halsızlıq, bəzi hallarda ürəkbulanma və qarın işləməsi, nəfəs darlığı simptomları ilə müşahidə olunur.

 

– Nazirlər Kabineti yanında Operativ Qərargah yaşı 65-dən çox olanların evdən çıxmalarına qadağa qoyub. Ancaq bəziləri havaya ehtiyacı olduqlarını əsas gətirərək bu qadağaya əməl etmirlər. Sizin məsələyə münasibətiniz necədir?

– 65 yaşdan yuxarı olan insanlarda immun sistemi zəif və bununla yanaşı  xroniki xəstəlikləri olduğundan gedişat daha ağırdır. Ölüm təhlükəsi dünya praktikasında bu qrup insanlarda  yüksəkdir, ona görə  çətin olsa da, evdə qalmaları məsləhət gürülür. Mövcud vəziyyəti nəzərə alaraq hava ehtiyaclarını eyvan və pəncərə qarşısında oturmaqla təmin etsələr yaxşı olar.

 

– Bəziləri evdə qalmağı bacarmadıqlarını deyir, qadağalara əməl etmirlər…

– İnsanlar evdə qalmağı fürsətə çevirib  müxtəlif məşğuliyyətlərdən faydalana bilərlər.  Nəzərə almaq lazımdır ki, sağlamlıq hər şeydən önəmlidir. Çətin günlər müvəqqətidir.

 

– İnsanlarla məsafə saxlamamaq, kütləvi yerlərdə olmaq infeksiyanın yayılmasında hansı rola malikdir?

– Koronavirusun çəkisi ağır olduğundan havada az qalır, əsasən əşyaların səthinə çökür. Ona görə də ən çox təmas yolu ilə yayılır, amma 2 metr məsafədən hava-damcı yolu ilə də yoluxma baş verə bilər.

 

– Tibbi maskaya münasibət birmənalı deyil. Doğrudan da, tibbi maska insanları virusdan qoruya bilirmi?

–  Bəli. Maskadan istifadə olunması vacib şərtdir. Maska yaxın məsafədən hava damcı yolu ilə  həm özünü, həm də başqasının yoluxmasının qarşısını alır. Şəxsin özünün əlinin mexaniki olaraq ağız və burnuna toxunmasına imkan vermir.

 

– Çində artıq yeni infeksiya- hantavirus yayılıb…

– Hantavirus Çində tək bir insanda müşahidə olunmuşdur və insandan insana yoluxma hallarına rast gəlinməsi haqqında geniş məlumat yoxdur.

 

– Mövcud pandemiyaya yoluxmamaq üçün insanlara tövsiyələriniz nələrdir?

– Pandemiyanın yayılmasının qarşısını almaq üçün insanlar ilk növbədə izolyasiya olunmalıdırlar. Bunun üçün ən optimal variant evdə qalmaqdır. Şəxsi gigiyena qaydalarına əməl etmək vacibdir.  Əllərin 20 saniyə ərzində yaxşı ovuşdurmaqla sabunla yuyulması, dezinfeksiyaedici məhlullardan sıx istifadə etmək, qoruyucu tibbi maska taxmaq zəruridir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir